Bakı Apellyasiya Məhkəməsində yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən M.Həşimovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Ziya Şirinovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.
Sabunçu Rayon Məhkəməsinin hökmü ilə o, dörd il müddətinə azadlıqdan məhrum edilib. Hökmdə qeyd olunub ki, təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməyəcək.
İttihama görə, hadisə 9 iyul 2022-ci il tarixdə, saat 7 radələrində qeydə alınıb.
Belə ki, M.Həşimov etibarnamə əsasında idarə etdiyi “Volkswagen Passat” markalı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat şosesi, H.Əliyev prospekti istiqamətində olan körpünün üstündən üzü Heydər Əliyev Beynəlxalq aeroportu istiqamətində körpünün üstündə sağdan birinci zolaqla saatda 50-60 km sürətlə hərəkətdə olan zaman qaydaları pozub və maşının qabaq hissəsi ilə yolu süpürən piyada İ.Hümbətovanı vurub. Nəticədə süpürgəçi ölüb.
Hadisədən sonra M.Həşimov saxlanılıb və barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilib.