Bakıda sərxoş ata qızını təpiklədi

Bakının Qaradağ rayonunda 1980-ci il təvəllüdlü Əlvan ailə münaqişəsi zəminində qızı Vüsaləyə (adlar şərti göstərilib - red.) xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin aprelin 10-da baş verib. Əlvan həmin gün gecə saat 01:00-da yaşadıqları evdə aralarında yaranmış şəxsi münasibətlər zəminində mübahisə zamanı təpiklə qızı Vüsalənin sağ baldır nahiyəsinə qəsdən vuraraq ona xəsarətlər yetirib.

Hadisəni törədən Əlvanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Əlvan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, aprelin 10-da təxminən gecə saat 01:00-da sərxoş vəziyyətdə yaşadığı evə gələn zaman qızı Vüsalənin evdə tək olduğunu görüb: "Vüsalədən anasının harada olduğunu soruşdum. Həmin vaxt Vüsalə mənə kobud cavab verdiyi üçün əsəbiləşərək təpiklə bir dəfə onun sağ ayağına vurdum. Vüsalə də bu barədə Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng vuraraq məlumat verdi. Mən daha sonra isə evdən getdim".

Təqsirləndirilən şəxs daha sonra bildirib ki, mübahisə zamanı evdə Vüsalə ilə ondan başqa kimsə olmayıb, hadisənin şahidi olmayıb. O, həmçinin Vüsalənin ona kobud cavab verdiyi üçün vurduğunu bildirib. O öz ifadəsində törətdiyi əməldən peşman olduğunu, rəsmi heç bir yerdə işləməməklə maddi durumunun aşağı olduğunu, himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını nəzərə alınmasını xahiş edib.

İş üzrə zərərçəkmiş Vüsalənin sözlərinə görə, aprelin 10-da gecə saat 01:00-da yaşadığı evdə olan zaman atası Əlvan sərxoş vəziyyətdə evə gəlib: "Atam məndən anamın harada olduğunu soruşdu. Atama anamın nənəmgilə getdiyini bildirsəm də, o, sərxoş olduğu üçün bir neçə dəfə təkrar olaraq anamın hara getdiyini soruşdu. Mən də əsəbiləşərək atama kobud cavab verdim. Kobud cavab verməyimə görə atam bir dəfə təpiklə sağ ayağımdan vurdu. Mən də baş vermiş mübahisə barədə Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng vuraraq məlumat verdim".

Bu cinayət işinə Qaradağ Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Əlvan 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

Təqsirləndirilən şəxsin üzərinə yaşadığı Bakı şəhəri, Qaradağ rayonundakı ünvanı hər gün gecə saat 00:00-dan növbəti gün səhər saat 06:00-dək, habelə gün ərzində Bakı şəhərinin, Sumqayıt şəhərinin və Abşeron rayonunun inzibati ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub.

Cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə tapşırılıb.

09.07.2024 02:32
702