"İqlim dəyişmələrinin təzahürlərindən biri təhlükəli hidrometeoroloji hadisələrin istər sayının, istərsə də intensivliyinin artmasıdır. Azərbaycanda da son onilliklərdə bunu müşahidə etməkdəyik. Məsələn, 2000-ci illərə qədər il ərzində iki-üç daşqın, sel hadisəsi olurdusa, 2020-ci ildən hər il rekord sayda belə hadisələr qeydə alınır. 2022-ci ildə 51, 2023-cü ildə isə bu rəqəm 147-yə çatıb".
Musavat.com xəbər verir ki, bunu Coğrafiya İnstitutunun böyük elmi işçisi Cəmilə Əhmədova APA-ya açıqlamasında deyib.
O bildirib ki, digər təhlükəli iqlim hadisələrinin təkrarlanmasında da artım müşahidə olunur. Eyni zamanda, leysan yağışlı və ildırımlı günlərin də sayı artıb: "Hətta Abşeronda belə ildırım hadisələrinin sayı artıb".
Cəmilə Əhmədova havadakı rütubətin artmasına da münasibət bildirib: "Xüsusilə, yay aylarında Abşeronda havanın temperaturu ilə yanaşı, dəniz suyunun da temperaturu yüksəlir ki, nəticədə buxarlanma artır. Beləliklə, yay aylarında nisbi rütubətin havadakı miqdarı yüksəlir. Bütün bunların fonunda durğun-boğanaq hava daha tez-tez müşahidə edilir. Buna görə əhalinin hiss etdiyi temperatur həqiqi temperaturdan daha çox olur. Məsələn, bizə elə gəlir ki, havanın temperaturu 39-40 dərəcədir, halbuki istilik 35-36 dərəcə olur".
İqlimşünas alim əlavə edib ki, ölkəmizdə isti hava dalğalarının sayı və davamiyyəti də xeyli artıb. Onun sözlərinə görə, bu artım Abşeron yarımadasında və dağlıq ərazilərdə daha çoxdur: "Ümumiyyətlə, dağlıq ərazilər iqlim dəyişmələrinə daha həssas zonalar hesab olunur. Lakin isti hava dalğalarının baza dövrü - 1961-1991-ci illərlə müqayisədə ən böyük artımı Bakı şəhərində qeyd olunur. Bunu da iqlimin istiləşməsi fonunda şəhərdə olan sürətli tikinti, hündür binaların bir-birinə yaxın tikilməsi, asfalt-beton örtüyü, yaşıllıqların nisbətən az olması və digər amillərin istilik adası effektini daha da gücləndirməsi ilə izah etmək olar. Baza dövrü ilə müqayisədə son 30 ildə isti hava dalğaları hadisələri Bakıda 14 dəfə, Gəncədə 2, Lənkəranda 5, Şəkidə 6 dəfə çoxalıb".
Cəmilə Əhmədova əlavə edib ki, Azərbaycan COP29-a ev sahibliyi etməyə hazırlaşır: "Azərbaycanda keçiriləcək bu tədbir bütün dünyada insanların, hökumətlərin iqlim dəyişmələri, onun təsirləri və bu təsirlərə uyğunlaşmanın həlli yolları haqqında məlumatlı olmalarını daha da artıracaq. İqlim dəyişmələrinin fəsadlarının qarşısını almaq yolunda hər kəs öz məsuliyyətini bir daha hiss edəcək".