Bakıda qızını öldürməyə cəhd etməkdə təqsirləndirilən Rəfail Cavadovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Musavat.com APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Orxan Kəngərli ittiham nitqi ilə çıxış edərək məhkəmədən təqsirləndirilən şəxsin 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Vəkil müdafiə çıxışı etdikdən sonra təqsirləndirilən şəxs son söz deyib.
Daha sonra məhkəmə hökmü elan edib. Hökmə əsasən, təqsirləndirilən şəxs 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə bu ilin fevralında paytaxtın Qaradağ rayonu ərazisində qeydə alınıb. Belə ki, 1958-ci il təvəllüdlü Rəfail Cavadov qısqanclıq zəminində qızı Rəna Cavadovanı 5 bıçaq zərbəsi ilə xəsarət yetirib.
Rəfail Cavadov hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 29, 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.