Paytaxtda qəza törədib qaçan daha bir sürücü aşkar edilərək saxlanılıb.
BAKU.WS xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Hərəkətin Təhlükəsizliyinin Təbliği və İctimai Qurumlarla Əlaqə şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rövşən Tağıyev məlumat yayıb.
O qeyd edib ki, Bakı şəhəri, A.Məhərrəmov küçəsində “Saipa” markalı, 99-PJ-279 dövlət nömrə nişanlı avtomobili vuraraq hadisə yerindən yayınan sürücünün aşkar olunaraq məsuliyyətə cəlb edilməsi üçün Əli Rzayevin sosial şəbəkədən daxil olmuş müraciəti əsasında BDYPİ-də araşdırma aparılıb.
Araşdırma zamanı qeyd olunan nəqliyyat vasitəsinin KIA markalı, 77-DC-317 nömrə nişanlı avtomobil, hadisəni törədənin isə 1989-cu il təvəllüdlü Əyyub Abışov olduğu aşkar edilib. Əyyub Abışovun barəsində qanunamüvafiq tədbirlər görülüb.
“Bir daha bütün sürücülərdən bu kimi hallara yol verməmələrini tələb edir, yol-nəqliyyat hadisəsi zamanı qanunauyğun davranmalarını xahiş edirik”, - deyə R. Tağıyev əlavə edib.