2019-cu il iyunun 7-də Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin əməkdaşları Qaraçuxur qəsəbəsində “Mersedes 190” markalı avtomobilin arxa oturacağnda üzərində çoxsaylı xəsarətlərlə 33 yaşlı Ədalət Əliyevin meyitini aşkar ediblər.
Prokurorluq əməkdaşları məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçiriblər.
Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
İyunun 9-da Azər Mustafayev, Emin Cəfərzadə, Anar Ağabalayev, ayın 10-da Tərlan Məmmədov, ayın 11-də Rinad İsmayılov və 20-də şübhəli şəxs qismində Əyyub Cabbarov tutulublar.
Musavat.com xəbər verir ki, Lent.az qətl hadisəsinin istintaq materiallarını əldə edib.
İstintaqla müəyyən edilib ki, Anar Ağabalayev tanışları Emin Cəfərzadə və Azər Mustafayevlə birlikdə iyunun 6-ı saat 17 radələrində Yeni Günəşli qəsəbəsi, “AB” yaşayış massivi, 6 nömrəli binanın arxasında yerləşən kafedə narkotik vasitə istifadə etmək qərarına gəliblər. Ədalət Əliyevdə narkotik maddə olduğunu düşündüklərindən Azər Mustafayev ona, Emin Cəfərzadə isə ümumi tanışları olan Rinad İsmayılova zəng vurub. Kafeyə tanışı Musa Soltanovla gələn Ədalət Əliyev üzərində “metamfetamin” olmadığını və ümumiyyətlə narkotik vasitələrin satışı ilə məşğul olmadığını deyib. Buna baxmayaraq, Ədalət Əliyevdə 1 kiloqram “metamfetamin” olduğunu bildirməklə, bunu onlara verməsini tələb ediblər. Həmin ərəfədə kafeyə onların dəvəti ilə tanışları Əyyub Cabbarov və Tərlan Məmmədov da gəliblər. Üzünə yumruqla zərbələr vuraraq, Ədalət Əliyevin üzərində olan 11 manat pulu və arvadı Vüsalə Paşayevaya məxsus bank kartını ələ keçiriblər. Aralarındakı razılığa əsasən onları oğurlayıb, Anar Ağabalayevin yaşadığı Xəzər rayonu, Buzovna qəsəbəsi, A.Sultanova küçəsi, 68 ünvanına aparıb, orada saxlamağı qərarlaşdırıblar. Ədalət Əliyevi özünə məxsus “Mersedes 190” markalı (10-LK-473) avtomobilin arxa oturacağına əyləşdiriblər. Azər Mustafayev qabaq oturacaqda oturaraq, Musa Soltanova sükan arxasına keçməsini bildirib. Emin Cəfərzadə və Əyyub Cabbarov Tərlan Məmmədovun idarə etdiyi digər “Mersedes” markalı (90 MN 961) avtomobillə onların arxasınca hərəkətə edib. Buzovna qəsəbəsində yerləşən evə çatandan sonra girovlardan külli miqdarda narkotik vasitəni gizlətdiyi yeri demələrini tələb ediblər. Ədalət Əliyev onda narkotik maddə, Musa Soltanov isə bu barədə ümumiyyətlə məlumatının olmamasını bildirmələrinə baxmayaraq Anar Ağabalayev, Azər Mustafayev və Emin Cəfərzadə axşam saat 21 radələrindən başlayaraq iyunun 7-i səhər saat 4-ə qədər, ağrı və iztirab verdiklərini dərk edərək, Ədalət Əliyevin bədəninin müxtəlif nahiyələrinə yumruq, təpik və kəmərlə zərbələr endiriblər. Azər Mustafayev Tərlan Məmmədovun tapıb gətirdiyi məftili elektrik xəttinə qoşub, topuq nahiyyəsinə toxundurmaqla, Emin Cəfərzadə isə bıçağı alışqanla qızdırıb, ayağının alt hissəsinə basmaqla, müstəsna dərəcədə rəhmsizliklə Ədalət Əliyevi qəsdən öldürüblər. Eyni zamanda, Musa Soltanova yumruq və təpiklə müxtəlif dərəcəli bədən xəsarətləri yetirməklə, onu qanunsuz azadlığdan məhrum ediblər.
İş üzrə dindirilmiş Azər Mustafayev bildirib ki, 2001-ci ildən narkotik vasitələr qəbul edir. Əvvəllər Sumqayıt şəhərində yaşayıb, sonradan isə Bakıya, Yeni Günəşli qəsəbəsinə köçüb:
“İyunun 6-da günorta tanışım Emin Cəfərzadə ilə qəsəbədə fəaliyyət göstərən “Araz” kafesinə gedib, pivə sifariş verdik. Bundan əvvəl hər ikimiz narkotik maddə qəbul etmişdik. Orda olanda tanışıma zəng edib, “metamfetamin” tapmağda köməklik etməsini xahiş etdikdə, o, Ədalət Əliyevin nömrəsini verdi. Dedi ki, tanışlıq verim və ondan narkotik maddə alım. Ədalətə zəng edib, Yeni Günəşliyə gəlməsini, “metamfetamin” gətirməsini və 25 manat pulumuzun olduğunu dedim. Emin mənim mobil telefonumdan tanışı Rinad İsmayılova zəng edib, kafeyə çağırdı. Bir müddətdən sonra Ədalət və Musa adlı şəxslər kabinetə daxil oldular. Narkotik vasitəni istəyəndə, Ədalət “pulunuzu verin, gedim maşından gətirim” dedi. Bu söz bizə pis təsir etdi, çünki hiss etdik ki, narkotik Ədalətin üstündədir və o, yalan danışır. Aramızda narazılıq yarandı. Narkotik vasitələr satmaqla, camaatı zəhərlədiyini bildirəndə, Ədalət yaxşı edib satdığını dedi. Bu ərəfədə Emin Anar adlı tanışına zəng edib, onu da kafeyə dəvət etdi. Anar gələndən sonra, aramızda olan söhbət qızışıb mübahisəyə çevrildi. Anar, ardınca mənimlə Emin də Ədalətin üzünə sillə, habelə yumruqla zərbələr vurduq. Həmin şəxsin burnundan qan axırdı, gözünün altı göyərmişdi. Kafedə çox səs-küy yaranmaması üçün, həm də Rinadın ad günü olduğundan dənizə getməyi qərarlaşdırdıq. Bizim tələbimizlə Ədalət, cibindən bank kartını çıxardıb, masanın üzərinə qoydu. Daha sonra kafedən çıxdıq. Ədalətin üzü şişdiyi üçün, öz eynəyimi ona verdim”.
Ədalətin avtomobilini Musa idarə edib, o, arxada, Rinad isə qabaqda əyləşib. Tərlan, Emin, Əyyub və Ədalət Anarın maşınına oturublar. Buzovna istiqamətində hərəkət ediblər. Yolda olarkən Musadan avtomobili saxlamağını tələb ediblər. Rinadla birlikdə narkotik tapmaq üçün maşını axtarsalar da, heç nə tapmayıblar:
“Mərdəkanı keçəndən sonra, yolun sağında yerləşən məhəlləyə daxil olduq və binanın qarşısında təxminən 2 saata yaxın dayandıq. Hava artıq qaralmışdı.
Sonra yenə yola çıxdıq. Bir az getdikdən sonra Rinad maşını saxlatdırdı. Bu vaxt Emin və Tərlan bizim avtomobilə yaxınlaşdılar. Emin Musanı sükandan düşürdüb, arxada otuzdurdu. Nəqliyyat vasitəsini Tərlan idarə etməyə başladı. Yolda Emin Musanın başını aşağı salıb, gözlərini yummağını tələb etdi. 5-6 dəqiqədən sonra Tərlan avtomobili saxladı və Anara məxsus həyət evinə daxil olduq. Masa arxasında əyləşib, yeyib-içdik. Musa ilə Tərlandan başqa, hamı araq içdi. Ədalətdən nəyə görə yalan danışdığını, narkotik maddənin yerini niyə gizlətdiyini soruşduq. Emin belindəki kəməri çıxarıb, onu vurmağa başladı. Ədalətin hər iki gözünün altı şişib rəngi qaralmışdı. Ədalət Anarla Eminə dedi ki, guya həyətində 1 kq “metamfetamin” var və canını qurtarmaq üçün, onu onlara verəcək. Ədalətin dostu Musa qorxduğundan sakit dayanıb müdaxilə etmədi. Daha sonra Ədalət huşunu itirdi. Ağzından və burnundan qan gəldi. Rinadla birlikdə, Ədaləti sürüyüb, hamama apardıq. Əl-üzünü yusaq da, o, ayılmadı, halı daha da pisləşdi. Sonra onun bədəninə tok vermək qərarına gəldik. Tərlanın gətirdiyi naqili elektrik xəttinə qoşub, 3-4 dəfə ayaqlarına toxundurub, çəkdik. Lakin Ədalət özünə gəlmədi. Bundan sonra növbə ilə yatıb, dincəldik. Səhər oyananda, Ədalətin nəbzinin çox zəif vurduğunu gördük. Süni nəfəs verib, sinəsini masaj etdik. Qorxduğumuzdan onu həkimə aparmaq qərarına gəldik. Ədaləti Anarın gətirdiyi odeyala büküb, maşının arxa oturacağına uzatdıq. Musa sükan arxasına keçdi, Azər yanımda əyləşdi. Anar bizə “Ədaləti aparıb, Təcili Yardıma təhvil verməyimizi” tapşırdı. 3 saylı xəstəxananın yanından keçəndə, Musaya acıqlandım ki, nəyə görə maşını xəstəxanaya sürmür. Musa qorxduğunu söyləyəndə, ona Qaraçuxur qəsəbəsindəki poliklinikaya sürməsini tapşırdım”.
Poliklinikanın yaxınlığında, ara küçədə avtomobili saxlamasını və Musaya həkim çağırmasını deyib, ordan uzaqlaşıb:
“Emin zəng edəndə, ona yalandan Ədaləti həkimə apardığımızı dedim. Tanışım, Anar, Əyyub və Rinadla Yeni Suraxanıda, kafedə Rinadın ad gününü qeyd etdiklərini deyərək, məni də ora çağırdı. Kafeyə gedib, tanışlarıma Ədaləti xəstəxanaya aparmadığımızı və küçədə, avtomobildə qoyduğumuzu dedim. Rinad Eminlə Anara, onu və digər uşaqları işə saldığımızı, bizim ucbatımızdan həbsxanaya düşəcəklərini bildirdi. Bundan sonra kafedən çıxdıq. Səhərisi gün bildim ki, Ədalətin meyiti Qaraçuxur qəsəbəsində avtomobildə aşkar edilib. Ayın 9-da mən, sonra da Eminlə Anar 32-ci bölməyə gedərək, təslim olduq”.
Zərərçəkmiş Musa Soltanov ifadəsində göstərib ki, Ədalət Əliyevi hadisədən 8 ay əvvəl taksi sürücüsü kimi tanıyıb və aralarında dostluq münasibəti yaranıb:
“İyunun 6-ı saat 16 radələrində yanıma gələn Ədalət, avtomobilinin cərimə meydançasında olduğunu bildirməklə, birlikdə gedib onu götürməyi xahiş etdi. Yolda dostumun telefonuna zəng gəldi. Kiminləsə danışandan sonra Ədalət dedi ki, Azər adlı Sumqayıt sakininə 15 manat borcu var, həmin şəxs dostları ilə birlikdə Yeni Günəşlidə yerləşən kafedə oturub və onu, ora çağırıb. Kafeyə girəndə, 5-6 nəfərin əyləşdikləri masada oturduq.
Azər üzərində narkotik maddə olub-olmamasını soruşanda, Ədalət olmadığını dedi. Belə olan halda Azər Ədalətə “necə ola bilər ki, narkotik alverçisisən, ancaq səndə mal yoxdur?” dedi. Cavab olaraq dostum narkotik satmadığını söylədi. Emin “bariqalıq” (alver) etdiyi müddətdə həbsxanalarda cəza çəkən dustaqlara yardım edib-etmədiyini soruşanda, Ədalət həbsxanalara heç nə göndərmədiyini dedi. Sonra Emin telefonla kiminləsə danışdı. 15-20 dəqiqədən sonra adlarını sonradan bildiyimiz Anar, Tərlan və “Malış” ləqəbli Əyyub içəri daxil oldular. Başlanan mübahisə zamanı, Anar Ədalətə sillə vurub dedi ki, söyüş söyməsin. Eminlə Anar Ədalətdən oturduqları masa üçün konkret nə qulluq edə biləcəyini soruşduqda, dostum içərisində 82 manat pul olan bankomat kartını onlara verdi. Mən, Azər və Emin Ədalətin maşını ilə kafedən 500 metr aralıda yerləşən ticarət mərkəzinə yollandıq. Bankomatda kartı yoxladıqda, onun işlək vəziyyətdə olmadığını bildik.
Kafeyə qayıdanda, Ədalətin burnundan qan axdığını və gözünün altının göyərdiyini gördüm. Kartın işləmədiyni öyrənən Azər Ədalətə sillə vurdu. Dostumun və mənim telefonumu əlimizdən aldılar. Sonra Emin mənə “Ədalətin maşınını işə salıb, üzü yola saxla, biz də gəlirik” dedi. Nə baş verdiyini və hansı istiqamətdə gedəcəyimizi anlamadım. Azər yanımda, arxa oturacaqda Ədalət, sağımda Anar, solumda isə Rinat əyləşdilər. O biri şəxslər arxamızca digər avtomobillə gəldilər. Suraxanıda dəmiryolunu keçərək, Ramana, sonra isə Mərdəkan istiqamətində hərəkət etdilər. Buzovna qəsəbəsində bir həyət evinə daxil olduq. İçəri girən kimi Anar məndən oturmağımı tələb etdi. Ədalətin halsız vəziyyətdə olduğunu gördüm. Emin alışqanla bıçağı qızdırıb Ədalətin ayağının alt hissəsini yandırdı. Sonra Ədalətin əynindəki yaş paltarları çıxarıb bir torbaya yığdılar. Anar Ədalətdən narkotik maddənin harda olduğunu soruşdu, sonra isə boğazından əlləri ilə tutub, onu boğmağa başladı. Yumruqla 2–3 dəfə qabırğalarından zərbələr vurdu. Soyunmağını tələb etdikdə, o, köynəyini, şalvarını və corablarını çıxarıb ona verdi. Anar paltarlarını yoxlayıb, narkotik vasitə olmadığını gördü və əşyalarını özünə qaytardı. Səhərə yaxın Ədalətin vəziyyətinin daha da pisləşdiyini gördük. Ona süni nəfəs versək də, müsbət nəticə olmadı. Sonra Ədaləti maşının arxa oturacağına uzatdıq. Anar göstəriş verdi ki, onu Sabunçu xəstəxanasına aparaq. Azər yanımda əyləşdi. Maşını yüksək sürətlə idarə edirdim. Aeroport yolu ilə şəhərə doğru hərəkət edərkən, Azərdən nə edəcəyimizi soruşdum. Beləliklə də, gəlib Qaraçuxur qəsəbəsinə çatdıq və Ədaləti arxa oturacaqda qoyub avtomobildən düşdük. Yoldan keçən taksiyə əyləşdik. Azər Yeni Günəşlidə, kafenin yanında maşından düşdü, mən də “Gənclik” metrosunun yanına getdim. Anamın iş yerinə gedib, hadisə haqa ona məlumat verdim və həmin gün onunla birlikdə Ağsu rayonuna getdim. Rayonda baş verənləri atama danışdım. İyunun 12-də xəbər portallarının birindən Qaraçuxur qəsəbəsində “Mersedes” markalı avtomobilin sürücüsünü öldürən şəxslərin tutulmasını öyrəndim. Buna görə növbəti gün Ağsu rayon Polis Şöbəsinə gedərək, Bakıda baş vermiş hadisə barədə məlumat verdim”.
Zərərçəkmiş şəxsin hüquqi varisi Ələkbər Əliyev ifadəsində göstərib ki, kiçik oğlu Ədalət Əliyev ailəsi ilə Hövsan qəsəbəsində yaşayıb, 3 övladı var. Bir günlük 15 manata icrayə avtomobil götürüb, taksi fəaliyyəti ilə məşğul olub:
“Axırıncı dəfə onu iyunun 4-də görmüşəm. Ayın 7-də Samid adlı oğlum yaşadığı evə gələrək, ona “Ədalət maşınla hadisə törədib, gedək xəstəxanaya” dedi. Oğlumla xəstəxanaya gedəndə, zəng edən polis əməkdaşı, bizi 32-ci bölməyə çağırdı. Orda bildim ki, Ədalətin meyiti öz maşınında Qaraçuxur qəsəbəsində tapılıb. Oğlumun hansı səbəbə görə öldürüldüyünü bilmirəm. Onu qətlə yetirənlər tutulandan sonra polis əməkdaşları gəlib, yaşadığı evdə axtarış apardılar. Həyətdə müəyyən yerləri qazdılar, lakin narkotik vasitə tapmadılar. Tutulan şəxslərin sözlərinə görə, narkotik maddə istədikdə, guya Ədalət deyib ki, narkotik vasitələri evinin həyətində saxlayır. Güman edirəm ki, oğlum həmin şəxslərdən canını qurtarmaq üçün, yalandan belə bir söz deyib”.
Şahid Seymur İskəndərov bildirib ki, Ədalət Əliyevin idarə etdiyi “Mersedes” markalı (10- LK-473) avtomobilin sahibidir:
“Onu tanışıma icarəyə vermişdim. İyunun 6-da mənə zəng edən Azər adlı şəxs, Ədaləti tanıyıb-tanımadığımı soruşdu. Ədaləti tanıdığımı söyləyəndə, həmin oğlan ondan şikayət edəcəyini, tanışının narkotik maddə satdığını və bu səbəbdən nəqliyyat vasitəsini əlindən aldıqlarını dedi. Ədalətin sürdüyü maşının mənə məxsus olduğunu bildirəndə, Azər “narahat olmamasını və avtomobili qaytaracağını” söylədi. Ədalətə zəng edib, kimlərin maşını əlindən aldığını soruşanda, o “heç kəs, bir dəqiqə dayan” dedi və əlaqəni kəsdi. 2 saatdan sonra yenidən tanışıma zəng edəndə, artıq telefonu sönülü vəziyyətdə idi”.
Şahid Nigar Həşimova ifadəsində göstərib ki, Musa Soltanovla 2015-ci ildə tanış olub:
“Yaxın müasibətdə olduğum şəxs əvvəllər mühafizəçi işləyirdi, son vaxtlar isə heç yerdə işləməyib. İyunun 6-da bir neçə dəfə zəng etsəm də, ona məxsus nömrəyə zəng çatmadı. Səhəri gün saat 13 radələrində Musa zəng edib, “28 may” metrosunun yanında məni gözləməsini xahiş etdim. Bir müddətdən sonra gələn tanışım məndən 120 manat pul istədi. Şok vəziyyətində idi. Ondan heç nə soruşmamağımı söyləyərək, pulu aldı və taksiyə əyləşib getdi. Bir neçə gündən sonra məni 32-ci polis bölməsinə çağırdılar. İzahatımda heç nədən məlumatım olmadığımı göstərdim”.
Məhkəmə iclasında Anar Ağabalayev, Azər Mustafayev, Emin Cəfərzadə, Rinad İsmayılov, Əyyub Cabbarov, Tərlan Məmmədov ittiham üzrə özlərini təqsirli bilməyiblər. Zərərçəkmiş şəxsin hüquqi varisi Ələkbər Əliyev təqsirləndirilən şəxslərə ən ağır cəza verilməsini xahiş edib.
Zərərçəkmiş Musa Soltanov bildirib ki, təqsirləndirilən şəxslərə qarşı şikayəti yoxdur.
Məhkəmə, Ağabalayev və qeyrilərinin məhkəmə prosesində verdikləri ifadələrini inandırıcı saymayaraq, bunu müdafiə xarakterli ifadələr kimi qiymətləndirib.
Məhkəmə nəticəyə gəlib ki, Anar Ağabalayev, Azər Mustafayev və Emin Cəfərzadənin Cinayət Məcəlləsinin 120.2.1-ci (qrup halında qəsdən adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.5-ci (tamah məqsədi ilə qəsdən adam öldürmə), 120.2.9-cu (köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3-cü ( adam oğurluğu, ağır nəticələrə səbəb olduqda), 181.3.3-cü (quldurluq, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə), 235.4.2 və 235.4.3-cü (zor tətbiq etməklə külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri hədə‐qorxu ilə tələb etmə) maddələri ilə, Rinad İsmayılov, Əyyub Cabbarov və Tərlan Məmmədovun CM-nin 144.3, 235.4.2 və 235.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olmaları tam sübüta yetirilib.
2021-ci il fevral ayında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə Emin Cəfərzadə 19 il, Anar Ağabalayev və Azər Mustafayev 18 il, Rinad İsmayılov, Əyyub Cabbarov və Tərlan Məmmədov 12 il müddətinə azadlıqdan məhrum olunublar.
2023-cü ilin sentyabr ayında Ali Məhkəmənin qərarı ilə onların kassasiya şikayətləri təmin edilməyib.