Fövqəladə Hallar Nazirliyi Bakıda oteldə baş verən yanğın barədə məlumat yayıb.
FHN-dən Musavat.com-a verilən məlumata görə, nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonu, Ağa Nemətulla küçəsində yerləşən Mont Inn Hoteldə yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri dərhal hadisə yerinə cəlb olunub.
Əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı yanğının ümumi sahəsi 5250 kv.m. olan altımərtəbəli otelin 3-cü mərtəbəsində yerləşən otaqlardan birində baş verdiyi müəyyən olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənərək otel binasına yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində binanın üçüncü mərtəbəsində bir otağın yanar konstruksiyaları 42 kv.m. sahədə yanıb. Hadisə zamanı FHN qüvvələri tərəfindən oteldə olan 25 nəfər təhlükəsizlik tədbirləri çərçivəsində təxliyə edilib.
***
Bakıda tanınmış oteldə yanğın baş verib.
Hadisə paytaxtın Nərimanov rayonundakı MONT INN otelində qeydə alınıb.
Alovlanma otelinin restoranının yerləşdiyi üçüncü mərtəbədə başlayıb. Yanğın zamanı binada köməksiz vəziyyətdə qalan 2 otel işçisi xilas edilib. Yanğın lokallaşdırılıb. Hadisə ilə əlaqədar Ağa Nematulla küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.//apa