Bakıda ölüm saçan yol - "Hər gün Allaha dua edib keçirik" (VİDEO)

"Bu yolda əksər vaxtlarda axşam saatlarında qəzalar baş verir. Səbəbi yolun zülmətə qərq olmasındadır".

Bu barədə Musavat.com-a Xırdalan sakini Firdovsi Əliyev bildirib.

O deyib ki, Bakı Mühəndislik Universitinin qarşısından, "Vaz dairəsi" kimi tanınan ərazidən Xırdalana gedən istiqamətdə işıq dirəkləri olsa da, həmin yol boyu bir işıq belə yanmır:

"Axşam saat 6 -dan sonra bu yolla getmək az qala həyatın sınağına çevrilib. Hər gün Allaha dua edib evdən işə, işdən də evə gəlirik. Elə qaranlıq olur ki,  öndən gələn maşınları çox vaxt görmək olmur".

Şikayətçi əlavə edib ki, Xırdalan-Novxanı yolu uzun müddətdir ki, işıqsız qalıb: "Maraqlıdır ki, yolun o biri hissəsində işıqlar yanır. Amma Xırdalana dönən hissəsində qaranlıqdır. Bu yoldan həmişə iri yük maşınları, TIRlar keçir, o baxımdan hər an təhlükəli ola bilər".

Qeyd edək ki, məsələ ilə bağlı adiyyəti qurumlara sorğu ilə müraciət etdik, cavablandırıldığı halda yayımlayacağıq.



Məlumat üçün onu da bildirək ki, bir neçə gün öncə Abşeron rayonu ərazisində, Saray-Novxanı yolunda iki avtomobil toqquşub.

Rayon Polis İdarəsindən mətbuata verilən məlumata görə, hadisə axşam vaxtı "Vaz dairəsi" kimi tanınan ərazidə qeydə alınıb.

"Toyota" markalı nəqliyyat vasitəsi yüksək sürətlə hərəkətdə olan zaman qəfil onun qarşısına "Opel" markalı nəqliyyat vasitəsi çıxıb. Toqquşma zamanı "Opel"də olan 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.

Afaq Mirayiq
Musavat.com

29.01.2024 20:32
1155