Bakıda olay: 38 yaşlı kişi məktəbli qızı qaçırdı, kirayə qaldığı evdə... – Şok təfərrüat

Bakının Xəzər rayonunda 1986-cı il təvəllüdlü Məmməd yetkinlik yaşına çatmayan Laləyə (adlar şərti verilib – red.) təcavüz edib.

Məmməd 8 dekabr 2022-ci ildə “Tik Tok” sosial şəbəkəsində tanış olduğu Xəzər rayonu, Binə qəsəbəsində yaşayan Lalə ilə gəzintiyə çıxacaqlarını, evlənmək üçün qeydiyyat şöbəsinə gedəcəklərini vəd edib.

Məmməd Laləni aldadaraq, Binə südçülük sovxozu adlanan ərazidə yerləşən “Laçın” adlı orta məktəbin yaxınlığında onunla görüşüb. Lalə görüş zamanı Məmmədi ilk dəfə görərək yaşca çox böyük olmasını bildikdə ağlayıb və onunla getməkdən imtina edib.

O, qızın evə qayıtmasına imkan verməyib. Zorla onu şəxsiyyəti istintaqa məlum olmayan taksi sürücüsünün idarə etdiyi avtomobilə əyləşdirib. Qızı kirayədə yaşadığı evə gətirib.

Məmməd avtomobildə olarkən Lalənin şəxsiyyət vəsiqəsinə baxaraq, onun yetkinlik yaşına çatmadığını bilib. Həmdə onun kəmağıllı olmasını bilməsinə baxmayaraq ona qarşı seksual xarakterli hərəkətlər etməkdən çəkinməyib.

Bir müddət Laləni yaşadığı evdə saxlayıb, onu olduğu yer barədə valideynlərinə və ya kiməsə xəbər verəcəyi təqdirdə fiziki zor tətbiq edəcəyi ilə hədələyib. O, Lalə ilə onun iradəsi əleyhinə dəfələrlə cinsi əlaqəyə girərək təkrarən zorlayıb.

Daha sonra Lalənin mobil telefonla verdiyi məlumatdan sonra polis əməkdaşları tərəfindən onun saxlanıldığı yer müəyyən edilib və o, azad edilib.

İstintaq orqanı tərəfindən Məmmədin barəsində Cinayət Məcəlləsinin 144.3 (yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə və ya ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olmaqla adam oğurluğu törətmək), 149.2.3 (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxsə qarşı zorlama) və 149.2.5 (təkrar zorlama) maddələri ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Məmməd ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, zərərçəkmiş Lalə ilə “Tik-tok” sosial şəbəkəsində yazışmaqla tanış olub: “Daha sonra bir-birimizə mobil nömrələrimizi verdik, vatsap vasitəsi ilə əlaqə saxladıq. Lalə tanış olduğumuz ilk vaxtlarda 24 yaşı olduğunu və mənimlə ailə qurmaq istədiyini bildirdi. Əlaqə saxlayaraq onu qaçırmağımı təklif etdi. Mən də bu təkliflə razılaşdım”.

Təqsirləndirilən şəxs qeyd edib ki, Binə südçülük sovxozu adlanan ərazidə yerləşən “Laçın” adlı orta məktəbin yaxınlığında Laləylə görüşüb:

“Laləni taksi ilə yaşadığım mənzilə apardım. Onu heç nəyə məcbur etmədim, zorla qaçırmadım. Qaçırmağımı o özü təklif etdi.

Evimə gəlmək üçün bütün əşyalarını o özü toplayıb, çanta ilə evimə gəlib. Mənim başqa niyyətim olmayıb. Yalnız ailə qurmaq məqsədilə Laləni mənzilimə gətirmişəm. Onun yetkinlik yaşına çatmadığını bilməmişəm. Çünki məni aldadaraq 24 yaşı olduğunu bildirib. Yalnız öz evimə gətirdikdən sonra şəxsiyyət vəsiqəsini görmüşəm və yetkinlik yaşına çatmadığını anlamışam”.

Ətraflı
Məmməd deyib ki, daha sonra Lalənin evinə geri qaytarmaq istəyib: “Lakin o, evə qayıtmaq istəmədi. Ailəsi ilə telefon əlaqəsi saxlayan zaman anası da qızını geri qaytarmamağı xahiş etdi. Anası evində bizim üçün şərait yaradacağını, evləndikdən sonra onların evində yaşamaımızı təklif etdi.

Lalə təxminən 3 gün evimdə qaldı. Bu müddət ərzində Lalayə toxunmamışam, onunla cinsi əlaqədə olmamışam. Həmin vaxt bütün bədənimdə, o cümlədən cinsiyyət orqanında çiban çıxıb və cinsi əlaqədə olmaq iqtidarında olmamışam”.

İş üzrə zərərçəkmiş Lalənin sözlərinə görə, 15 yaşı var, orta məktəbdə oxumur:

“Məmmədlə “Tik-Tok” sosial şəbəkəsində yazışmaqla tanış olmuşam. Sonra mənə mobil nömrəsini, mən də ona öz mobil nömrəmi verdim. Bundan sonra telefonla əlaqə saxladıq. Məmməd telefonda məni gəzməyə aparacağını dedi. Gəzmək adı ilə məni öz evinə apardı. Ondan məni öz evimizə qaytarmasını xahiş etdim. Lakin razılaşmadı. Məni hədələyərək bıçaq göstərdi. Üç gün Məmmədlə birlikdə qaldım. O mənə evlənəcəyimizi demədi.

Məmmədin ailə üzvlərindən heç kimi tanımamışam. Onun evində olduğum müddət ərzində mənə dərman verdi. Həmin dərmanın nə üçün olduğunu bilməmişəm. Dərman məni yatızdırdı. Məmməddən mənə toxunmamağı xahiş etdim”.

Zərərçəkmiş daha sonra deyib: “Qaçqınlar məktəbinin qabağına Məmmədlə görüşməyə mən özüm tək getdim. Məmməd məni anamın yanına getməyə qoymadı, məni maşınla başqa yerə apardı. Lakin hara apardığını demədi. Onda hara getdiyimizi soruşmadım.

Mən yalnız “Tik-Tok” sosial şəbəkəsindən istifadə etmişəm. Profil öz adıma olub, profilə öz şəklimi yox, uşaq şəkli qoymuşam.

Şəxsiyyət vəsiqəmi həmin gün Məmmədə göstərdim. O da mənim yetkinlik yaşına çatmadığımı bildi. Məmməd anamın polisə şikayəti nəticəsində tutuldu. Mən Məmmədin evindən çıxa bilməmişdim”.

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Məmməd 13 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib./Teleqraf.com

12.12.2023 22:20
2320