Qarabağdakı xunta rejiminin liderləri istintaqda hansı etirafları ediblər; onlar da Hitler Almaniyasının nümayəndələri kimi sülhə qarşı sui-qəsd planlarında və müharibə cinayətlərində ittiham olunurlar - separatçılara ən ağır cəza verilməsi tələb olunur
Azərbaycanın Qarabağ bölgəsinin və digər suveren ərazilərinin Ermənistanın hərbi təcavüzü nəticəsində işğal olunduqdan sonra yaradılmış qondarma qurumun separatçı rəhbərləri barəsində olan cinayət işləri yaxın vaxtlarda məhkəməyə göndəriləcək. “Yeni Müsavat”ın verdiyi xəbərə görə, bunu iyunun 24-də baş prokuror Kamran Əliyev deyib. O bildirib ki, artıq 15 nəfərlə bağlı istintaq hərəkətləri başa çatıb:
“Hazırda təqsirləndirilən şəxslər, vəkillər və zərərçəkmiş şəxslər cinayət işi materialları ilə tanış olurlar. Tanış olma mərhələsi başa çatandan sonra ittiham aktı məhkəməyə göndəriləcək”.
Hazırda istintaq təcridxanasında saxlanılan separatçı liderlər - Arkadi Qukasyan, Bako Saakyan, Araik Harutyunyan, sabiq “xarici işlər naziri” Davit Babayan, eləcə də “parlament sədri” David İşxanyan, qondarma “dövlət naziri” Ruben Vardanyan, generallar Lyova Mnatsakanyan, David Manukyan və digərləri də Hitler Almaniyasının nümayəndələri kimi sülhə qarşı sui-qəsd planlarında və müharibə cinayətlərində ittiham olunurlar. Separatçı rejimin ümumilikdə 15 nəfər üzvü Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məsuliyyətə cəlb olunub.
Azərbaycanın hüquq-mühafizə orqanları və istintaqçıları erməni separatçılarının ötən 30 illər ərzində Azərbaycan xalqına qarşı törətmiş olduğu hərbi cinayətləri detalları ilə araşdırıb. Azərbaycanlılara qarşı soyqırımda, doğma yurd-yuvalarından qovulmasında, əmlaklarının talan edilməsində və s. kimi cinayətlərdə iştirak edən erməni silahlıları, hərbi cinayətkarlar cəzadan yayına bilməyəcəklər.
Yeri gəlmişkən, iyun ayında Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşları Azərbaycan tərəfinin haqqında məlumat verdiyi erməni əsilli şəxslərə yenidən baş çəkiblər. Bunu BQXK-nın Bakı nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova deyib. O bildirib ki, saxlanılan şəxslərlə təkbətək görüşlər keçirilib və onların ailələri ilə əlaqəsi üçün şərait yaradılıb. Mandatına uyğun olaraq BQXK bu cür başçəkmələr zamanı saxlanılan şəxslərlə rəftarı və saxlanma şəraitini qiymətləndirir. BQXK həmçinin şəxslərin ailələri ilə əlaqələrini bərpa etmək və ya davam etdirmək üçün şərait yaradır. BQXK-nın prosedurlarına uyğun olaraq, başçəkmələrlə bağlı müşahidələr və tövsiyələr yalnız saxlayan tərəflə paylaşılır və müzakirə edilir.
Beləliklə, separatçıların cinayət işi üzrə istintaq materialları tezliklə məhkəməyə göndəriləcək və onların mühakiməsi başlanacaq. Onların istintaqda hansı etiraflar etdiyini də ictimaiyyət o zaman biləcək. Təbii ki, onların həm istintaqa ifadələri, həm məhkəmədə ifadələri, zərərçəkmiş şəxslərin çıxışları böyük maraq doğuracaq. Söhbət 30 il mövcud olmuş, heç bir dövlətin, hətta Ermənistanın da müstəqilliyini tanımadığı, Azərbaycan ərazilərində yaradılmış saxta “artsax respublikası” rəhbərlərinin mühakiməsindən gedir. Bu, tarixi bir proses olacaq. Xüsusən də qondarma rejimdə rəhbər olmuş Araik, Bako və Arkadinin verdiyi tapşırıqlar, Qarabağın yuxarı hissəsində illərlə törətdikləri cinayətlərlə bağlı faktlar açıqlanacaq. Bu da Bakının Qarabağ separatçıları üçün quracağı “Nürnberq prosesi” sayılacaq. Bu proses nasist rejiminin öndə gələn adamlarının mühakimə etmək üçün 1945-1949-cu illərdə qurduqları məhkəmədir. Mühakimə edilənlər arasında Martin Borman, Rudolf Hess, Yoahim von Ribbentrop da var idi.
Akif Nağı
Azad Vətən Partiyasının sədri Akif Nağı “Yeni Müsavat”a açıqlamasında istintaq işlərinin obyektiv aparıldığına əmin olduğunu vurğuladı. Onun sözlərinə görə, istintaq müddətində digər faktlar, habelə, azadlıqda gəzən erməni hərbi caniləri, Köçəryan, Ohanyanla bağlı sübutlar da meydana çıxıb: “Fikrimcə, ədalətli proses aparılıb. Bu müddətdə ombudsman və BQXK onlara baş çəkib, hüquqları təmin olunub, saxlanma şəraitindən narazılıq etməyiblər, ona görə kənardan bizə heç nə deyə bilməzlər. Ümumiyyətlə, bu adamlar ağır cinayətlər törədiblər və cəzalarını almalıdırlar”.
A.Nağı bildirdi ki, Nürnberq məhkəməsində yəhudilərə və bəşəriyyətə qarşı törədilmiş cinayətlərə görə bütün alman xalqının mühakiməsi variantı var idi: “Sonra həmin variant Kosova albanları məsələsinə görə serblərə qarşı da təklif edilmişdi, ancaq yarımçıq qaldı. İndi də bütövlükdə ermənilərin, xaricdə yaşamış, Qarabağda və Ermənistandakı ermənilərin məsələsi ayrıca mövzu kimi məhkəmə prosesində qoyulmalıdır. Məncə, layiqli cəzalarını alacaqlar və onların təhvil verilməsi reallaşmamalıdır. Düzdür, bu məsələni vaxtaşırı qaldırırlar, ancaq bu addım atılmalı, onlara törətdikləri cinayətlərə adekvat şəkildə sərt cəza verilməlidir. Eyni zamanda, Sərkisyan, Köçəryanın hərbi cinayətləri ilə bağlı ayrıca iş qaldırılmalıdır”.
Çingiz Qənizadə
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə dedi ki, baş prokuror çoxdan gözlədiyimiz məsələyə aydınlıq gətirdi və qarşıda həbsdəki separatçıların məhkəmə işi gəlir. Hüquq müdafiəçisi bildirdi ki, Azərbaycan demokratik və hüquqi dövlətdir, məhkəmədə bütün prosedurlar qaydalara və normalara uyğun şəkildə təmin ediləcək, təqsirləndirilən şəxslər onlara verilən hüquqlardan istifadə edəcəklər: "Amma onların törətdiyi cinayətlər o qədər ağır maddələrlə ehtiva olunub ki, adekvat cəza alacaqlar. Burada kin-nifrət, irqi ayrı-seçkilik, etnik təmizləmə, soyqırım kimi ağır ittihamlar var. Əminliklə deyə bilərəm ki, layiqli cəzalarını alacaqlar".
Elman Məmmədov
Bakupost.az-ın sualını cavablandıran deputat Elman Məmmədov separatçılara ən ağır cəza verilməsinin tərəfdarı olduğunu deyib: “Hazırda həbsdə olan separatçılar insanlığa, dövlətimizə, millətimizə qarşı çox ağır soyqırımı cinayətləri törədiblər. Onların başqa cinayətləri də var və bütün bunlar istintaqa məlumdur. Ona görə hesab edirəm ki, onlar Azərbaycan qanunlarıyla ən ağır cəzaya məhkum olmalıdırlar. Yəni onların törətdiyi cinayətlər elə bir həddədir ki, heç bir güzəşt olunmamalıdır, Azərbaycan qanunları çərçivəsində ən ağır cəza verilməlidir. İndi Azərbaycanda ölüm hökmü yoxdur, amma mən arzu edərdim ki, belələri üçün ölüm hökmü olsun. Yəqin ki, ömürlük həbs vermək lazımdır ki, ömürlərinin axırıına qədər həbsdə qalsınlar”.
Əlimusa İbrahimov
Politoloq Əlimusa İbrahimov isə bildirib ki, bu gün Azərbaycanla Ermənistan arasında nəinki ekstradisiya haqqında müqavilə, heç diplomatik münasibətlər belə yoxdur: “Belə olan təqdirdə, onları hansı formada verə bilərik?! Bilirik ki, ekstradisiya olması üçün iki ölkə arasında bu və ya digər şəkildə hüquq-mühafizə orqanları arasında münasibətlər və razılaşmalar olmalıdır. Onların gələcəkdə nə zaman Ermənistana verilməsi məsələsinə gəldikdə isə həbs cəzası alanda gözləmək olar ki, nə vaxtsa müqavilə imzalanandan sonra Ermənistana təhvil verilsinlər. Lakin indiki halda bu, mümkün deyil. İnanmıram ki, onlara 5-10 illik həbs cəzası verilsin. Fikrimcə, ən azı onlara 15-20 illik, yaxud da ki, ömürlük həbs cəzası veriləcək. Mənə elə gəlir ki, Azərbaycan tərəfi məhz onlara görə yaxın gələcəkdə və ya uzun perspektivdə ekstradisiya istiqamətində müqavilə imzalayacaq və buna meyl göstərməyəcək”.
Emil SALAMOĞLU,
“Yeni Müsavat”