28 May – Azərbaycan Xalq Cümhuriyyətinin elan edildiyi, xalqımızın istiqlal iradəsinin simvolu olan müqəddəs gündür. Bu gün müstəqilliyimizin, milli qürurumuzun, dövlətçiliyimizin doğum günüdür. Amma nə yazıq ki, bu tarixi gündə bir tərəfdə Azərbaycanın suverenliyini ucaldanlar, digər tərəfdə isə xarici qüvvələrin bayrağı altında özünü tanıdanlar oldu...
Prezident İlham Əliyev 28 Mayı bu il Azərbaycanın ürəyi olan Qarabağda – Laçında qeyd etdi. Bu simvolik deyil, strateji mesaj idi: Azərbaycan azad və bütövdür. Azərbaycanın yanında qardaş Türkiyə və Pakistan var. Bayram Laçında – zəfərin şəhərində, Azərbaycan -Türkiyə prezidentlərinin və Pakistanın Baş nazirinin iştirakı ilə qeyd olundu. Azərbaycan bayrağı təkcə Laçın səmasında deyil, Cənubi Qafqazın siyasi coğrafiyasında dalğalandı. Bu bir dövlətin güc nümayişi idi. Azərbaycan prezidenti tarix yazmaqla kifayətlənmir – onu yaşayır və yaşadır.
Amma eyni gün Bakıda – ölkənin paytaxtında bir qrup cəbhəçi Məhəmməd Əmin Rəsulzadənin abidəsini ziyarət edərək Avropa İttifaqının bayrağını qaldırdı! Bəli, düz oxuyursunuz – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə keçirilən tədbirdə Avropa İttifaqının bayrağı önə çəkildi.
Burada sual doğur: bu bayraq kimə, nəyə xidmət edir? Bu jest Azərbaycan xalqına, yoxsa Avropa siyasi dairələrinə mesaj idi?
Azərbaycanın tarixində yüzlərlə qəhrəman var – amma bu “bayraqçı müxalifət”in qəhrəmanlıq anlayışı görünür Brüsseldə formalaşır. Onlar üçün milli günlər xalqla yox, donorlarla “raport vermək” üçün fürsətə çevrilib.
Avropa İttifaqı – illərlə Azərbaycana qarşı qərəzli münasibəti, Ermənistanın maraqlarını açıq müdafiə etməsi, Qarabağ məsələsində balanssız yanaşması ilə yadda qalıb. Belə bir qurumun bayrağını 28 Mayda qaldırmaq sadəcə düşüncəsizlik deyil – bu, açıq siyasi mövqedir. Öz bayrağını kənara qoyub, başqasının bayrağını öndə tutmaq – bu artıq siyasi kimlik problemi deyilmi?
Bunlar xalqın içindən çıxmış, Azərbaycan üçün çalışan qüvvələr deyil. Bunlar Brüssel salonlarında verilən “tövsiyələrə” əməl edən, xarici fondların gündəminə uyğun hərəkət edən marginal qruplardır.
Bu gün bayraq sadəcə parça deyil – bir millətin ruhudur, yaddaşıdır, iradəsidir. 28 Mayda Azərbaycan bayrağının ucaldılması – tarixə və gələcəyə hörmətdir. Həmin gün başqa bir təşkilatın – özü də daim Azərbaycana qarşı soyuq və bəzən düşmən mövqe tutan qurumun bayrağını qaldırmaq isə ciddi siyasi yanlışlıqdır.
Prezident Laçında, düşməndən azad edilmiş torpaqda Azərbaycan bayrağını qaldırır. Müxalifət isə Bakının mərkəzində Aİ bayrağı altında selfi çəkdirir. Bu mənzərə hər şeyi deyir: biri xalqla, torpaqla, bayraqla – digəri isə layihələrlə, fondlarla, xarici sifarişlərlə…
Azərbaycan dövləti öz gücünü, nüfuzunu, birliyini nümayiş etdirərkən, kimlərsə bu birliyə kölgə salmağa, milli ruhu “Brüssel paketinə” dəyişməyə çalışır. Amma bu xalq 1918-də də, 1991-də də, 2020-də də öz yolunu seçdi – və bu yolun adı Azərbaycan yoludur. Bayraq kimliyimizdir. 28 Mayda kimin hansı bayrağın altında dayandığı – onun kim olduğunu tam açıq göstərir.
Hikmət Babaoğlu
Millət vəkili Hikmət Babaoğlu Musavat.com-a açıqlamasında bildirib ki, marginal müxalif qrupun Məhəmməd Əmin Rəsulzadənin abidəsi önündə Avropa İttifaqının bayrağını qaldırması Azərbaycan Xalq Cumhuriyyətinin dəyərlərinə və ideallarına təhqirdir: “Rəsulzadə və AXC-nin digər qurucuları Azərbaycanı məhz Avropa işğalçılarından, general Tomsondan və digər düşmənlərdən xilas edərək, bu dövləti qurmuşdular. Bu gün Azərbaycan prezidenti 3 rəngli bayrağımızı öz müttəfiqləri, iki qardaş ölkənin liderləri ilə birlikdə dünyanın ən uca yerində tikilmiş Laçın Hava Limanında dalğalandırdığı bir vaxtda marginal müxalifətin hərəkəti Azərbaycan xalqının maraqlarına ziddir. Çünki məhz marginal müxalifətin qaldırdığı bayraq altında birləşən kollektib Qərb, başda Fransa Azərbaycan bayrağının Xankəndidə, Şuşada, Laçında dalğalanmasını istəmir. Avropa İttifaqı Ermənistana monitorinq missiyası göndərir və onlar əllərindəki ən müasir cihazlarla Azəbaycanın mövqelərini Ermənistan ordusuna ötürməklə casuslu edirlər. Bu elə müxalifətin bayrağını qaldırdığı Avropa İttifaqına üzv ölkələrdir. Aydın görünür ki, bu müxalif qruplar Azərbaycan dövlətinin və xalqının dəyərlərinin yanında deyil, əksinə Ermənistanda Aİ-nin bayrağını qaldıran Avropa monitorinq missiyasının, Aİ-nin himayə etdiyi ermənilərin yanındadırlar. Ona görə də bu cür hərəkətlər Azərbaycan dövlətinin, xalqının keçmişinə, bu gününə Azərbaycan Xalq Cumhuriyyəti dəyərlərinə, Rəsulzadə ideologiyasına xəyanətdir”.
Nuray Əlizadə
Musavat.com