Bakı şəhəri, Xəzər rayonunda məşhur restorana avtodayanacaq düzəltmək üçün mərkəzi yolun bardürləri gecə yarısı sökülüb, ərazidəki yaşıllıqlar məhv edilərək üstünə asfalt döşəyiblər.
Bu haqda Musavat.com-a restoranın yaxınlığında yaşayan sakinlər məlumat veriblər.
Bildiriblər ki, “Dukkan” restoranının avtodayanacağı üçün ərazidəki piyada və velosiped yolu da ləğv edilib. Özbaşınalıq gecəyarısı baş verib və videokameralar tərəfindən qeydə alınıb. Sakinlər deyiblər ki, bundan əvvəl də “Dukkan” restoranı oxşar qanunsuzluqlara əl atıb. O zaman Xəzər Rayon İcra Hakimiyyətinə, Bakı Şəhər İcra Hakimiyyətinə şikayətlərindən sonra qanunsuzluq aradan qaldırılıb. Sonuncu qanunsuz əməllər isə gecəyarısı həyata keçirilib deyə, sakinlər qanunsuz işlərin icrasını dayandıra bilməyiblər.
“Dukkan” restoranının yol verdiyi qanunsuzluq Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Mərdəkan-Buzovna şosesi 719 C ünvanında qeydə alınıb. Sakinlər Bakı Şəhər İcra Hakimiyyətinin rəhbərliyindən xahiş edirlər ki, qanunsuzluğun aradan qaldırılması üçün müvafiq addımlar atılsın.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com