Bakıda mənzilləri fırıldaqlıqla ələ keçirən dələduz şəbəkə fəaliyyətdədir. Şəbəkə üzvləri sırasında əvvəllər məhkum olunmuş şəxslər, ev alqı-satıqı ilə məşğul olan maklerlər var. Dələduz şəbəkənin ələ keçirdiyi əmlakların siyahısı genişdir və həmin əmlakların dəyəri milyonlarla manatı aşır. Hətta Bakının mərkəzində, Nizami küçəsində yerləşən, dəyəri 2 milyon manata yaxın olan əmlakın dələduz şəbəkənin ələ keçirməsi haqda məlumatlar var.
Bu haqda Musavat.com-a dələduz şəbəkənin əməllərindən zərər çəkən Azərbaycan vətəndaşları məlumat veriblər. Belə məlum olur ki, dəstə üzvləri mənzilləri, obyektləri rəsmi müqavilə ilə kirayəyə götürür və sonradan Rusiyanın Tümen şəhərində yerləşən notariat kontorunun adından verilmiş baş etibarnamə əsasında satırlar. Maraqlısı odur ki, saxta olsa da, həmin baş etibarnamə Rusiya Federasiyasının Notariat Xidmətinin elektron qeydiyyat sistemində də hansısa şəkildə yerləşdirilib! Bakıda notariuslara təqdim olunan həmin saxta baş etibarnamələr yoxlanılarkən Rusiya Federasiyasının Notariat Xidmətinin elektron qeydiyyat sistemində göründüyündən, notariuslar sənədin saxta olduğunu aydınlaşdıra bilməyiblər!
Bu yolla mənzili satılanlardan biri də Bakı şəhəri, Fətəli Xan Xoyski prospekti ev 83, mənzil 1-də qeydiyyatda olan Leyla Nəbiyevadır.
O bildirib ki, 19 iyun 2023-cü ildə Rauf Cəfər oğlu Kazımovla kirayə müqaviləsi bağlayaraq Xətai rayonu, Süleyman Vəzirov küçəsi 1157-ci məhəllə, ev – 17 C-də yerləşən 13 saylı mənzilini ona kirayəyə verib: “Rauf Kazımov mənzili kirayə götürəndə orada ailəsi ilə birlikdə yaşayacağını bildirmişdi. Lakin bir müddət sonra bizə aydın oldu ki, Rauf Kazımov mənim adımdan Rusiya Federasiyasının Tümen şəhərində verilməsi göstərilən saxta etibarnamə düzəldərək mənzilimi 10 avqust 2023-cü ildə Bakı şəhərindəki 48 saylı notariat ofisində alqı-satqı müqaviləsi əsasında əvvəldən tanıdığı, cinayət əlaqəsində olduğu Anar Hacıyevə satıb. Bununla da mənim daşınmaz əmlakıma olan mülkiyyət hüququma xitam verməklə evimi əlimdən çıxardıblar”.
Leyla Nəbiyeva bildirib ki, ümumiyyətlə, həyatı boyu Rusiya Federasiyasında olmayıb: “Mən heç zaman Rusiyada olmamışam və müvafiq olaraq Tümen şəhərinə gedib kiməsə baş etibarnamə də verməmişəm. Aldığımız məlumatlara əsasən Rauf Kazımov eyni qaydada Bakı şəhərində çoxsaylı mənzilləri kirayə adı ilə götürüb, sonradan guya Anar Maarif oğlu Hacıyevə satıb. Mən duyuq düşməyim deyə, mənzilimi satdıqdan sonra bir neçə ay kirayə haqlarının ödənilməsi dayanmayıb. Digər kirayəyə götürdükləri mənzillərlə bağlı da eyni ssenari üzrə fəaliyyət göstərib. O vaxta qədər ki, mənilim bir neçə nəfərə alqı-satqı olunub, vicdanlı alıcı görüntüsü yaradılıb, əldə edilmiş külli miqdarda vəsaiti mənimsəyiblər!
Leyla Nəbiyevanın sözlərinə görə Rauf Kazımov mənzilini kirayə götürdüyü gündən hər ay aylıq kirayə haqqını müqavilə üzrə ödəyib. 2023-cü ilin dekabrına qədər ödənişlər vaxtı-vaxtında olduğundan mənzilin saxta sənədlər əsasında satılmasından xəbəri olmayıb: “2023-cü ilin dekabr ayından 2024-cü ilin fevralınadək Rauf Kazımov kirayə haqqını ödəmədi. Bununla bağlı aramızda narazılıq yarandı. Bu zəmində təsadüfən bizə məlum oldu ki, mənzili başqa bir şəxsə satıblar. Sonradan bizə məlum oldu ki, Rauf Kazımov ümumiyyətlə, mənzildə kirayədə yaşamayıb. Ən vacib məqam ondan ibarətdir ki, mənim mənzilim saxta etibarnamə əsasında keçən ilin 10 avqustunda satılsa da, 2023-cü ilin dekabrına qədər kirayə haqqını gecikdirmədən mənə ödəyiblər ki, mənim baş verən hadisədən xəbərim olmasın. Eyni zamanda mənzili rahat şəkildə digər şəxsin adına keçirə bilsinlər. 30 dekabr 2023-cü ildə mənzilimi saxta sənədlər əsasında digər şəxsin adına keçiriblər. Bundan sonra da mənzilə görə kirayə haqqının da ödənilməsini dayandırıblar. Bunu bilən kimi təcili olaraq notariat ofisinə müraciət etdim. Oradan məlumat verildi ki, mənzilimi 2023-cü ilin avqust ayının 10-da, yəni mənzilimi kirayə götürdükdən cəmi 1 ay 20 gün sonra Rauf Kazımov tərəfindən guya Anar Maarif oğlu Hacıyevə satıb. Anar Hacıyev də öz növbəsində digər bir şəxsə, o da bir başqa şəxsə satıb”.
Leyla Nəbiyeva hesab edir ki, mənzilini sonradan alıb-satan şəxslər də dələduz şəbəkənin üzvləri ola bilərlər. Deyir ki, mənzilinin alqı-satqısında adı keçən şəxslər bir-birini çox yaxşı tanıyırlar, bir-biriləri ilə münasibətləri var: “Mənə ötən müddət ərzində məlum olub ki, mənzilimin saxta sənədlər düzəltməklə, dələduzluqla ələ keçirilməsində iştirak edən şəxslərin hər biri əvvəllər məhkum olunmuş şəxslərdir və onları 1-2 il əvvələ qədər həbsdə olublar. Həbsdən çıxandan sonra isə mütəşəkkil cinayətkar qrup şəkilində Bakıda saxta sənədlər düzəltməklə mənzillərin ələ keçirilməsinə başlayıblar. Bu işin içində digərləri ilə yanaşı peşəkar maklerlər də var”.
Leyla Nəbiyeva bildirib ki, Rauf Kazımov və Anar Hacıyev hər ikisi türmədən çıxandan sonra bu işlərlə məşğul olmağa başlayıblar. Onlar mütəşəkkil cinayətkar qrupun rəhbərliyinin tələbi ilə Bakıda çoxsaylı mənzillər ələ keçiriblər: “Rauf Kazımovla Anar Hacıyev hazırda ölkədə deyillər, onları ölkədən qaçırıblar. Buna səbəb isə 15 noyabr 2023-cü ildə Anar Hacıyevin Bakı şəhərindəki 50 saylı Notariat Ofisində ifşa edilməsi olub. Anar Hacıyev mənim mənzilim kimi müqavilə əsasında kirayəyə götürdüyü digər vətəndaşa məxsus mənzili saxta baş etibarnamə əsasında alqı-satqı edərkən notarius sənədlərin saxta olmasından şübhələnib. Şübhələnməsinin səbəbi isə Anar Hacıyevin dünən aldığı mənzili bu gün satmaq istəməsi olub. Notarius mənzilin mülkiyyətçisinə zəng vurub ondan mənzilini satıb-satmadığını soruşub. Mənzil sahibi mənzilini satmadığını dedikdə Anar Hacıyevlə Rauf Kazımov oradan qaçıblar. Elə həmin gün onlar üçün Sankt Peterburqa təyyarə bileti alınıb və onlar Azərbaycandan çıxıblar. Bu gün də Rusiyadadırlar, ölkəyə gəlmirlər. Bizimlə vatsap üzərində danışarkən deyirlər ki, biz bu işdə heç kimik, bu işlərin arxasında böyük adamlar dayanıb”.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com