Azərbaycanın nəqliyyat və rəqəmsal inkişaf nazirinin müavini Rəhman Hümmətov deyib ki, hazırda Bakıda fəaliyyət göstərən 180-ə yaxın marşrut sayını 90-a endirmək lazımdır. Onun sözlərinə görə, bu prosesdə avtobusların sayı azalmayacaq, sadəcə marşrutların uzunluğu artacaq.
Nazir müavini həmçinin gələn il Bakıda avtobusların elektriklə işləyən avtobuslarla əvəzlənməsinin planlaşdırıldığını söyləyib. “2024-cü ildə Azərbaycan COP-29-a ev sahibliyi edəcək. Gələn ildən biz Bakının küçələrində daha tez-tez yeni elektobusları görəcəyik”, - deyə o qeyd edib.
Bundan əlavə, mövcud marşrut xətlərində avtobus problemindən danışan R.Hümmətov əlavə edib ki, hazırda Bakıda 400-ə yaxın avtobus müasir tələblərə cavab vermir.
Bəs marşrutların sayının 180-dan 90-a endirilməsi Bakıda tıxaclara necə təsir edə bilər, əgər nəzərə alsaq ki, marşrut xəttinin uzanması səbəbi ilə avtobuslar arasında zaman intervalı böyüyəcək? Bundan əlavə, belə çıxır, sərnişinlər dayanacaqlarda daha çox gözləməli olacaqlar?
Məsələ ilə bağlı Müsavat.com-a açıqlama verən nəqliyyat eksperti Elməddin Muradlı deyib ki, nazir müavininin bu açıqlaması cəmiyyət arasında çaşqınlıq yaratmamalıdır: “Bakıda marşrut xətlərinin sayının azaldılması o demək deyil ki, şəhərdə sərnişin sıxlığı yaranacaq. Bu proses eyni xətt üzrə bir-neçə marşrut xəttinin olmasına işarədir: "Hazırda Bakıda bir istiqamət üzrə bir-neçə marşrut xətti açılıb, ayrı-ayrı marşrut avtobusları bir xətt üzrə hərəkət edir. Bu marşrutların arasında isə sağlam rəqabət yoxdur. Eyni istiqamətdə bir neçə marşrutun avtobusları eyni vaxtda bir dayanacağa daxil olur. Nəticədə şəhərdə biabırçı vəziyyət yaranır. Həmin avtobuslar bir-biri ilə ötüşür, bir-birinin yolunu kəsir, növbəti dayanacağa tez çatmaq üçün biri o birindən tez sürür. Bu da sərnişinlərin həyatına təhlükə yaradır, dayanacaqlarda biabırçı vəziyyət olur. Sərnişin dolu avtobuslar küçədə ötüşür, sərnişini biri o birindən tez götürmək istəyir və sair. Ona görə də həmin eyni xətt üzrə hərəkət edən marşrut xətlərinin sayı azaldılmalıdır. Məsələn, Bakı kəndlərindən sərnişin marşrut avtobusu ilə gəlib "Koroğlu"metrosunda düşməli deyil. Həmin marşrut xətti "Qara Qarayev", "Neftçilər", "Əhmədli" stansiyalarında və ya digər ərazilərdə də düşə bilər. Yəni Bakı kəndlərindən sərnişin gəlib "Koroğlu"stansiyasında düşüb oradan əlavə ödəniş edib "Neftçilər" stansiyasına getməli deyil. Sərnişin həmin istiqamətdə hərəkət edən bir marşrutla sona qədər gedə bilər. Sərnişin mənzil başına getmək üçün bir-neçə marşrut dəyişməkdənsə "manatlıq taksilər"ə üstünlük verir. Nəticədə şəhərdə taksilərin sayı çoxalır. Amma marşrut bir xətt üzrə sona qədər getsə, sərnişin həmin nəqliyyat vasitələrindən istifadə etməyəcək. Yəni marşrutların sayının azaldılması avtobusların sayını azaltmaq demək deyil".
Elməddin Muradlı bildirib ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi bu prinsiplə sərnişin avtobuslarının sayını artırmaq istəyir: "Hesablamalara görə, Bakıda marşrutlara 2600 avtobus lazımdı. Hazırda isə 2000-ə yaxın avtobusu xəttə çıxarmaq mümkündür, 600 avtobus çatmır. Üstəlik ,600 avtobusdan da 400-ü nasaz vəziyyətdədir, utilizasiya getməlidir.Həmin avtobuslar məcburiyyətdən xəttə buraxılır. Yəni bu gün Bakıda sərnişindaşımaya əlavə 1000 avtobus lazımdır. Bu, həm avtobus parkının yenilənməsinə, həm də şəhərdaxili daşımaların yaxşılaşması üçün vacibdir".
Elməddin Muradlı qeyd edib ki, keçmiş nəqliyyat nazirinin dövründə marşrutların açılmasında pərakəndəlik olduğundan bir istiqamətdə bir neçə marşrut xətti açılıb və bu da sərnişindaşımada problem yaradıb.
Samir Əli
Musavat.com