Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsində yerləşən “Sahil bağı” parkında “yox” cavabı aldığı üçün sevdiyi qızı bıçaqlayan şəxsə hökm oxunub.
1997-ci ildə Şəki şəhərində anadan olmuş Sadıq Hüseynovun (soyad şərti) cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb.
Məhkəmə iclasında məlum olub ki, Sadıq 2017-ci ildən Şəki şəhərində Aytənlə (şərti ad) dostluq münasibətləri olub. 2021-ci ildə Aytən Azərbaycan Universitetinin Filologiya fakültəsinə daxil olduqdan sonra təhsil almaq üçün Bakı şəhərinə gəlib. Sadıq da Bakıda işləyib və mütəmadi onunla əlaqə saxlayıb, daha sonra evlənmək təklifini edib. Amma qız təklifə “yox” cavabı verib. Aytən Sadıqdan ona zəng etməməsini və axtarmamasını xahiş edib. Lakin oğlan ondan əl çəkməyib.
2023-cü ilin iyun ayında Şəki şəhərində olarkən Sadıq sosial şəbəkə vasitəsilə onunla əlaqə saxlayaraq, hədə-qorxu gəlib və qızın şəkillərini paylaşıb. Aytən Şəki şəhər Polis Şöbəsinə şikayət edib və bununla əlaqədar araşdırma aparılıb. Lakin Sadıq ondan əl çəkməyərək, mütəmadi qızla müxtəlif vasitələrlə əlaqə saxlayaraq onunla ailə həyatı qurmasa, onu öldürəcəyini deyib. Aytən 13 sentyabr 2023-cü il tarixdə Şəki şəhərindən Bakıya qayıdıb. 15 sentyabr 2023-cü il tarixdə saat 13 radələrində rəfiqəsi Aytacla birlikdə universitetdən çıxıb, metronun Sahil stansiyasına gedib. Onlar Nizami küçəsində sərgidə iştirak ediblər. Saat təxminən 14:15 radələrində rəfiqəsi Aytac metroya tərəf gedib, Aytən isə Sahil bağında skamyada oturub. Bundan bir neçə dəqiqə sonra Sadıq ona yaxınlaşıb, danışmağa başlayıb, “səni yaşamağa qoymayacağam, əl çəkməyəcəyəm, sən mənim olmalısan, əks təqdirdə səni öldürəcəyəm” deyib. Daha sonra Sadıq Aytənin kürəyindən, qolundan, belindən, boynundan və üzündən bıçaqla vurub.
Məhkəmənin qərarı ilə Sadıq Hüseynov Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və ona 2 il müddətinə azadlıqdan məhrum edilib.//Qaynarinfo