Bakıda kişi görüşə çağırdığı keçmiş arvadına çoxsaylı bıçaq zərbələri endirdi - TƏFƏRRÜAT, VİDEO

2023-cü il aprelin 18-də Bakının Xətai rayonu Sarayevo küçəsində bıçaqlanma hadisəsi olub. Burada Amilə Vəliyeva keçmiş əri, 1988-ci il təvəllüdlü Samil Əliyev tərəfindən bıçaqlanıb. Qadın çoxsaylı xəsarətlərlə özəl klinikaya aparılıb və hadisəni törədən kişi polis əməkdaşları tərəfindən yerindəcə saxlanılıb.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb.

Anket məlumatlarına əsasən, Samil Əliyev 1988-ci ildə Naxçıvan Muxtar Respublikasında anadan olub, əvvəllər məhkum olunmayıb.

Lent.az cinayət hadisəsinin istintaq materiallarını əldə edib.

Müəyyən edilib ki, aprelin 17-də Amilə Vəliyeva keçmiş əri Samil Əliyevə zəng edərək, ondan nikahda olduqları dövrdə aldığı qızıl sırğalarını qaytarmasını tələb edib. Sonuncu bunun əvəzinə 100 manat pul verəcəyini yalandan söz verib. Aprelin 18-də onlar görüşən zaman, Samil keçmiş yoldaşına barışmaq istədiyini bildirib. Amilə Vəliyeva onunla barışmayacağını deyib və evə qayıtmaqdan üçün avtomobil yolunu keçərək avtobus dayanacağında durub. Buna baxmayaraq Samil Əliyev arxasınca gəlib, ondan israrla barışmasını istəyib. Aralarında yaranmış mübahisə zamanı, o, üzərindəki bıçaqla qadının bədəninin müxtəlif nahiyyələrinə ümumilikdə 10 dəfə zərbə endirib.

Ətrafdakı şəxslərin müdaxiləsi və təcili xəstəxanaya çatdırılması nəticəsində qadının həyatı xilas olunub.

İş üzrə dindirilmiş Samil Əliyev bildirib ki, 2015-ci ildə Amilə Vəliyeva ilə evlənib, bir ildən sonra qız övladları dünyaya gəlib. Xətai Rayon Məhkəməsinin 29 iyul 2022-ci il tarixli qətnaməsi ilə onların nikahları pozulub:

“Boşandıqdan sonra Amilə mənə qızımla görüşməyə icazə vermirdi, telefonla danışanda daim məni təhqir edirdi. Aramızda olan mübahisələr barədə qayınatama məlumat verəndə, Məhəmməd Vəliyev mənə Amiləni narahat etməməyimi dedi. Evli olduğumuz dövrdə arvadımın bir cüt sırğasını lombarda girov qoyaraq pul götürmüşdüm. 2023-cü il aprelin 17-si saat 20 radələrində Amilə zəng edərək, qızıl sırğasını qaytarmağımı tələb etdi. Ona 100 manat verəcəyimi söylədim. Ayın 18-i saat 14 radələrində görüşəndə, Amiləyə üzərimdə qızıl sırğanın və pulun olmadığını, onunla barışmaq istədiyimi bildirdim. Cavab olaraq qadın barışmayacağını dedi, məni yalan danışmaqda günahlandıraraq, avtobus dayanacağına tərəf getdi. Onu təqib edərək, qızımın nə üçün mənimlə soyuq münasibət saxladığını soruşanda, Amilə bunun səbəbini bilmədiyini söylədi. Barışmağı təklif edəndə isə, keçmiş arvadım qəzəblənərək, məni söyməyə başladı. Onun bu reaksiyasına hiddətlənərək, dayanacağın arxasında Amiləyə beş və ya altı bıçaq zərbəsi vurdum. Qadının qışqırıq səsinə yaxınlaşan vətəndaşlar bıçağı əlimdən aldılar”.

Zərərçəkmiş Amilə Vəliyeva bildirib ki, aprelin 18-də taksi ilə Hövsandan Əhmədli qəsəbəsinə gəlib, Samillə görüşüb:

“Sırğamı gətirmədiyini biləndən sonra keçmiş ərimə niyə yalan danışdığını dedim və dayanacağa keçərək, avtobusun gəlməsini gözlədim. Samil yaxınlaşıb, sol əli ilə sinəmdən tutdu və sağ əlindəki bıçaqla mənə zərbələr vurmağa başladı. Amma ətrafda olan şəxslər müdaxilə edərək, Samili zərərsizləşdirdilər və məni xəstəxanaya apardılar”.

Şahid Anar Qasımov bildirib ki, aprelin 18-i saat 15 radələrində avtomobillərin parklanması ilə məşğul olan vaxt bir qadının qışqırdığını eşidib:

“Səs gələn istiqamətə baxanda, dayanacağın arxasında Samil Əliyevin Amilə Vəliyevaya bıçaqla zərbələr vurduğunu gördüm. Dərhal ora yaxınlaşıb, həmin şəxsdən zərbələr vurmamasını tələb edəndə, Samil Əliyev mənə ailə məsələsi olduğunu və işinə qarışmamağımı bildirdi. Səs-küyə toplaşan ətrafdakı insanlar onun əlindən bıçağı aldılar”.

Şahid Məhəmməd Vəliyev ifadəsində göstərib ki, fevral ayında qızı Amilə ona Samildən boşanmaq üçün məhkəməyə müraciət etdiyini deyib:

“Səbəbini soruşanda, qızım yoldaşının ailəsinə baxmadığını, onu döydüyünü və təhqir etdiyini bildirdi. Məhkəmənin qətnaməsi ilə onların nikahı pozuldu, nəvəm Amilənin himayəsinə verildi. Samil isə aylıq 193 manat aliment ödəməli oldu. Boşanandan sonra qızım keçmiş ərinin onu narahat etməsi ilə əlaqədar bir neçə dəfə polisə müraciət edib. Aprelin 18-də tanımadığım şəxs zəng edərək, qızımın özəl klinikada olduğunu və ora gəlməyimi dedi. Klinikaya çatanda, baş həkim qızımın keçmiş əri tərəfindən bıçaqlandığını və hazırda əməliyyatda olduğunu bildirdi”.

Məhkəmə iclasında Samil Əliyev ittiham üzrə özünü qismən təqsirli bilib. Zərərçəkmiş təqsirləndirilən şəxsi bağışlamadığını və ona qanuna müvafiq cəza təyin edilməsini xahiş edib.

Məhkəmə qənaətə gəlib ki, Samil Əliyevin Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) və 228.4-cü (qanunsuz olaraq soyuq silah əldə etmə, satma və ya gəzdirmə) maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə Samil Əliyev doqquz il altı ay müddətinə azadlıqdan məhrum olunub.

28.02.2024 00:38
1017