Bakının Binəqədi rayonunda 1987-ci il təvəllüdlü Emin həyat yoldaşı Nərminə xəsarət yetirib, tanışı Talehə (adlar şərti verilib - red.) qarşı dələduzluq edib.
Musavat.com Teleqraf.com-a istinadən bildirir ki, Emin 2021-ci ilin oktyabrın ortalarında tanışı Talehə Almaniyadan "Mercedes-Benz Vito" markalı avtomobili gətirəcəyinə dair yalandan vəd verib. Ondan müxtəlif vaxtlarda ümumilikdə 8600 manatını alıb.
Bundan başqa, Emin 17 aprel 2022-ci ildə, gecə saat 02.02-də yaşadıqları evdə həyat yoldaşı Nərmin onun bahalı mobil telefonu kredit yolu ilə almaq istəməsinə irad bildirdiyindən aralarında mübahisə yaranıb.
Mübahisənin gedişatında Nərminin qoluna, bədəninə, üzünə yumruqla, sol ayağına təpiklə və sağ əlinə əlində olan açarla bir neçə dəfə vurub.
İstintaq orqanı tərəfindən Eminin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) və 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddələri ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Emin ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, 2019-cu ildə Nərminlə ailə qurub: "2022-ci ilin aprelində adıma kredit telefon götürmək üçün "Vorld telecom" mağazasına müraciət etdim. Aprelin 16-da mağazadan Nərminə zəng olunduğu üçün yanlış anladı, mənim xəyanət etdiyimi düşündü. Həmin gün bu səbəbdən aramızda mübahisə yarandı. Gecə saatlarında bizim mübahisəmiz yenidən başladı. Mübahisə zamanı əsəblərimi cilovlaya bilmədim. Nərminin qoluna əlimlə vurdum. Hadisə zamanı Nərmin üzərimə gəldiyi üçün onu itələdim. Bundan sonra aramızda olan mübahisə sona çatdı".
Təqsirləndirilən şəxs qeyd edib ki, maşının açarını vermək üçün Nərminin işlədiyi bağçanın qarşısına gedib: "Saat 09.30-da Nərmin oraya gəldi. İlkin olaraq açarı Nərminə vermək istəsəm də, sonradan dedim ki, vermirəm, maşın məndə qalsın, axşam özüm onu işdən götürməyə gələcəm. Məqsədim Nərmin ilə barışmaq idi. Bu zaman Nərmin açarı almaq üçün mənimlə mübahisə etdi. Həmin vaxt orada Nərmini vurmamışam. Maşına oturaraq oradan uzaqlaşmışam".
Daha sonra bildirib ki, 2021-ci ilin sentyabrın sonunda Taleh onun həyat yoldaşı Nərminin işlədiyi uşaq bağçasında divarlara dekorativ şəkil çəkilməsi üçün gəlib: "Həmin ərəfədə Talehlə aramızda tanışlıq oldu. Sonradan Talehə bildirdim ki, avtomobil alqı-satqısı ilə məşğul oluram, əgər lazım olarsa, onun üçün də maşın gətirə bilərəm. 2021-ci ilin oktyabrın əvvəlində Talehə zəng etdim. Dedim ki, hazırda "Mercedes Vito" markalı avtomobil var, sahibinə təcili pul lazım olduğu üçün satmaq istəyir. Sonradan avtomobilin şəkillərini Talehə göstərdim. Sonra həyat yoldaşımın işlədiyi uşaq bağçasının yanında Talehlə görüşdüm, ona maşının şəkillərini göstərdim. Taleh maşının şəkillərinə baxaraq maşını bəyəndi. Biz alqı-satqı barədə danışdıq. Taleh soruşdu ki, onun "Opel Zafira" markalı maşınını götürsəm, puldan nə qədər çıxılacaq. Maşını üçün barter olunarsa, 7000 manat "Vito" markalı maşının pulundan çıxılacağını bildirdim. Bundan əlavə Talehə 10000 manat əlavə pul verəcəyini söylədim. Talehə dedim ki, maşının sahibinə təcili pul lazım olduğundan 4000 manat beh ver, digər hissəsini isə sonradan verərsən. Həmin gün saat 17.00-da Taleh mənimlə əlaqə saxladı. Ona dedim ki, maşını Almaniyadan gətirilməsini sənin adına təşkil etmək lazımdır. Biz Maştağa qəsəbəsində olan notarial xidmətin qarşısında görüşdük. Orada lazımı sənədləşmə işlərini gördükdən sonra Taleh birinci dəfə mənə ödəmə terminalı vasitəsi ilə bank kartıma 2550 manat göndərdi".
Təqsirləndirilən şəxs qeyd edib ki, növbəti günlərdə Talehdən yenə də müxtəlif məbləğlərdə pullar alıb: "Taleh mənimlə telefonla əlaqə saxladı və maşının nə zaman gələcəyini soruşdu. Talehi "Gənclik"də yerləşən "045" adlı çay evinə dəvət etdim. Biz orada görüşdük, söhbət etdik. Talehə bildirdim ki, maşın artıq gəlib, Gürcüstanın Poti şəhərindədir və maşının oradan Bakı şəhərinə gətirilməsi üçün 1700 manat lazımdır. Taleh isə hazırda üzərində olan kart hesabında 480 manat olduğunu və həmin məbləği kart hesabıma köçürəcəyini, qalan hissəsini isə həmin gün axşama qədər köçürəcəyini dedi. Həmin gün kart hesabıma pulun digər hissəsi olaraq 1220 manat pulu göndərildi".
Təqsirləndirilən şəxs deyib ki, təxminən 3-4 gün sonra Taleh onunla yenidən əlaqə saxlayıb, maşın barəsində sual verib: "Ona maşının artıq Bakıda Qaradağ rayonunda "Meyvəli" adlanan yerdə olduğunu bildirdim. Talehə dedim ki, maşının oradan götürülməsi üçün 1600 manat lazımdır. Həmin gün biz görüşdük və ondan 1600 manatı aldım. Talehə dedim ki, narahat olma, növbəti gün "Meyvəli"də maşını ona təhvil verəcəm. Lakin sonradan bir sıra maddi ehtiyaclarım ilə bağlı, həmçinin borclarım olduğundan avtomobili Talehə təhvil verə bilmədim".
İş üzrə zərərçəkmiş qismində ifadə verən Nərminin sözlərinə görə, Emin ilə 2019-cu ildə ailə qurublar: "Evliliyimizdən bir il keçdikdən sonra Eminlə aramızda olan münasibətlər pisləşməyə başladı. Hadisə günü evdə olan zaman mobil nömrəmə "Vorld telecom" adlı mağazadan bir xanım zəng etdi. Mənə Eminin 3000 manatlıq mobil telefon kreditlə götürmək istədiyini bildirdi. Bu barədə Eminə zəng edərək soruşdum. Emin mənimlə bəhanələr gətirərək danışdı. Daha sonra telefona cavab vermədi. Bu səbəbdən aramızda mübahisə yarandı. Həmin mağazanın olduğu yerə getdim. Orada Emini gördüm və mübahisə etdim. Eminlə evə gəldik. Evdə olan zaman mübahisələrimiz davam etdi. Mən azyaşlı uşaqlarımı götürərək yaşadığımıız evdən çıxdım və evin yaxınlarında gözlədim. Həmin vaxt Eminin anası ilə bacısına məlumat verdim. Onları evə çağırdım ki, Emini sakitləşdirsinlər. Eminin anası ilə bacısı gəldikdən sonra uşaqlarla birlikdə evə qalxdıq. Saat təxminən 22 radələri idi. Həmin vaxt Emin evdə deyildi. Eminin anası ona zəng edərək evə çağırdı. Saat 23 radələrində Emin yenidən evə qayıtdı. Emin evə gəldikdə anası ona bir qədər əsəbiləşdi və nə üçün belə etdiyini soruşdu. Daha sonra gecə saat 02.02-da Emin yenidən mübahisə etdi. Həmin vaxt Emin hər iki qoluma, baş nahiyəmə, kürəyimə bir neçə dəfə yumruq zərbələri ilə vurdu. Sol ayağıma təpiklə zərbə vurdu. Həmçinin əlində olan açarla sağ əlimin üzərinə vurdu. Səhərə yaxın Eminin anası ilə bacısı getdilər. Artıq Emin də sakitləşmişdi".
Zərərçəkmiş bildirib ki, növbəti gün işlədiyi uşaq bağçasına gedərkən yolda Emin ona zəng edib və orada olduğunu, onu gözlədiyini bildirib: "Oraya çatdıqda Eminin iş yerimin qarşısında olduğunu gördüm. Emin maşının açarını mənə vermək bəhanəsi ilə gəldiyini bildirsə də, məni zorla maşına mindirmək istədi. Mən onunla razılaşmadım. Ondan maşının açarını tələb etdim, almaq istədim. Emin açarı verməyəcəyini dedi. Sonradan maşına mindi və getmək istədi. Bu zaman maşından tutsam da, yıxılacağımı düşünərək əlimi çəkdim. Bundan sonra Emin getdi".
Bu cinayət işinə Binəqədi rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə 2 il 10 ay 18 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Eminin barəsində olan həbs qətimkan tədbiri başqa yerə getməmək barədə qətimkan tədbiri ilə əvəz edilib. Təqsirləndirilən şəxsin üzərinə daimi yaşayış yeri olan Yasamal rayonu, Melisa yaşayış kompleksini axşam saat 23.00-dan səhər saat 06.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub.