Bakıda kişi arvadını gizli izlədi: "Təzə tikiliyə girdilər..."– Şok təfərrüat

Bakının Xətai rayonunda 1976-cı il təvəllüdlü Elşən keçmiş həyat yoldaşı Gülnarəni (adlar şərti verilib – red.) öldürüb.

Elşən Xətai rayon Məhkəməsinin 2022-ci il tarixli qətnaməsi ilə nikahı pozulmuş keçmiş arvadı Gülnarənin saç ustası işlədiyi “Su Pərisi” gözəllik salonundan 7 dekabr 2022-ci ildə saat 18.10-da iş yoldaşı ilə birgə işdən çıxdıqdan sonra hara getməsini bilmək üçün izləyib.

Rəfiqəsinin yaxınlıqdakı evinə gedən Gülnarə ondan götürdüyü paltarları qaytardıqdan sonra binanın həyətindən avtobus dayanacağına yollananda Elşən onun qolundan tutub, keçmiş arvadından haradan gəldiyini soruşub. Gülnarə dərzidən gəldiyini bildirəndə onun başqa kişi ilə münasibət qurub görüşməsindən şübhələnib. Həyətdə dərzi qohumları olduğu halda hansı səbəbdən başqa dərzinin yanına getdiyini soruşub.

Elşən cavab gözləmədən keçmiş arvadına 14 bıçaq zərbəsi vurub. Qadın aldığı xəsarətlərdən vəfat edib.

İstintaq orqanı tərəfindən Elşənin barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Elşən ittiham üzrə özünü qismən, yəni Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirli bilib. O bildirib ki, həyat yoldaşının anası və bacısı onları ayırmaq üçün çox çalışıblar: “Boşandıq, amma boşandıqdan sonra da birlikdə yaşamağa davam etdik. Qərara gəldik ki, birlikdə yaşadığımızı heç kəs bilməsin. Hamıdan gizli bir yerdə yaşadıq”.

Təqsirləndirilən şəxs qeyd edib ki, həyat yoldaşı Gülnarə “Su Pərisi” gözəllik salonunda işləyib: “Bir gün Gülnarə mənə zəng edərək evə gec gələcəyini, qızımızın evdə tək olduğunu bildirdi. Gülnarəyə uzun müddətdir evə gec gəldiyini bildirdim. Əsəbiləşərək birlikdə yaşadığımız evdən çıxıb getdim. Həyat yoldaşımın bacısı mənə zəng edib dedi ki, bir də bacıma yaxınlaşsan, uşaqları da götürüb səndən şikayət edəcəm. Mən də soruşdum ki, sizin məqsədiniz ailəmizi dağıtmaqdır?

Həmin ərəfədə maşınımı satdıqdan sonra Naxçıvan şəhərindən Bakıya yeni qayıtmışdın. Naxçıvandan qayıtdıqdan sonra qızımın yanına gəldim. Avtomobili təzəcə satdığım üçün üzərimdə pul vardı. Gülnarəyə dedim ki, uşaqlarımızın yaşı böyükdür, yenidən ailə quraq, birlikdə həyatımıza davam edək”.

Təqsirləndirilən şəxs bildirib ki, dekabrın 7-də yenidən barışıb, bir yerdə həyata davam etmək təklifini bildirmək üçün Gülnarənin iş yerinə gedib: “Gülnarə işdən başqa iki xanımla çıxdı. Bu səbəbdən ona yaxınlaşmadım. Sonra Gülnarənin yanında olan iki xanımdan biri onlardan ayrıldı. Düşündüm ki, Gülnarə yanındakı xanımla birlikdə avtobus dayanacağına gedəcək. Lakin onlar dayanacağa tərəf yox, “Əhmədli” metro stansiyası yaxınlığında “Ukrayna” dairəsi adlanan əraziyə doğru getdilər”.

Elşənin sözlərinə görə, Gülnarəgili izləməyə başlayıb: “Bir müddət sonra bir binanın arasından məhəllənin içərisinə kiçik bir tunel yolu olduğunu gördüm. Həmin məhəllədə mənim böyük bacımın baldızının dərzi sexi vardı. Düşündüm ki, Gülnarənin bu ərazidə gedə biləcəyi yeganə yer həmin dərzi sexi olar. Amma Gülnarəgil həmin dərzi sexinə heç yaxınlaşmadılar.

Mən qısqanc biri olduğum üçün əsəbiləşməyə başladım. Gülnarəgil bir az getdikdən sonra yeni tikiliyə daxil oldular. Mən tikilinin həyətində gözlədim. Təxminən 40 dəqiqə sonra Gülnarə və yanındakı xanım binadan çıxdılar. Mən dGülnarəyə yaxınlaşıb haradan gəldiyini soruşdum. Gülnarə də dərzi sexindən gəldiyini bildirdi. Mən ona hər dəfə getdiyi dərzi sexini göstərərək nə üçün başqa dərziyə, yəni yeni tikilidə olan mənzilə getdiyini soruşdum. Həmin vaxt bir az sərxoş vəziyyətdəydim, üzərimdə də bıçaq vardı. Amma bıçağı ora Gülnarəni bıçaqlamaq məqsədi ilə gətirməmişdim”.

Təqsirləndirilən şəxs bildirib ki, üstündəki bıçağı çıxarıb: “Bir anlıq əsəbiləşdim və Gülnarəyə bıçaq zərbələri vurdum. Özümdə olmadığım üçün neçə dəfə və nə tərzdə zərbələr endirdiyimi, Gülnarənin ölüb-ölmədiyini bilmədim”.

İş üzrə zərərçəkmiş Gülnarənin hüquqi varisi, bacısı Könülün sözlərinə görə, təqsirləndirilən Elşən onun bacısı Gülnarənin keçmiş əri və bibisi oğludur: “Mən uşaq olarkən Elşən mərhum bacım Gülnarə ilə nişanlandı. Bacım nişanlananda 15 yaşı vardı. Gülnarə və Elşən həmişə dava-qırğın münasibətində olublar. Hətta nişan qaytarma hadisələri də baş verib. Biz nişanı qaytarsaq da, Elşən israrla bacımla barışmaq istəyib. Sonra Elşən atama, həm də öz dayısına “bir daha belə hal təkrarlanmayacaq, bu, sonuncu dəfədir” kimi vədlər verərək bacımı evdən götürərək aparıb. Lakin bu hallar illərlə təkrarlanıb”.

Hüquqi varis qeyd edib ki, hadisə qısqanclıq zəminində baş verməyib: “Elşən özünü haqlı çıxarmaq üçün hadisəni qısqanclıq zəminində törətdiyini bildirir. Gülnarə qısqandıracaq hər hansı hərəkət etməyib. Gülnarə və Elşən ailə qurduqdan sonra da onların dava-qırğını, problemləri bitməyib. Elşənin birlikdə yaşadıqları evi Gülnarədən xəbərsiz satması onların arasında yaranmış davanın əsas səbəbi olub”.

Könülün ifadəsinə görə, Elşən işindən ayrılaraq oğlu Əli və keçmiş arvadı Gülnarənin puluna dolanmağa başlayıb: “Bacım Gülnarə və oğlu Əlinin evdə hər hansı söz haqqı olmayıb. Ailə daxilində bütün qərarları həmişə Elşən özü verib. Bacım və Elşən boşandıqdan sonra, eləcə də övladları Əli hərbi xidmətdə olan zaman Gülnarə digər övladı Səmayə ilə birlikdə kirayədə yaşayıb.

Boşanmadan sonra Gülnarənin Elşəndən ayrı yaşamasına baxmayaraq, onun işdən çıxıb təkbaşına evə gəlməsini, Əlinin hərbi xidmətdə olduğu müddətdə isə qızı Səmayəni məktəbə təkbaşına aparıb-gətirməsini, eləcə də evə bazarlığı təkbaşına etməsini və digər halları bəhanə edərək onu güdüb. Elşən Gülnarəyə “sənə bir şey edərlər, qoy yanında gedim” kimi sözlər deyib. Elşənin düşüncəsinə görə, bir qadının başının üstündə mütləq kişi olmalıdır”.

Hüquqi varis deyib ki, onun əri Vətən Müharibəsi zamanı şəhid olub: “Elşən ərimin şəhid olduğunu bildiyi halda dəfələrlə mənə, həmçinin qızlarıma qarşı ağır təhqirlər ünvanlayıb. Elşən xəstə təfəkküründə olan bir insandır.

Elşən bacım Gülnarə kirayədə yaşadığı müddətdə onu bir neçə dəfə təhdid edib. Gülnarə tək yaşadığı üçün hər gün mütəmadi olaraq bir neçə dəfə onunla hal-əhval tutmaq üçün zəng etsəm də, zənglərimə cavab vermirdi. Mən də məcbur qalaraq bacımın qızı Səmayəyə, eləcə də Gülnarənin müdiri Fəridə xanıma zəng vuraraq bacım haqqında nəsə öyrənməyə çalışmışam.

Elşən hər gün Gülnarənin kirayədə qaldığı evə gedərək barışmayacağı təqdirdə onu öldürməklə təhdid edirdi. Gülnarə isə onunla birgə yaşamaqdansa ölmək istədiyini demişdi.

Qətl Gülnarə işdən çıxıb evə gedərkən baş verib. Həmin vaxt Gülnarə hərbi xidmətdə olan oğlu ilə telefonla danışırmış. Çünki bizə hadisə barədə xəbəri məhz Əli verdi. Əli zəng vuraraq “anama nəsə elədilər, qaçın” dedi.

Elşən bacım Gülnarəyə 14 bıçaq zərbəsi vuraraq qətlə yetirib. Buna görə Elşəni bağışlaya bilmirəm. Aramızda barışıq əldə edilməyib”.

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Elşən 16 il müddətinə azadlıqdan məhrum edilib./Teleqraf.com

23.10.2023 17:25
2537