Bakıda iki özəl məktəbi bağlandı -Varlıların...

Ekspert: “Özəl məktəb yaradanlar daha çox gəlir götürməyi düşünür, ona görə...”

Bakının Səbayel rayonu Badamdar qəsəbəsində yerləşən məşhur Bakı Oksford Məktəbi müsadirə edilib, binası isə satışa çıxarılıb. Binanın ilkin satış qiyməti 24.7 milyon manatdır.

Bununla bağlı Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 27 avqust 2024-cü il tarixdə hərrac keçiriləcək.

Qeyd edək ki, Bakı Oksford Məktəbi həbsdə olan iş adamı Rasim Məmmədovun həyat yoldaşı Mehriban Məmmədovaya məxsus olub. R.Məmmədov özü də uzun illər “Baku Steel Company”nin rəhbəri olub. 185 milyon manatlıq yeyintidə təqsirli bilinən Rasim Məmmədov 14 il müddətə azadlıqdan məhrum edilib. 

Cinayət işində o da qeyd edilir ki, Bakı Oksford Məktəbi onun cinayət yolu ilə əldə etdiyi pulla tikilib. Bu səbəbdən məktəbin binası Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə müsadirə edilib. 

Xatırladaq ki, bina 2014-cü ildə istifadəyə verilib. Bakı Oksford Məktəbi Bakıda ən bahalı özəl məktəblərdən sayılırdı. Burada təhsil ingilis dilində idi və əsasən imkanlı şəxslərin övladlarının oxuduğu məktəb kimi tanınırdı.

Yada salaq ki, bu ilin iyul ayında Bakı Fransız Liseyi(BFL) də fəaliyyətini dayandırıb. Buna əsas səbəb kimi 10 illik fəaliyyəti ərzində BFL-in şagird sayının fəaliyyət planında nəzərdə tutulan saydan əsaslı şəkildə aşağı olması, saxlanma xərcləri ilə bağlı çətinliklər, habelə fəaliyyətin iqtisadi cəhətdən səmərəli olmamasıdır. Belə ki, 320 şagird üçün nəzərdə tutulan məktəb bu illər ərzində təsisçi tərəfindən təyin edilən hədəfə çatmayıb, 200 nəfərlik baryeri (60%) keçə bilməyib, bu isə öz növbəsində məktəbin rentabelliyinə ciddi şəkildə təsir göstərib. Qeyd olunanları nəzərə alaraq cari vəziyyətdə BFL-in bundan sonrakı fəaliyyətini davam etdirməsi təsisçi tərəfindən mümkünsüz hesab edilib.

Hər iki məktəbdə əsasən imkanlı və varlı ailələrin övladları oxusa da, özəl təhsil ocaqlarının bağlanması təhsilin inkişafını ləngidən prosesdir. Baxmayaraq ki, hər iki məktəbin fəaliyyətinin dayandırılması üçün əsaslı səbəblər var. Bəs paytaxtda ikidilli (ingilis və fransız)  tanınmış təhsil ocağının fəaliyyətini dayandırması təhsilə hansı mənfi təsirləri ola bilər?

Kamran Əsədov Bakını tərk etdi - O, İstanbuldan iş təklifləri alıb

Kamran Əsədov 

Mövzu ilə bağlı təhsil eksperti Kamran Əsədov “Yeni Müsavat”a deyib ki, “Təhsil haqqında” Qanun Azərbaycanda mülkiyyət növünə görə dövlət, bələdiyyə və özəl təhsil müəssisələrinin fəaliyyətinə icazə verir: “Ancaq ölkəmizdə indiyədək yalnız özəl orta məktəblər yaradılıb. Bələdiyyə məktəblərinin yaradılması məsələsi dəfələrlə gündəmə gətirilsə də, bugunədək reallaşmayıb. Dövlət Statistika Komitəsinin məlumatları əsasında deyim ki, hazırda Azərbaycanda 2023-2024-cü dərs ilində  fəaliyyət göstərən dövlət və özəl əyani ümumi təhsil müəssisələrinin sayı 4500-ə qədər olub. Onlardan 346-sı ibtidai, 830-u ümumi orta, 3312-si isə tam orta ümumi təhsil müəssisəsidir. Liseylərin sayı 85, gimnaziyaların sayı isə 15-dir. Eyni zamanda sağlamlıq imkanları məhdud uşaqlar üçün 17 xüsusi  və  internat məktəbi fəaliyyət göstərir.

Amma dövlət məktəbləri büdcədən asılı olduğu üçün o qədər də sürətlə inkişaf də bilmir. Xatırladım ki, özəl təhsil müəssisələrinin əhatəliliyi bu gün 1 faizdən aşağıdır. Burada təhsil alanların sayı da dövlət orta məktəbləri ilə müqayisədə dəfələrlə aşağıdır. Hazırda özəl məktəblərdə təhsil alan şagirdlərin ümumi sayı isə 1489-dur. Bu, digər ölkələrlə müqayisədə çox aşağıdır. Qardaş Türkiyədə təkcə İstanbulda 7 min orta məktəbdən 3500-ü özəldir. Bu, həm büdcə asılılığını azaldır, həm də təhsil müəssisələri arasında rəqabət mühiti formalaşdırır".

Ekspert əlavə edib ki, dünyanın inkişaf etmiş bütün ölkələrində vəziyyət oxşardır: “Amma ölkəmizdə özəl orta məktəblərin təhsil haqqı hədsiz dərəcədə yüksəkdir. Bu da əlçatımlılığının qarşısını alır.

Ölkəmizdə özəl orta məktəblərin problemi təkcə təhsil haqqının yüksək olması deyil, burada digər problemlər də var. Belə ki, müxtəlif özəl məktəblər var ki, heç fəaliyyəti cəmiyyətə bəlli deyil, ingilis və ya başqa xarici dilli məktəb olaraq əcnəbi adda fəaliyyət göstərirlər. Səfirliklər öz əməkdaşları üçün məktəb aça, kadrları da, məktəb də həmin dövlətin dilində fəaliyyət göstərə bilər. Həmin məktəblərdə ölkəmizin tarixi, coğrafiyası, dili də öyrədilməlidir. Digər tərəfdən, Azərbaycanın təşkil etdiyi məktəblər əsasən milli kadrlardan ibarət olmalı, öyrədilən biliklər öz dövlətimizin standartına, tərbiyə aspekti isə milli-mənəvi dəyərlərimizə əsaslanmalıdır. Təəssüf ki, bir sıra orta məktəblər var, xaricdən mütəxəssislər dəvət olunur, dərs proqramı xaricdən gətirilir, tərbiyə aspekti milli dəyərlərimizdən kənar olur.

Dünya təcrübəsi ilə bağlı başqa bir məqamı da qeyd edim ki, əslində Qərb ölkələrində bir çox özəl orta məktəblərdə uğurla təhsil alan tələbələr üçün qrantlar və adlı təqaüdlər sistemi nəzərdə tutulur. Bu, valideynlərin çəkdiyi ilkin xərcləri əhəmiyyətli dərəcədə kompensasiya edə bilir. Ayrı-ayrı hallarda özəl məktəbin müdiriyyəti istedadlı uşaqları qismən ödəniş müqabilində və ya təmənnasız olaraq məktəbə qəbul edir. Təəssüf ki, bizim ölkəmizdə bu cür təcrübə vüsət almayıb. Ona görə də təhsilin bu sektorunu inkişaf etdirmək, ona olan marağı daha da artırmaq, mövcud problemləri nizamlamaq, əhalinin sosial tərkibindən asılı olmayaraq hər bir təbəqəyə maddi cəhətdən əlçatan etmək üçün təşkilati və stimullaşdırıcı tədbirlərin həyata keçirilməsinə böyük ehtiyac var.

Digər tərəfdən, özəl orta təhsil müəssisələrinə öz işlərini daha səmərəli qurmaqda və inamlı təsir bağışlamaqda onlara dövlət dəstəyinin də böyük təsiri ola bilər. Bu, çox vacib şərtlərdən biridir. Bütün bu qeyd etdiyim xüsusiyyətlər maddi vəziyyəti yaxşı olan şəxslərin özəl məktəblərə marağını artırıb.

Əlbəttə ki, özəl məktəbin açılması dövlətin yükünü azaldır ki, bu yaxşı haldır. Amma özəl məktəbləri məmurlar açmamalıdır. Bu, rəqabət mühitinə ciddi zərbə vurur. Əgər özəl təhsil biznesinə başlayan məmur təhsil sistemindən gəlibsə, bu yaxşı haldır. Ən azı o təhsili bilir, çatışmazlıqları aradan qaldırmaqda maraqlı olacaq.

Amma yaxşı olar ki, dövlət maraqları biznes maraqlarına qurban verilməsin. Təəssüf ki, özəl məktəb yaradanlar keyfiyyətli təhsil verməyi yox, daha çox gəlir götürməyi düşünürlər. Əgər o şəxslər məmur olan vaxtı keyfiyyətli təhsil xidməti göstərməyiblərsə, təhsil sahəsində uğurlu adam olmayıblarsa, onlar özəl məktəb mühitinə ancaq biznes marağı üçün gələcəklər. Bu gün ölkədə keyfiyyətli təhsil müəssisələrinə ciddi şəkildə ehtiyac var. Bu zaman əhalinin aztəminatlı kateqoriyasını da nəzərə almaq lazımdır. Təəssüflər olsun ki, özəl məktəblərin təhsil haqları çox yüksəkdir və reallığı əks etdirmir. Digər tərəfdən, özəl məktəbləri yaradanlar ancaq öz qohum-tanışlarını ora cəlb etməməlidir. Çünki bu zaman qeyri-peşəkar idarəetmə müəssisənin fəaliyyətini təhlükəyə sala bilər.

Ümumiyyətlə, məmurların təhsil biznesində fəaliyyətinə onlar dövlət sektorundan uzaqlaşdıqdan sonra icazə verilməlidir. Bu zaman onlar vəzifə səlahiyyətlərindən sui-istifadə etməzlər".

Afaq MİRAYİQ,
“Yeni Müsavat”




07.08.2024 10:21
1100