Bakının Xəzər rayonunda 1989-cu il təvəllüdlü Şahin əmisi Valehi qətlə yetirib.
Musavat.com Teleqraf.com-a istinadən bildirir ki, qətl hadisəsi 29 sentyabr 2022-ci ildə Xəzər rayonu, Buzovna qəsəbəsində baş verib.
Şahin yaşadığı evin yaxınlığında əmisi Valehlə mübahisə edib. Mübahisə zamanı Şahin bıçaqla onun bədən nahiyəsinə zərbə vurub. Valeh aldığı xəsarətdən vəfat edib.
İstintaq orqanı tərəfindən Şahinin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Şahin ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, zərərçəkmiş Valeh əmisidir, əmisi ilə heç bir ədavəti olmayıb: "Əmim içki aludəçisi olduğu üçün həmişə məni, valideynlərimi yersiz təhqir edirdi. Hadisə günü də, yəni sentyabrın 29-u gecə evdə idim. Əmim həyətimizə gəlib, nalayiq ifadələr işlətdi. Buna görə aramızda münaqişə yarandı.
Münaqişə zamanı üzərimdə bıçaq yox idi. Əmim bıçaqla üzərimə gəldi və mənə zərbə vurmaq istəyəndə həmin bıçağı onun əlindən aldım. Bıçağı yerə atmaq istəyəndə əmimin qarın nahiyəsinə dəydi.
Əmimi qəsdən öldürmək niyyətim olmayıb. Polis bölməsində izahatımda da eyni şeyləri demişəm. Əmim məni təhqir etdiyinə görə belə hadisə yaşandı. O, atamı söydü. Əvvəllər də bizə içkili vəziyyətdə gəlib. Ona həyətimizə içkili vəziyyətdə gəlməməyi tapşırmışdım. Həyətdə məndən başqa qardaşlarım və ailəsi də yaşayır".
Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə günü qardaşları həyətdə olmayıb: "Qardaşlarım da əvvəllər əmimə həyətə içkili gəlməsinəı irad bildiriblər".
Məhkəmədə təqsirləndirilən şəxsin ibtidai istintaqa verdiyi ifadəsi ilə hazırkı ifadəsi arasında ziddiyyətlər yaranıb. Bu səbəbdən hakim heyəti ibtidai istintaqa verilən ifadəni açıqlayıb.
"Əmim tək yaşayırdı"
İfadədə deyilir ki, Şahinin əmisi Valehi qəsdən öldürmək istəməyib, ona yalnız xəsarət yetirmək fikri olub.
Deyib ki, 2013-cü ildə rəsmi nikaha daxil olaraq evlənib və bu nikahdan 3 qızı, 1 oğlu var: "Biz Buzovna qəsəbəsində ata həyətində qalırıq. Həyətdə 3 ev var. Evlərdən birində böyük qardaşım Ağahüseyn ailəsi ilə, o biri evdə anam subay qardaşım Cavanşirlə, o biri evdə isə biz qalırıq.
Ağahüseyn həyat yoldaşı Aygün və birgə nikahdan olan övladları 3 yaşlı Lətiflə birlikdə yaşayır. Atam Bahadur 2016-cı ildə xəstəlikdən vəfat edib.
Mənim 4 əmim var. Böyük əmim Manaf ailəsilə bizimlə qonşuluqda, o biri əmim Vahab ailəsilə Albalılıq yaşayış massivində, digər əmim Saleh ailəsilə evimizin yaxınlığında yaşayır. Salehgillə evimizin arasında məsafə təxminən 5-10 dəqiqəlik yoldur.
Mərhum əmim Valeh isə Salehgilin həyətində, başqa evdə tək yaşayırdı. Bundan başqa, beş bibim var, onlar da Buzovna və Maştağa qəsəbələrində ərazilərində yaşayırlar. Əmim Valeh əvvəllər Xədicə adlı qadınla evli olub. Həmin nikahdan Cəmalə adlı qızı var. Sonra nikahları pozulub və arvadından ayrılıb".
"İçki aludəçisi idi"
Təqsirləndirilən şəxsin ifadəsinə görə, daha sonra Valeh Zümrüd adlı qadınla qeyri-rəsmi ər-arvad kimi yaşayıb, bu nikahdan Ayşən və Taleh adlı övladları doğulub: "Valeh Zümrüddən də ayrıldı. Çünki spirtli içki aludəçisi idi, tüfeyli həyat tərzi keçirirdi. Eşitdiyimə görə, narkotik maddələrdən də istifadə edirdi.
Valehlə aramızda hər hansı bir düşmənçilik və ədavət olmayıb. Amma son zamanlar həyətdən bəzi əşyaların oğurlandığını hiss edirdim. Əşyaları götürənin əmim olduğunu bildiyim üçün bu barədə polisə şikayət etmirdim. Valehin götürdüyü ev əşyalarının qiyməti baha deyildi, yəni qaz balonu, qazan, tava, çaynik və bu kimi əşyalardı. Buna görə Valehə iradlarımı bildirmişəm. O isə həyətimizdən və evdən əşya götürdüyünü inkar edirdi".
"Həmişə yola verməyə çalışmışam"
Şahin deyib ki, son zamanlar Valeh sərxoş vəziyyətdə yaşadığı evə gəlir, onun, rəhmətlik atasının və ailəsinin ünvanına dilə gətirilə bilməyəcək ifadələrlə söyüşlər söyürmüş: "Heç vaxt əmimin təhqirlərinə qarşılıq verməmişəm. Bir böyük kimi onu yola verməyə çalışmışam. Amma bu hal, yəni Valehin şərəf və ləyaqətimi səbəbsiz söyüb təhqir etməsi daimi xarakter almışdı.
Atam sağ olanda ondan qorxaraq çəkinirdi, həmin vaxtlar bizimlə işi yox idi.
Valeh ayıq vaxtlarında deyirdi ki, sərxoş olanda nə etdiyinin fərqində olmur. Cavabında deyirdim ki, əmi, sən onsuz da həmişə sərxoş olursan, məni həmişə təhqir etməlisən?.."
"Başa düşdüm ki, əmim götürüb"
Təqsirləndirilən şəxs deyib ki, sonuncu dəfə həyətindən çarpayı setkasını götürüldüyünü hiss edib:
"Çarpayının o qədər maddi dəyəri olmasa da, həyətdə istifadə edirdik. Bildim ki, həmin setkanı da əmim götürüb. Lakin ona bir söz demədim.
Valeh narkoloji dispanserdə stasionar müalicə almamışdan öncə, təxminən 2022-ci ilin avqustunda əmimgilin evinə gedəndə ev əşyalarımızı onlarda gördüm. Valehin özündən xəbərsiz əşyaları, yəni tava, qazan, çaynik və çarpayı setkaını götürərək evimə gətirdim.
Sentyabrın 28-də axşam təxminən saat 23 radələrində Valeh sərxoş halda bizə gəldi. Arvadım və uşaqlarım yatmışdılar. Məndən siqaret istədi, verdim. Dedi ki, sən artıq ... edirsən, girib evimdən qazan-çaynik götürürsən, mən səni vuracağam, gədə.
Əmimə söyüşlə danışmamağı bildirdim, dedim ki, əmi, mən də kasıbçılıqla dolanan adamam, sən mənim həyətimdə olan-qalanım nə varsa, götürürsən, əlacsız qalıram, narkolojidən təzə çıxıb gəlmisən, yenə başlamısan spirtli içki içməyə, belə hərəkətlər eləmə. Kənddə hamı səndən danışır ki, Valeh içib tüfeyli həyat tərzi keçirir.
Valeh yenə adəti üzrə məni və ailəmi təhqir etməyə başladı. Məni yenə öldürəcəyi ilə hədələdi və dedi ki, əşyaları oğurlamaq üçün götürməmişəm, istifadə edib qaytaracaqdım. Ünvanıma nalayiq ifadələr işlətməyə davam etdi. Ona dedim ki, indi sərxoşsan, get, sabah ayıq olanda danışarıq. Bu minvalla Valehi yola saldım".
"Anamı təhqir etdi"
Şahin deyib ki, Valeh sentyabrin 28-dən 29-na keçən gecə, təxminən saat 12 radələrində yenidən onların evinə gəlib: "Yenə məni söyüb təhqir etməyə başladı. Onu sakitləşdirirək evinə tərəf yola salmağa çalışdım. Yarı yolda Valeh mənə "gedək mənim evimə, gör səni..." - deyə bildirdi. Ölmüş atamın qəbrini söydü, anamı təhqir etdi.
Valehi yarıyolda qoyaraq evə qayıtdım. Təxminən 6 ildir belə davam edir, bu dəfə Valehin təhqirlərinə dözə bilmədim. Onu qorxutmaq məqsədilə evdən bıçaq götürüb yanına qayıtdım. Saat 01-02 radələri idi. Əmim məni görəndə dedi ki, bura gəl, küçük. Ağlayaraq dedim ki, əmi, həmişə sənə böyük kimi hörmət etmişəm, neçə illərdir, məni təhqir etməyinə baxmayaraq, sənə bir dəfə də cavab qaytarmamışam, əl qaldırmamışam. Amma sən isə mənim atamın qəbrini söydün. Buna görə məndən üzr istə. Əmim "səndən nə üzrü istəyəcəm..." Yenə söydü. Anam haqqında pis sözlər söylədi.
Bundan sonra bütün əsəblərim korlandı. Bir anlıq dünya başıma fırlandı. Valehi qorxutmaq və yüngül cəzalandırmaq üçün evdən götürdüyüm və şalvarımın sağ yan cibinə qoyduğum bıçağı çıxardım, Valehin təxminən qarın nahiyəsindən bir zərbə vurdum.
Zərbəni vurduqdan sonra Valehə dedim ki, bu, səni cəzalandırmaq üçündür, bir də atamın goruna söysən, məni təhqir etsən, səni öldürərəm. Bundan sonra evə qayıtdım. Əlimdəki bıçağı küçədə haraya tullamağım dəqiq yadımda qalmayıb".
"Bildirdim ki, öldürməmişəm"
Şahinin ifadəsinə görə, bundan sonra əmisi Salehə zəng edib və əmisi Valehi bıçaqladığını bildirib:
"Saleh sual verdi ki, Valehi öldürmüsən? Cavab verdim ki, yox, öldürməmişəm, qarın nahiyəsindən vurmuşam ki, onu cəzalandırım. Əmimə vurduğum yeri dedim, mənim də oraya gəlməyimi istədi. Amma mən evdə gözlədim, son dəfə evdəkilərə baxmaq istədim. Səhərə kimi evdəkilər yata-yata onlara baxdım və yatmadım. Dedim, səhər açılan kimi polisə təslim olmağa gedəcəm.
Gecə əmim Saleh mənə zəng vurdu və dedi ki, Valeh ölüb. Valehin ölümünə peşman oldum. Səhər açılan kimi polislər özləri evə gəldilər. Mən törətdiyim cinayəti polislərə etiraf etdim".
Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Şahin 10 il müddətinə azadlıqdan məhrum edilib.