Bakıda faciəli şəkildə ölən alim Azərbaycana buna görə gəlibmiş - TƏFƏRRÜAT

Bakıda yol-nəqliyyat hadisəsi zamanı dünyasını dəyişən türkoloq alim Arif Acaloğlunun Türkiyədən Azərbaycana gəlişinin səbəbi məlum olub.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, o, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyəti və Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun birgə təşkilatçılığı ilə "Əhməd Ağaoğlu və Türk dünyası” mövzusunda bu gün keçirilən beynəlxalq elmi konfransa dəvət olunub.

Beynəlxalq konfrans bu gün saat 11-də başlayıb və bu dəqiqələrdə başa çatıb. Faciəli şəkildə vəfat edən alimin tədbirdə məruzə ilə çıxışı gözlənilirmiş.

AMEA prezidenti İsa Həbibbəyli A.Acaloğlunun faciəli vəfatı ilə bağlı konfrans iştirakçılarını məlumatlandırıb və onun xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə AMEA-nın alimləri ilə yanaşı Türkiyədən dəvət olunmuş daha bir alim iştirak edib.

Qeyd edək ki, İstanbul Mərmərə Universtitetinin müəllimi, türkoloq alim Arif Acaloğlu Türkiyədən Azərbaycana qayıdan zaman Bakıda faciəli şəkildə vəfat edib. Noyabrın 15-i saat 23:30-da Bakı Olimpiya Stadionunun yaxınlığında Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov idarə etdiyi "Mercedes” markalı avtomobillə yolu keçən 67 yaşlı Acaloğlu Arif Mikayıl oğlunu vurub. Yaralı aldığı xəsarətlərdən yerləşdirildiyi 3 saylı şəhər Kliniki Xəstəxanasında dünyasını dəyişib.

Faktla bağlı Sabunçu rayon Polis İdarəsində cinayət işi başlanıb, araşdırma aparılır.

16.11.2023 15:33
1621