Qısa arayış...
2023-cü il fevralın 2-i Bakıda bıçaqlanma hadisəsi olur. Bu barədə 2005-ci il təvəllüdlü Nurcan Əliyeva Daxili İşlər Nazirliyinin 102 zəng mərkəzinə məlumat verib. O bildirib ki, atası Rövşən Əliyev anasını bıçaqlayıb. Yaralı 1975-ci il təvəllüdlü Vüsalə Əliyeva 3 saylı Şəhər Kliniki Xəstəxanasında əməliyyata götürülüb.
Daxil olan məlumat əsasında polis və prokurorluq əməkdaşları hadisə yerinə baxış keçiriblər. Məlum olub ki, cinayət hadisəsi Q.Qarayev prospekti 85, mənzil 21-in qarşısında baş verib. Bundan başqa, evin dəhlizində və otaqların döşəməsində qan ləkələri aşkar edilib.
Həmin gün polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində Bakı şəhər sakini 1972-ci il təvəllüdlü Rövşən Əliyev saxlanılıb.
Faktla bağlı Nizami rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silah və ya silah qismində istifadə olunan əşyalarla törədildikdə) maddəsi ilə başlanılan cinayət işi istinaqın davam etdirilməsindən ötrü rayon prokurorluğuna göndərilib.
Lent.az cinayət hadisəsinin istintaq materiallarını əldə edib.
İstintaqla müəyyən edilib ki, Rövşən Əliyevin arvadı Vüsalə Əliyeva ondan boşanıb və barışıqdan imtina edərək, ona yaşadıqları mənzilə gəlməyə icazə verməyib. Bu səbəbdən aralarında dəfələrlə mübahisələr baş verib. Buna görə də Rövşən qisas niyyəti ilə öldürmək qərarına gəlib. Keçmiş arvadını öldürmək üçün 2022-ci il dekabrın 30-da qadının yaşadığı Qara Qarayev prospekti, 85 ünvanında, blokda olan su sayğacının qutusunda bıçaq gizlədib. Vüsalə Əliyevanın hər gün səhər saatlarında mənzildən çıxıb, işə getməsi barədə məlumatı olduğundan 2023-cü il fevralın 2-i səhər saat 9:30-da ora gələrək, bıçağı götürüb və əlində saxlamaqla mənzilin qarşısında dayanaraq gözləyib. Qadın qapını açıb bloka çıxarkən öldürməkdən ötrü bıçaqla onun boynuna zərbələr endirib. Vüsalə Əliyeva zərbələrdən yayınmaq üçün, arxaya çevriləndə Rövşən Əliyev onun kürəyinə xəsarətlər yetirməkdə davam edib. Qızı Nurcan Əliyeva araya girib, anasını növbəti bıçaq zərbələrindən qorumağa çalışarkən ata bıçaqla övladının da qollarına və əllərinə xəsarətlər yetirib. Buna baxmayaraq keçmiş arvadı aktiv müqavimət göstərib, qızı isə atasını itələyib pilləkənlərdən yerə yıxıb. Vüsalə Əliyeva mənzilə girərək, arxadan qapını bağlayıb. Hadisə yerinə çağırılan Təcili Tİbbi Yardım briqadasının köməyi ilə zərərçəkmişlər vaxtında xəstəxanaya çatdırıldığından, onların həyatlarını xilas etmək mümkün olub.
İş üzrə dindirilmiş Rövşən Əliyev bildirib ki, məqsədi sadəcə keçmiş arvadını qorxutmaq olub, onu öldürmək istəməyib. Bıçağı cibindən çıxaranda, Vüsalə onu arxaya itələyib:
“Qadına var gücümlə zərbələr endirmirdim. Kürəyinə və boğazına xəsarətlər yetirdim, Nurcan əlimdən tutmaq istəyəndə, təsadüfən bıçaq ona dəydi. Blokdan əlimdə bıçaqla çıxaraq qaçdım. Qonşu binanın qarşısında bıçağı ağacın yanına tulladım. Bıçağı həqiqətən blokdakı su sayğacının qutusundan götürmüşəm. Hadisədən bir neçə gün əvvəl Vüsalə ilə binanın qarşısında qərəzli söhbətimiz olanda, evdən götürdüyüm başqa bıçaqla onu hədələmişdim”.
Zərərçəkmiş Vüsalə Əliyeva ifadəsində göstərib ki, Rövşən Əliyevlə 2003-cü ildə ailə həyatı qurub. Özü dərziliklə məşğul olub, Rövşən avtomobil təmiri sexində işləyib:
“Nikahdan 2 övladımız dünyaya gəlib, 8 il rayonda yaşayandan sonra Bakıya köçərək, kirayədə qalırdıq. Rövşən qumar oynayırdı, tez-tez pul uduzduğundan ondan ayrılmağa qərar verdim. Qaldığımız ev yoldaşımın qohumlarının evi idi, bir müddətdən sonra bizdən tələb etdilər ki, evdən çıxaq. Biz 2022-ci ilin aprel ayında boşandıq. Ayrılandan sonra Rövşən rayona atasının evinə qayıtdı. Bir müddətdən sonra keçmiş ərim Bakıya gələrək, mənimlə mübahisə etdi. Səs-küy eşidən qonşular, polisə zəng etdilər. Polis əməkdaşları ünvana gəlsələr də, şikayət ərizəsi yazmadım. Avqust ayında Rövşənlə barışdım və ona evdə qalmağa icazə verdim.
Vüsalə Əliyeva
Rövşən işləyəcəyini və hər şeyin düzələcəyini söz versə də, 2 aydan sonra evdən oğurluq etməyə başladı. Bundan başqa, Rövşənin son 1 il ərzində ödəmədiyi alimentə görə borcu yaranmışdı. Həmin borca görə icra məmurlarından vaxtı uzatmalarını xahiş etdim. 2023-cü il fevralın 2-də işə getmək üçün bloka çıxanda, Rövşən əlindəki bıçaqla dayanmadan mənə zərbələr vurdu. Köməyimə gələn qızım atasını arxaya itələdi, tez mənzilə girdik. Zərbələr boğazıma, kürəyimə, əlimə, qoluma və ürəyimə dəydi. Xəsətxanada əməliyyat olunaraq, həyatım xilas olundu”.
Xəsarət izi
Vüsalə Əliyeva əlavə edib ki, boşandığı üçün keçmiş əri onu öldürmək istəyib. Hadisə vaxtı qızı köməyə gəlməsəydi, onu qətlə yetirə bilərdi.
Zərərçəkmiş Nurcan Əliyeva ifadəsində göstərib ki, yanvarın 31-də atası evlərinə gələrək, tezlikə anasından qisas alacağını bildirib:
“Fevralın 2-də anamın qışqırdığını eşidən kimi, qapıya qaçdım. Atam sağ əli ilə anamı tutaraq, sol əlindəki bıçaqla ona zərbələr vururdu. Nə qədər cəhd etsəm də, bıçağı əlindən ala bilmədim. Atam səndələyərək, üzü aşağı qaçdı. Təcili Tibbi yardıma zəng etdim. Anamın boyun nahiyəsindən təzyiqlə axan qanı saxlamaq üçün şərfllə yaranı sıxıb saxladım”.
Məhkəmə iclasında Rövşən Əliyev ittiham üzrə özünü qismən təqsirli bilib. Zərərçəkmiş Vüsalə Əliyeva və Nurcan Əliyeva təqsirləndirilən şəxsdən şikayətçi olduqlarını bildiriblər.
Məhkəmə nəticəyə gəlib ki, ibtidai istintaq orqanı tərəfindən Rövşən Əliyevin əməli Cinayət Məcəlləsinin 29,120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd) və 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddələri ilə düzgün tövsif olunub. O, həmin maddələrin sanksiyaları həddində təqsirli bilinməli və cəzalandırılmalıdır.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rövşən Əliyev cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 15 il müddətinə azadlıqdan məhrum olunub.