Ermənipərəst, anti-Azərbaycan mövqeli ABŞ konqresmeni Frank Peloninin COP29 çərçivəsində Bakıya gəlməsinə görə bir qrup QHT təmsilçisi bu gün - 18 noyabrda növbəti dəfə onun yerləşdiyi otelin qarşısına gələrək, aksiya keçiriblər. QHT-lərin əsas tələbləri Peloninin Azərbaycan xalqından üzr istəməsi, dünənki dinc aksiya zamanı ictimai fəallara qarşı zorakılığa yol vermiş mühafizəçilərinə cinayət işi açılması, konqresmenin Azərbaycana qarşı iftira kampaniyalarına görə cavab verməsi olub.
Hadisə yerində olan "Yeni Müsavat" Media Qrupun redaktoru, "Vətəndaş Maarifləndirilməsi" İctimai Birliyinin icraçı direktoru Elşad Məmmədlinin Musavat.com-a verdiyi məlumata görə, aksiya hazırda 50-dən çox QHT rəhbərinin iştirakı ilə Ağ şəhər "Bulvar" otelinin qarşısında keçirilir.
Aksiyadan görüntüləri təqdim edirik:
Xatırladaq ki, ötən gün gecə Azərbaycan vətəndaş cəmiyyətinin bir qrup təmsilçisi ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qalması, xəsarətlər alması barədə birgə bəyanat yayıb.
Bəyanatda qeyd olunub ki, islamafob, türkofob, maliyyə fırıldaqçısı, korrupsioner ABŞ konqresmeni Frank Peloni Azərbaycan xalqına nifrət edən şəxsdir, onun bütün fəaliyyəti Azərbaycana qarşı iftiralar üzərində qurulub.
O, ABŞ-da erməni lobbisinin maraqlarını müdafiə edir, dəfələrlə Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmətsizlik edib: “Biz təəssüf edirik ki, BMT belə bir şəxsi COP29-a dəvət edib. Biz onun Azərbaycana səfərinə etiraz edirik. Onun qaldığı otelin qarşısında dinc etiraz aksiyası keçirirək Azərbaycan xalqından üzr istəməsini tələb etmişik. O, müharibə cinayətkarlarına himayəçilik edən şəxsdir. Qarabağda işğal dövründə təbiət məhv edilib, ərazi ekoloji böhran vəziyyətinə düşüb. Belə bir şəxsin dünyada iqlim dəyişmələrinə həsr olunmuş qlobal ekoloji tədbirə BMT tərəfindən dəvət edilməsi COP tarixinə utancverici hadisə kimi düşəcək. Keçirdiyimiz aksiya zamanı Frank Peloni mühafizəçilərinə bizə hücum etmək tapşırığı verib, özü isə suallarımıza cavab verməyib”.
Bu gün davam edən dinc aksiya zamanı QHT fəalları Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə Frank Peloninin mühafizəçilərinə qarşı cinayət işi açılması üçün müraciət imzalayıblar.
QHT nümayəndələri Azərbaycan sərhədlərini işğal dövründə dəfələrlə qanunsuz keçmiş sərhəd pozucusu Frank Peloni barəsində hüquqi tədbirlər görülməsini də tələb ediblər.
Musavat.com