Nəsimi rayonunda narkotiklərin satışı ilə məşğul olan daha 3 nəfər saxlanılıb.
Daxili İşlər Nazirliyindən Musavat.com-a verilən xəbərə görə, Nəsimi rayonunda narkotik vasitələrin satışını təşkil edən şəxslərə qarşı növbəti əməliyyat keçirilib.
Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən paytaxt sakini əvvəllər məhkum olunmuş 1977-ci il təvəllüdlü Ramin Cəlilov, 1995-ci il təvəllüdlü Bəxtiyar Eliyasov və 1966-cı il təvəllüdlü Samir Sultanov saxlanılıblar. Onların üzərindən 2 kiloqrama yaxın narkotik vasitə heroin və psixotrop maddə metamfetamin aşkar edilib.
Araşdırmalarla müəyyən edilib ki, R.Cəlilov, B.Eliyasov və S.Sultanov şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşları ilə sosial şəbəkələr vasitəsilə əlaqə yaradaraq ölkə ərazisinə müxtəlif qanunsuz yollarla göndərilən narkotikləri satmaq niyyəti ilə qəbul ediblər.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işləri başlanılıb. Nəsimi rayonunda narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir.