Ötən il yanvarın 17-də paytaxtın Pirallahı qəsəbəsində yaşayan Telman Mövsümzadə aralarında yaranmış mübahisə zamanı yaşadığı evin həyətində bıçaqla tanışı Lalə Ramazanovanın boğazını kəsərək öldürüb. Sonra cinayətin izini itirmək məqsədi ilə meyiti həyətyanı sahədə basdırıb və üzərini betonlayıb.
Fevralın 5-də isə Emil Mirzəyev qeyri-rəsmi yaşadığı arvadı Lalə Ramazanovanın evdən çıxaraq geri qayıtmadığı barədə rayon Polis Şöbəsinə müraciət edib.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, həmin gün Emil Mirzəyev və Lalə Ramazanova ümumi tanışları, Telman Mövsümzadə ilə birlikdə yeyib-içiblər. Bundan bir müddət sonra Emil həmin ünvandan çıxıb gedib. Saat 22 radələrində Lalə Ramazanova ilə Telman Mövsümzadə arasında mübahisə yaranıb. Bu zaman Telman Lalənin boğazını kəsərək, meyitini yaşadığı evin həyətində basdırıb.
Şübhəli şəxs qismində saxlanılan Telman Mövsümzadə Lalə Ramazanovanın meyitini basdırdığı yeri göstərdikdən sonra, cəsəd qazılaraq, oradan çıxarılıb.
Musavat.com xəbər verir ki, Lent.az sözügedən qətl hadisəsinin istintaq materiallarını əldə edib.
İstintaqla müəyyən edilib ki, həmin gün Telman Mövsümzadə dostu Emil Mirzəyevi və onun rəsmi nikahsız yaşadığı Lalə Ramazanovanı evinə qonaq çağırıb. Telman yeyib-içərkən, sərxoş vəziyyətdə Emilə dost kimi vaxtaşırı onu axtarmaması ilə bağlı irad bildirib, onu evdən qovub. Lalə Telmana birgə yaşadığı şəxsin arxası ilə danışmasının düzgün olmadığını bildirdikdə, o, qadını öldürmək qərarına gəlib.
Həmin vaxt baş vermiş hadisəni görən olmayıb. Torpaq örtüyü yumşaq olduğu üçün 10 dəqiqəyə çuxur qazdığını bildirən Telman meyiti basdırdıqdan sonra həyətə sıçramış qan izlərini xlorla sildiyini qeyd edib.
Onun sözlərinə görə, yanvarın 26-sı Emilə zəng edərək, həyətdəki torpaq örtüyünün üzərini betonlamaq üçün ondan kömək istəyib. Səhəri gün isə ərazini betonlayıb. Emil isə incik olduğu üçün ona kömək etməyib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə Telman Mövsümzadə 19 il müddətinə azadlıqdan məhrum olunub.