Bakıda COP29 konfransının rəsmi açılışı olub.
Musavat.com xəbər verir ki, konfransın rəsmi açılışında COP28-in Prezidenti Sultan Əhməd Əl-Cabir çıxış edib.
O bildirib ki, hazırda 55 ölkə qlobal miqyasda bərpa olunan enerji potensialının artırılması təşəbbüsünə rəsmən qoşulub, lakin bu rəqəm artmalıdır:
"COP28-dən sonrakı aylar ərzində həyata keçirdiyimiz tədbirlər göstərdi ki, dünya bərpa olunan enerji potensialını genişləndirməyə hazırdır. Hazırda 55 ölkə qlobal miqyasda bərpa olunan enerji potensialının artırılması təşəbbüsünə rəsmən qoşulub, lakin bu rəqəm artmalıdır”.
COP29-un Prezidenti Muxtar Babayev isə çıxışında temperaturla bağlı problemə diqqət çəkib:
"Temperaturun 3 dərəcəyədək artması milyonlar üçün fəlakət deməkdir. Bu, gələcəyin problemi deyil. İqlim dəyişikliyi artıq baş verir. İspaniyada daşqınlar, Avstraliyada meşə yanğınları və s. Bir sözlə, dünyanın müxtəlif nöqtələrində yaşayan insanlar əziyyət çəkirlər. Onlar bizdən kağız üzərində müzakirə yox, konkret addımlar gözləyir. Yekun qərar qəbul etmək üçün 11 günümüz var. Biz başa düşürük ki, danışıqlar heç də asan olmayacaq, amma konfransın əsas məqsədinə nail olmalıyıq. Əldə edəcəyimiz nəticələr təkcə ayrı-ayrı ölkələrin deyil, bütövlükdə planetimizin maraqlarına xidmət etməlidir".