Bakıda bu gün səhər saatlarında baş vermiş zəlzələ 206 nömrəli tam orta məktəbin müəllim və şagirdləri tərəfindən maraqla qarşılanıb.
Musavat.com xəbər verir ki, məktəbin direktoru Cavid Cəfərzadə İqtisadiyyat.az-a açıqlamasında bildirib ki, səhər dərs başlayan zaman zəlzələ xəbəri şagirdlər arasında panika yaradıb.
Onun sözlərinə görə, zəlzələ anında uşaqlar təhlükəsiz formada dərhal təxliyyə edilib. Bu zaman motivasiyanın yaranması üçün şagirdlər müxtəlif idman hərəkətləri nümayiş etdirməyə və daha sonra rəqsə cəlb olunub.
Beləliklə, şagirdlər müxtəlif musiqi sədaları altında rəqs edərək həm əylənib, həm də zəlzələ qorxusunu özlərindən uzaqlaşdıra biliblər.
"Çünki uşaqların yaşlarını və fiziologiyasını nəzərə alsaq, onların həyəcan və stresdə olmaları normaldır. İdman hərəkətlərindən sonra qərara aldıq ki, musiqi sədaları altında uşaqların həyəcanı aradan qalxsın. Bundan sonra uşaqlar rəqs etməyə başladılar. Sonra bu, vətənpərvərlik ruhunda davam etdi. İstəyimiz uşaqlardakı panika və stresi aradan qaldırmaq idi. Bu, valideynlərin də xoşuna gəldi", - direktor əlavə edib.
C.Cəfərzadə qeyd edib ki, daha sonra məktəbdə tədris prosesi bərpa olunub.
Qeyd edək ki, bu gün yerli vaxtla 08:15-də Siyəzən stansiyasından 60 km şərqdə, Xəzər dənizində zəlzələ qeydə alınıb. Yeraltı təkan 68 km dərinlikdə, 5,6 maqnitudalı olub. Zəlzələ 5-3 bala qədər hiss olunub. Zəlzələyə görə bəzi təhsil müəssisələrində valideynlər şəxsi narahatlıqları səbəbindən könüllü olaraq övladını evə aparıblar.