Bakıda avtomobilini "moyka"ya aparan qadının maşını qaçırıldı - FOTO

Bakıda avtoyuma məntəqəsinə maşınını aparan qadın buna peşman olub. Belə ki, avtoyuma məntəqəsinin işçisi onun etibarından sui-istifadə edərək maşınını qaçırıb.

BAKU.WS-in məlumatına görə, bu barədə Zərifə Dadaşova adlı şəxs sosial şəbəkə hesabında yazıb.

O qeyd edib ki, qonşusu olan və eyni zamanda avtoyuma məntəqəsində işləyən Anar Rəhimov avtomobilini qaçırıb.

Z.Dadaşovanın iddiasına görə, avtomobili qaşıran şəxs Səbail rayonu ərazisində adam mindirib onu "Sədərək" ticarət mərkəzinə də düşürüb.

Qadının polisə müraciətindən sonra avtomobil Biləcəridə vulkanizasiya qarşısında təkərləri və diskləri sökülmüş vəziyyətdə tapılıb.

Hadisə ilə əlaqədar Daxili İşlər Nazirliyindən bildirilib ki, bununla bağlı müvafiq polis orqanında araşdırma aparılır. Nəticəsi barədə əlavə məlumat veriləcək.

05.02.2024 17:03
1252