Novxanı qəsəbəsini Xırdalan şəhəri ilə əlaqələndirən 535 nömrəli marşrut avtobus sərnişinlərə qorxulu anlar yaşadıb.
Vətəndaşlar bildiriblər ki, sürücü avtobusa həddindən çox sərnişin götürüb və onu qapısıaçıq şəkildə idarə edib.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) sorğu ünvanladıq.
Qurumdan Oxu.Az-a cavab olaraq bildirildi ki, sürücülərin sərnişindaşıma qaydalarına riayət etməsi ilə bağlı onlara göstəriş verilib:
"Novxanı qəsəbəsini Xırdalan şəhəri ilə əlaqələndirən 535 nömrəli marşrut üzrə 15 avtobus 9 dəqiqə hərəkət intervalı ilə fəaliyyət göstərir. Sərnişin tələbatı nəzərə alınaraq bir neçə ay öncə kiçiktutumlu avtobuslar iritutumlu avtobuslarla əvəz edilib. Səhər və axşam pik saatlarda yollarda yaranan sıxlıq səbəbindən avtobuslar arasında interval çoxalır və sərnişin sıxlığı müşahidə edilir.
Daşıyıcıya sərnişin tələbatı nəzərə alınaraq günün pik saatlarında xəttə əlavə nəqliyyat vasitələrinin buraxılması, eyni zamanda, sürücülərin sərnişindaşıma qaydalarına riayət etməsi ilə bağlı bir daha tapşırıq verilib".