Bakıda 850 minlik “çıxarış” Ağır Cinayətlər Məhkəməsində çözüldü

Bakıda məşhur aşpaza məxsus torpaq sahəsinə 850 min manata “çıxarış” alacağını vəd edən şəxs azadlığa buraxılıb.

“Qaynarinfo”nun məlumatına görə, “Professional Kulinarlar Cəmiyyəti” İctimai Birliyinin sədri, Azərbaycan Milli Kulinariya komandasının üzvü Ağa Aşurov şəhərin mərkəzi hissələrində özünə məxsus 12 sot torpağına çıxarış almaq istəyib. Bu məqsədlə 25 iyul 1973-cü il tarixdə Masallı rayonunun Ərkivan kəndində anadan olmuş Elçin adlı tanışı ilə Xətai rayonu, Xocalı prospekti, 13a ünvanında yerləşən ofisində görüşüb.

Elçin görüş zamanı Ağa Aşurovu inandırıb ki, Nərimanov rayonunda yerləşən “Dövlət Torpaqlarının Özəlləşdirilməsi İdarəsi”nin rəis müavini vəzifəsində işləyən Ramiz adlı məmurun vasitəsilə torpağın özəlləşdirilməsi məsələsini həll edəcək. Amma bu işə Ağa Aşurov ümumilikdə 850 min manat xərcləməlidir.

Ağa Aşurov Elçinin təklifi ilə razılaşaraq, ona ötən ilin avqust ayında 260 min manat verib. Xeyli müddət keçməsinə baxmayaraq, Elçin torpağın sənədlərini həll etməyib və üstəlik, pulu da Ağa Aşurova qaytarmaqdan yayınıb.

Bundan sonra Elçinlə problemlər yaranmağa başlayıb. Ağa Aşurov Elçinə verdiyi pulları geri tələb etməyə başlayıb. Elçin, əvvəl olduğu kimi, yenə də pulların Əmlak Məsələləri Dövlət Xidmətində işləyən kimlərdəsə olduğunu və həmin şəxslərdən alıb ona qaytaracağına söz verib.

Ağa Aşurov hüquq-mühafizə orqanlarına müraciət edib, iş Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məhkəmədə Elçin özünü təqsirli bilərək, Ağa Aşurovdan aldığı 260 000 manatın 160 000 manatını tanımadığı yerdə, dəqiq xatırlamadığı vaxtda itirdiyini, 100 000 manatın onda qaldığını bildirib. Onun məqsədi Ağa Aşurovdan aldığı pullarla, həqiqətən, sonuncuya məxsus torpağa çıxarış almaq olub. Həmin işi həll edəcəyi təqdirdə, puldan 20-30 min manat qazanc əldə edəcəyini düşünürmüş.

Elçin cinayət işinin ibtidai istintaqı zamanı da hər şeyi olduğu kimi etiraf edib, Ağa Aşurovla danışıqları zamanı işi Ramiz adlı şəxs vasitəsilə həll edəcəyinə dair heç bir söz vermədiyini, ümumiyyətlə, işin həlli üçün heç bir şəxsin adını hallandırmadığını deyib, kimisə rüşvət verməyə məcbur etmədiyini bildirib. O, həmçinin, Ağa Aşurovdan aldığı pulun hamısını qaytardığını və ona borcu qalmadığını deyib.

Məhkəmənin qərarı ilə Elçin Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsə də, tərəflər arasında barışıq əldə olunduğundan cəza şərti olaraq tətbiq edilib və ona iki il sınaq müddəti müəyyən olunub. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilib, başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz olunub və o, məhkəmə iclas zalından azadlığa buraxılıb.

25.07.2023 21:37
876