Bakıda qanunla zəhərli maddələrin siyahısına daxil edilmiş metallik civə satmaq istəyən şəxs saxlanılıb. Həmin şəxs civəni 20 min manata satacaqmış.
Musavat.com xəbər verir ki, 30 yaşlı Adil Nəsirli civə satmaq istəyərkən Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Adil Nəsirli ifadəsində deyib ki, 2 kiloqramdan çox olan civəni evinin yaxınlığında tapıb və satmaq məqsədi ilə saxlayıb. O, bu barədə tanışlarından birinə məlumat verib və satmaq üçün müştəri axtarmasını istəyib.
Adilin həmin tanışı 400 qram civəni 20 min manata satmaq üçün müştəri tapdığını deyib. Onlar civəni satmağa gedən zaman saxlanılıblar. İstintaq zamanı məlum olub ki, Adilin civə satması barədə məlumatı polisə həmin tanışı verib.
Məhkəmə istintaqı zamanı Adilin həmin tanışı şahid qismində dindirilməli idi. Amma məlum olub ki, həmin şəxs vəfat edib.
Əməliyyat zamanı Adilin evindən civənin qalan hissəsi də aşkar edilərək götürülüb. Civənin ümumi çəkisi 2 kiloqramdan çox olub.
Məhkəmədə dindirilən Adil əməlindən peşman olduğunu deyərək barəsində yüngül cəza verilməsini xahiş edib.
Hökmə əsasən, Adil 2 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.
İ.Muradov
Musavat.com