Bakıda 11 yaşlı uşaq qızlara əxlaqsız hərəkətlər etdi, bunu görən qonşusu... – Şok təfərrüat

Bakıda 1983-cü il təvəllüdlü Toğrul özündən 29 yaş kiçik qonşusu olan Rahibə (adlar şərti verilib – red.) xəsarət yetirib.

Hadisə 2023-cü ilin iyunun 20-də baş verib. Toğrul həmin gün saat 16:30-da mətbəx bıçağı ilə aşkar surətdə köməksiz vəziyyətdə olan 2012-ci il təvəllüdlü Rahibə xəsarət yetirib.

İstintaq orqanı tərəfindən Toğrulun barəsində Cinayət Məcəlləsinin 126.2.3 (xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı qəsdən sağlamlığa ağır zərər vurma) və 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) maddələri ilə ittiham elan edilib.

Toğrulun barəsində olan cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Toğrul törətdiyi əməli etiraf edib. O bildirib ki, məhkəmədə ona zərərçəkmiş şəxs qismində təqdim olunan Rahibi tanıyıb, onunla qonşu olub: “Rahib məhlədəki qızlara qarşı əxlaqsız hərəkətlər etdiyi üçün ona dəfələrlə bu hərəkətindən əl çəkməsinə dair xəbərdarlıq etmişəm. Rahib isə əxlaqsız hərəkətlərini davam etdirdi. Mən də Rahibin bu hərəkətlərinə görə onu bıçaqla vurmuşam. Rahib azyaşlı olmasına baxmayaq etdiyi hərəkətləri o yaşına uyğun etmirdi. Mən əvvəl Maştağa qəsəbəsində ruhi əsəb dispanserində müalicədə olmuşam”.

Məhkəmədə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilib. Həmin ifadədən məlum olur ki, əməlini anlaqsız vəziyyətdə törətdiyi iddia olunan Toğrul ittiham üzrə özünü təqsirli bilib.

Toğrul bildirib ki, ailəsiylə yaşayır, natamam orta təhsillidir, məhkumluğu yoxdur: “Heç bir yerdə işləmirəm. Psixi xəstəliyim var. Anam ilə birlikdə yaşayıram. Qardaşlarım və bacılarım var. Onlar ayrı yaşayırlar. Sahib evimin yaxınlığında yaşayır, onun oğlu Rahibi də tanıyıram. Rahibin 11 yaşı var, nadinc və əxlaqsız uşaqdır. Daima aktivdir, həmişə onun qız uşaqlarına sataşması, onlara əli ilə toxunmasını görmüşəm. Həmişə ona irad tutmuşam. Lakin onun atasına bu barədə heç nə deməmişəm”.

Təqsirləndirilən şəxs qeyd edib ki, iyunun 20-də, saat 16 radələrində evinin yaxınlığında tək dayanıb, sonra orada gəzişib: “Bir qədər sonra Rahibin orada uşaqlarla oynadığını gördüm. Sonra onun yanında başqa bir azyaşlı tanımadığım uşaq da gördüm. Sonra evə getdim. Evdən mətbəxdən bıçaq götürdüm və cibimə qoydum. Rahibin bizm məhəlləyə gəlməsinə əsəbləşdim. Onun orada niyə dayandığını aydınlaşdırmaq istədim. Buna görə də ona tərəf getdim. Rahibi səsləyərək yanıma çağırdım. Rahib mənə yaxınlaşanda cibimdə olan bıçağı çıxararaq onun qarın nahiyəsindən bir bıçaq zərbəsi vurdum. Sonra bıçağı cibimə qoyaraq getdim. Rahib isə yerə yıxıldı. Sonrakı dəqiqələrdə könüllü olaraq polisə getdim. Etdiyim əməldən peşmanam”.

Təqsirləndirilən şəxs qeyd edib ki, adlarını və anket məlumatını bilmədiyi azyaşlı qız uşaqlarına Rahibin son aylar ərzində əli ilə toxunaraq əxlaqsız hərəkətlər etməsinə görə onu cəzalandırıb və bir daha belə əməl etməməsini istəyib: “Onu öldürmək niyyətim olmayıb. Qəsdən ona bir bıçaq zərbəsi vurmuşam. Orada kimlərin şahid olmasını bilmirəm, şahidin olduğunu görməmişəm. Mənim Rahibi bıçaqla vurmağımın səbəbi onun azyaşlı qızlara qarşı əxlaqsız hərəkətlər etməsi olub”.

İş üzrə zərərçəkmiş Rahibin sözlərinə görə, ailəsiylə yaşayır, liseyinin 6-cı sinif şagirdidir: “Ailədə məndən başqa 6 yaşlı bacım var. Həmçinin nənəm və babam da bizimlə yaşayır. Yaşadığım məhəllədə yay aylarında çıxıb gəzirəm, yoldaşlarımla oynayıram. Yaşadığım məhəllədə Yasin adlı məndən bir yaş böyük uşaqla bir ildir ki, yoldaşlıq edirəm. Hava şəraiti yaxşı olanda çıxıb evimin yaxınlığında oynayıram. Toğrulu 2 ilə yaxındır ki, tanıyıram, evimin yaxınlığında yaşayır, anası və xalasını da tanıyıram. Daima onlara salam verib, salamlarını alıram. Toğrulla da aramızda salam-sağ ol münasibəti var. Heç zaman aramızda münaqişə və ya mübahisə olmayıb, mənim yaşıdım deyil”.

 

Zərərçəkmiş şəxsin sözlərinə görə, bıçaqlanma hadisəsinə kimi, iyun ayının əvvəllərindən hadisə olanadək olan müddət ərzində Toğrul onu təxminən 4 dəfə ayrı-ayrı günlər ərzində “rolik” sürərkən sürdüyü yerdən qovub, orada oynamamağını deyib: “Toğrul mənə “maşallah hər şeyiniz var, get kef elə “ deyib. Mən bu barədə nə babama, nə də atama məlumat vermişəm. Hadisədən bir gün öncə təkərli “rolik” sürərkən Toğrul qolumdan tutaraq məni itələdi. Mən yerə yıxıldım. Toğrul mənim buradan çıxıb getməyimi tələb etdi. Məni bıçaqlayacağını və öldürəcəyini dedi. Sonra evə gəldim. Bu barədə evdə ailə üzvlərimə dedim. Lakin Toğrulun məni bıçaqlayacağını və öldürmək sözünü ailə üzvlərimə demədim. Ailə üzvlərim isə orada oynamamağımı, ona yaxın getməməyimi istədilər”.

Rahib bildirib ki, iyunun 20-də, saat 14:30 radələrində məhəllədə "rolik" sürüb, dostu Yasinlə görüşərək söhbət edib: “Sonra tək "rolik" sürərkən Toğrul yanıma gəldi. Yenə oradan getməyimi tələb etdi. Mən də ona heç nə demədim, evə gəldim. Nənəmə Toğrulun bu hərəkəti barədə dedim. Nənəm isə o tərəfə getməməyimi, ona fikir verməməyimi dedi. Təxminən saat 16 radələrində Yasinlə evimin yaxınlığında görüşdüm. Sonra üzərimdə olan “iphone” markalı mobil telefonunda oyun oynadım. 2 mərtəbəli binanın giriş hissəsində olan pilləkənlərdə əyləşdik. Saat təxminən 16:30-da ayağa qalxdım. Bir neçə metr ayaqla yavaş-yavaş hərəkət etdim. Bu zaman oraya Toğrul gəldi. Əli ilə boyun nahiyəmdən tutdu. Məni və ailə üzvlərimi təhqir etdi. Əlində olan bıçaqla qəsdən qəflətən qarın nahiyəmdən bir bıçaq zərbəsi vurdu. Mən əlim ilə qarın nahiyəmdən tutdum və oradan təxminən 100 metr aralıqda olan evə gəldim. Evə gələrkən arxamca təxminən bir neçə metr Toğrulun əlində bıçaqla gəlməsini gördüm. Mənə “gəl buraya” dedi. Mən evdə olan nənəmə Toğrulun məni bıçaqladığını dedim. Sonrakı dəqiqələrdə özümdə olmadığımdan hadisələri xatırlamıram”.

Rahib qeyd edib ki, Toğrul onu heç bir əsaslı səbəb olmadan bıçaq zərbəsi ilə vuraraq ona ağır xəsarət yetirib: “Heç zaman heç bir uşaqla münaqişə etməmişəm. Heç kimə sataşmamışam. Həmçinin heç bir qıza da söz deməmişəm”.

Məhkəmənin hökmü ilə Toğrulun Cinayət Məcəlləsinin 126.2.3 və 126.2.4-cü maddələri ilə nəzərdə tutulan əməllərini anlaqsız vəziyyətdə törətdiyindən həmin məcəlləsinin 21.1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən və cəzadan azad edilib.

Təqsirləndirilən şəxsin barəsində ixtisaslaşmış psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbir təyin edilib.

Təqsirləndirilən şəxsin Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilməsi qərara alınıb. Qərarın icrası Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasına və Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə həvalə edilib./Teleqraf.com

24.06.2024 22:13
1768