Bakı yeni dünya düzəninə də təsir göstərir: Azərbaycan qlobal geoiqtisadi qovşağa çevrilir

Prezident İlham Əliyev dəqiq hesablanmış siyasi-diplomatik manevrlərlə, Azərbaycanı qlobal hədəfə sürətlə yaxınlaşdırır, indi həm Avropa, həm də Asiya dövlətlərinin ölkəmizə ciddi ehtiyacı var... Belə davam edərsə, Qərbdən Şərqə doğru böyük bir çoğrafiyada Azərbaycanın həm geopolitik, həm də geoiqtisadi təsirləri yeni dünya düzənin şəkillənməsində həlledici rol oynaya bilər...

Azərbaycan xarici siyasətində balansın qorunmasına xüsusi diqqət yetirməyə çalışır. Rəsmi Bakı dünyanın nəhəng siyasi-iqtisadi güc mərkəzləri münasibətlərin qurulmasına və inkişaf etdirilməsinə çalışır. Çünki məhz belə bir geopolitik və geoiqtisadi taktika Azərbaycanın bütün dünyaya açılmasını təmin edə bilər. Və bu, eyni zamanda, Azərbaycanın qarşısında geniş inkişaf perspektivləri də açır.

Onu da qeyd etmək lazımdır ki, rəsmi Bakının xarici siyasətində avanqard faktor olan balanslaşdırma taktikası passiv münasibətlər statusunda deyil. Əksinə, Azərbaycan xarici siyasət balanslaşdırmasını əsasən, əməkdaşlıq prioritetlərinin şaxələndirilməsi üzərindən reallaşdırmağa çalışır. Yəni, rəsmi Bakının əməkdaşlıq və tərəfdaşlıqda hazırda kəskin qarşıdurma vəziyyətində olan qütblərdən yalnız birindən asılı duruma düşmə təhlükəsini də nəzərə alır. Və Azərbaycanın bütün beynəlxalq istiqamətlər üzrə fəal tərfdaşlıq fəaliyyəti ilə müstəqillik prioritetlərini tamamilə təmin etməyi bacarır.

images-azer-avro-bir.jpg (5 KB)

Məsələ ondadır ki, Azərbaycan Avropa Birliyi ilə enerji resurslarının nəqli sahəsində genişmiqyaslı əməkdaşlıq edir. Hətta hazırda Azərbaycan Avropa Birliyinin əsas enerji resursları təchizatçıları sırasında yer alır. Bu proses Azərbaycanı Avropa Birliyinin enerji təhlükəsizliyi üzrə əsas tərəfdaşına çevirib. Və bu barədə imzalanmış saziş Azərbaycan-Avropa Birliyi münasibətlərinin inkişaf istiqamətlərində təməl prinsiplərini ifadə edir.

Ancaq rəsmi Bakı üçün Azərbaycanın dünya məkanında aparıcı dövlətlər sırasında yer alması baxımından, qətiyyən yetərli deyil. Ona görə də, Azərbaycan həm də Qərb qütbü ilə yanaşı, Şərq qütbü ilə də geopilitik və geoiqtisadi yaxınlaşmaya cəhd göstərir. Çünki bu, həm bir tərəfədən, geopolitik balanslaşdırma ilə Azərbaycanın mütləq müstəqilliyini təmin edən önəmli yanaşmadır. Həm də, Azərbaycana irihəcmli geoiqtisadi mənfəət vəd edən istiqamətdir. Və yaxın gələcəkdə Azərbaycanı dünya məkanında avanqard dövlətə çevirə bilər.

Maraqlıdır ki, rəsmi Bakının bu geopolitik və geoiqtisadi manevrləri Azərbaycana həm də Qərblə Şərq arasında vazkeçilməz tranzit qovşağına çevrilmək şansı qazandırmaq üzrədir. Çünki Azərbaycanın müasir tələblərə cavab verən enerji və nəqliyyat infrastrukturları Avropa və Asiya ölkələrinə iqtisadi-ticari münasibətlərini daha effektiv inkişaf etdirmək imkanları açır. Hətta Çin Avropa Birliyi ölkələrinə Azərbaycan üzərindən yükdaşımalarına da artıq başlayıb. Və bu, Çinin Orta Dəhlizdən istifadə etməkdə birbaşa maraqlı olduğunu göstərir.

azer-china.JPG (36 KB)

Bir neçə gün öncə Azərbaycan və Çin arasında strateji tərəfdaşlıq barədə sazişin imzalanması bu baxımdan, böyük önəm daşıyır. Belə ki, rəsmi Pekin Cənubi Qafqazın lider dövlətinə və Şərqlə Qərb arasında tranzit qovşağına böyük önəm verdiyini artıq rəsmiləşdirib. Yaxın gələcəkdə iki ölkə arasında münasibətlərin daha effektiv və qarşılıqlı iqtisadi maraqlar çərçivəsində inkişaf edəcəyi artıq qətiyyən şübhə doğurmur. Və bu, rəsmi Pekinin Azərbaycana dəstək vədi ilə də təsdiqlənməkdədir.

Məsələ ondadır ki, rəsmi Pekin Azərbaycanın BRİCS-ə üzvlük niyyətini rəsmən bəyan etməsini alqışlayıb. Eyni zamanda, Çin Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatında (ŞƏT) hüquqi statusunun artırılmasının vacibliyini də birmənalı şəkildə vurğulayib. Ona görə də, ehtimal etmək olar ki, Azərbaycan yaxın gələcəkdə əsasən, geoiqtisadi faktorlar üzərindən fəaliyyət göstərən ŞƏT-in sıralarında yer ala bilər.

Onu da qeyd etmək lazımdır ki, Azərbaycan ŞƏT-in son iki zirvə toplantısına dəvət olunub. Eyni zamanda, ŞƏT-in aparıcı təmsilçisi və gələn il bu quruma sədrlik edəcək Çin Azərbaycanı üçüncü dəfə də zirvə toplantısına dəvət edib. Bu önəmli məqam Azərbaycanın ŞƏT üçün vacib ölkəyə çevrildiyini və bu qurumun üzvü olan dövlətlərlə inkişaf edən tərəfdaşlığın mövcudluğunu göstərir. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə qarşılıqlı fəaliyyət isə Azərbaycan ilə ŞƏT-ə üzv dövlətlər arasında əməkdaşlığın ən vacib sahəsi hesab olunur.

14545994402064950939_1200x630.jpg (332 KB)

Digər tərəfdən, yerləşdiyi önəmli coğrafi məkan və nəqliyyat-kommunikasiya infrastrukturlarına yatırılmış nəhəng məbləğli investisiyalar Azərbaycana Avrasiyanın nəqliyyat-logistika qovşaqlarından birinə çevrilmək imkanları açır. Orta Dəhlizin tərkib hissəsi olan Bakı-Tiflis-Qars dəmir yolunun illik ötürücülük qabiliyyəti Azərbaycanın sərmayələri hesabına 1 milyon tondan 5 milyon tona qədər artırılıb. İndi rəsmi Bakı Azərbaycanın tərəfdaşlar ilə birgə Orta Dəhlizin rəqəmsallaşdırılması üzərində işləyir.

Azərbaycan, həmçinin Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafında da həlledici səviyyədə önəmli rol oynayır. Şimal-Cənub dəhlizinin Azərbaycan seqmentinin dəmir yolu və avtomobil infrastrukturu artıq hazırdır və uğurla fəaliyyət göstərir. Ölkəmiz dəmir yolu daşımalarının həcminin ildə 15 milyon tona qədər artırılması üzərində işləyir. Sonradan zərurət yaranarsa, bu rəqəmin hətta 30 milyon tona çatdırılması da mümkündür. Və bu baxımdan, Azərbaycan Avropadan Asiyaya qədər geniş bir çoğrafiyada yerləşən bütün dövlətlər üçün vazkeçilməz dövlətə çevrilmək şansına sahibdir.

Belə anlaşılır ki, rəsmi Bakı Azərbaycanı yeni dünya düzəninin avanqard ölkələri sırasına çıxartmağa çalışır. Üstəlik, Prezident İlham Əliyev dəqiq hesablanmış siyasi-diplomatik manevrlərlə Azərbaycanı bu hədəfə sürətlə yaxınlaşdırmağa başlayıb. İndi həm Avropa, həm də Asiya ölkələrinin Azərbaycana ciddi ehtiyacı var. Və belə davam edərsə, Qərbdən-Şərqə böyük bir çoğrafiyada Azərbaycanın həm geopolitik, həm də geoiqtisadi təsirləri yeni dünya düzənin şəkillənməsində xüsusi rol oynaya bilər.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu

05.07.2024 16:52
1420