Bakı yeni dünya düzənində qlobal seçimini edib: Qafqaz, Xəzər və Orta Asiyanın “qapıları” Qərbə qapadılır

Rəsmi Bakı yeni dünya düzənində Azərbaycanın aparıcı ölkələrin sırasına daxil olmasına yönəlik strateji manevrlərə başlayıb və bu, böyük ehtimalla ABŞ və Qərb tərəfindən ciddi narahatlıqla qarşılana bilər... Çünki Azərbaycan kimi Cənubi Qafqazın strateji əhəmiyyəti olan ölkəsinin qlobal qütbləşmə prosesinə qatılaraq, əks düşərgədə yer alması ABŞ və Qərb üçün olduqca böyük itkidir...

Yeni dünya düzəninin qurulması iqstiqamətində həlledici mərhələnin başlandığı artıq qətiyyən şübhə doğurmur. Belə ki, dünyanın yenidən bölüşdürülməsi prosesində aktiv iştirak etmək niyyətində olan dövlətlər tədricən öz mövqelərini dəqiqləşdirməyə cəhd göstərirlər. Hər halda, indiyə qədər növcud olmuş qlobal siyasi-hüquqi sistemin artıq öz əhəmiyyətini itirməsi dünya ölkələrini prinsipial seçim qərarları vermək məcburiyyətində buraxıb. Və bu vaxımdan son vaxtlar dünyada hərbi-siyasi qütbləşmənin intensiv xarakter alması qətiyyən gözlənilməz deyil.

Onu da qeyd etmək lazımdır ki, Ukrayna savaşına qədər dünyanın siyasi-iqtisadi mərkəzi məhz Avropa qitəsinə yerləşdirilmişdi. ABŞ isə bu siyasi-iqtisadi mərkəzi Ağ Evdən idarə etməyə nail ola bilirdi. Ancaq Ukrayna savaşı situasiyanı ciddi şəkildə dəyişmiş oldu. Hər halda, ABŞ və Qərbin Rusiyaya qarşı “proxy war” modelində savaş açması dünya ölkələri arasında ciddi narahatlıqlara yol açdı. Çünki ABŞ və Qərblə münasibətləri problemli olan, kəskin ziddiyyətlər yaşayan bəzi dövlətlər Rusiyadan sonra hədəfə çıxarılma növbəsinin onlara çata biləcəyini nəzərə almağa başlayıblar. Və bu səbəbdən də, indi qlobal qütbləşmə gələcək qarşıdurma əlamətləri ilə yüklənmiş rəqabəti intensivləşdirib.

427f180db73a3024197f99077dc6c7e1.jpg (337 KB)

Maraqlıdır ki, yeni dünya düzənində qlobal hegemoniya iki nəhəng beynəlxalq düşərgəni qarşı-qarşıya gətirməyə başlayıb. Belə ki, Qlobal Cənub və Qlobal Şimal arasında amansız mübarizənin başlandığı müşahidə olunur. Qlobal Şimalı təmsil edən ABŞ və Qərbin hədəfinə çevrilə biləcəklərindən narahat olan dünya dövlətləri indi Qlobal Cənub düşərgəsində birləşməyə çalışırlar. Hər halda, bu prosesin daha etibarlı və effektiv təşkilatlanma mərhələsinə keçdiyi açıq-aşkar nəzərə çarpır. Və BRİCS bu prosesdə əsas siyasi-iqtisadi mərkəz rolunu oynamağa doğru irəliləyir.

Nə qədər qəribə də olsa, son vaxtlara qədər bu iki qlobal düşərgədən kənarda qalan dövlətlər hazırda tədricən gözlənilməz seçim etməklə diqqəti çəkirlər. Belə ki, bu qrupa daxil olan əksər dövlətlər ABŞ və Qərbin yanında yer almağa üstünlük verirdi. Ancaq ABŞ və Qərbin belə ölkələrdən yalnız istifadə etmək vərdişləri dəyişmədiyindən situasiya əks istiqamətə doğru çevrilməyə başlayıb. Və bəzi ölkələr Qərbin imperialist planlarının onlara təhlükə yaratda biləcəyi qənaətinə gəliblər.

Təbii ki, belə situasiya ABŞ və Qərbin əleyhinə yönəlməklə yanaşı, həm də mərkəzdənqaçma prosesini stimullaşdırır. Qərb siyasi dairələrinin onilliklər boyu nəzarət altına alıb, istismar etmək planları qurduqlar postsovet ölkələri indi ABŞ və Avropa Birliyindən ümidlərini kəsməyə başlayıblar. Çünki Qərbdən alınan ardıcıl vədlərin qarşılığında real addımların atılması əvəzinə sərt təzyiqlərlə üzləşmələri MDB ölkələrini situasiyanı daha praqmatik dəyərləndirmək məcburiyyətində buraxır.

59ccd203f93033ad15819b1dd60c3a15.jpg (332 KB)

Məsələ ondadır ki, Avropa Birliyi və NATO-ya üzvlük vədi alan Ukrayna, Gürcüstan və Moldovanın üzləşdiyi durum digər postsovet ölkələri üçün örnək rolunu oynayır. Belə ki, Ukrayna Rusiya ilə savaşa sövq edilərək, dağıdılmış ölkəyə çevrilib. Rəsmi Tiflisə verilən vədlərin heç birisini yerinə yetirməyən ABŞ və Qərb hazırda Gürcüstana qarşı sərt təzyiq kampaniyasına başlayıb. Moldovanın üzləşdiyi ağır siyasi-iqtisadi durum isə ABŞ və Qərbin effektiv reaksiyasından uzaq qalmaqdadır. Və bu baxımdan, hər üç ölkədə Qərb siyasi dairələrinin davranışlarına münasibətdə ciddi məyusluğun olması qətiyyən gözlənilməz deyil.

Maraqlıdır ki, bu üç ölkənin başına gələnlər digər postsovet və keçmiş sosialist düşərgəsinə daxil olan ölkələrin qlobal qütbləşmə prosesinə münasibətdə seçiminə birbaşa təsir göstərir. Belə ki, Avropa Birliyinə üzvlük iddiaları reallaşmayan Şərqi Avropa ölkəsi Serbiya belə, Qlobal Cənubun təşkilatlandığı BRİCS-ə yaxınlaşmağa çalışır. Və bu, Qərb siyasi dairələrində həm narahatlıq, həm də ciddi qıcıq doğurur.

Halbuki, Qlobal Şimalın itkiləri yalnız bununla məhdudlaşmır. Belə ki, onilliklər boyu Avropa Birliyin üzv olmağa çalışmış NATO ölkəsi olan Türkiyə də BRİCS-ə qatılmaq qərarı verib. Avropa Birliyi rəsmi Ankaranı onilliklərlə müxtəlif bəhanə istehsalı ilə üzvlükdən kənarda saxlayaraq, Türkiyəni yeni beynəlxalq manevr platforması axtarışına məcbur buraxdı. Və indi Türkiyə rəsmən BRİCS-ə üzvlük niyyətini bəyan edib.

1729352280.jpg (66 KB)

Təbii ki, Azərbaycan da uzun illər ABŞ və Avropa Birliyi ilə tərəfdaşlıq münasibətlərinə cəhd göstərmiş ölkələrin sırasına daxildir. Ancaq ABŞ və Avropa Birliyi Azərbaycana münasibətdə ermənipərəst mövqedən çıxış etməklə, rəsmi Bakını fərqli seçimə sövq etməyi bacardı. Hər halda, Qərb siyasi dairələri Azərbaycana qarşı absurd bəhanələrlə təzyiq cəhdlərini davam etdirirlər. Və bu səbəbdən də, rəsmi Bakı da artıq Azərbaycan üçün daha effektiv hesab etdiyi qlobal seçimini etmiş kimi görünür.

Məsələ ondadır ki, rəsmi Bakı Azərbaycanın tam hüquqlu üzvlüyü üçün BRİCS-ə rəsmən müraciət göndərib. Azərbaycanın müraciəti bu qurumun bəzi nüfuzlu üzvləri, o cümlədən də, Rusiya və Çin tərəfindən dəstəklənir. Bu dəstəyin Azərbaycanın yaxın gələcəkdə BRİCS üzvlüyü ilə yekunlaşma ehtimalı da kifayət qədər yüksəkdir. Və Azərbaycanın həm strateji xarakter daşıyan Cənubi Qafqazda geopolitik iradə mərkəz olması, həm də iqtisadi-siyasi potensialı BRİCS üçün olduqca cəlbedici faktorlardır.

Görünüdüyü kimi, dünya yenidən bölüşdürülür, yeni qlobal düzən yaradılır. Rəsmi Bakı da seçimini artıq edib və yeni dünya düzənində Azərbaycanın aparıcı ölkələrin sırasına daxil olmasına yönəlik strateji manevrlərə başlayıb. Böyük ehtimalla rəsmi Bakının seçimi ABŞ və Qərb tərəfindən ciddi narahatlıqla qarşılana bilər. Çünki Azərbaycan kimi Cənubi Qafqazın strateji əhəmiyyəti olan ölkəsinin əks düşərgədə yer alması ABŞ və Qərb üçün böyük itkidir. Və bu, həm Cənubi Qafqazın, həm də Xəzər-Orta Asiya coğrafiyasının Qərbin maraqlarına qapadılması ilə də nəticələnə bilər.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu

23.10.2024 15:22
2168