Bakı və Abşeronda yeni yerüstü sınaq televiziya yayımına başlanılır

Martın 16-sı, saat 01:00-dan etibarən Bakı Teleqüllə Kompleksi vasitəsilə Bakı şəhəri və Abşeron yarımadası ərazisində ikinci nəsil DVB-T2 standartlı yerüstü sınaq televiziya yayımına başlanılır.

Musavat.com bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bu, dünya ölkələrində yerüstü televiziya yayımının yeni texnologiyalara inteqrasiyası və inkişaf tendensiyası nəzərə alınaraq, Azərbaycanda daha keyfiyyətli televiziya yayımının tətbiqi məqsədi daşıyır.

Sınaq yayım 34-cü (578 MHs tezlikdə) və 37-ci (602 MHs tezlikdə) televiziya kanallarında HD formatında həyata keçiriləcək.

Sınaq müddətində DVB-T2 standartını dəstəkləməyən qəbuledicilərə sahib olan əhali qrupunun yerüstü televiziya yayımını qəbul etmək imkanının saxlanılması üçün 48-ci (690 MHs) televiziya kanalında DVB-T standartında SD formatında televiziya yayımı davam etdiriləcək.

Buna qədər 2023-cü ilin mayın 15-də saat 01:00-dan saat 02:00-dək yayımın texniki parametrlərinin yoxlanılması məqsədilə 1 saat müddətində Bakı şəhəri və Abşeron yarımadası ərazisində bir neçə televiziya proqramının DVB-T2 standartında sınaq yayımı uğurla başa çatıb.

Qeyd edək ki, Zaqafqaziyada ilk dəfə 2004-cü ildə DVB-T standartlı rəqəmsal televiziya yayımı Azərbaycanda həyata keçirilib.

Sonrakı illərdə bütün ölkə ərazisində bu standart əsasında rəqəmsal televiziya yayımı təmin edilib və 2016-cı ildə analoq televiziya yayımından rəqəmsal televiziya yayımına tam keçid edilib.

Bildirilir ki, DVB-T ilə müqayisədə təxminən 50 % daha geniş spektrə malik olan DVB-T2 standartının Azərbaycanda tətbiqi gələcəkdə ultra HD və 4K kimi daha yüksəkkeyfiyyətli yerüstü televiziya yayımının həyata keçirilməsinə imkan verəcək.

13.03.2024 20:32
935