Rus ekspertin ikibaşlı proqnozunun pərdəarxası; “Blinkenin Qafqazla bağlı planları o qədər ciddidir ki, şərtlərimizi qəbul edir”...
“ABŞ heç kimlə münasibətlərini nizamlamır. Vaşinqtona görə, münasibət qurmaq üçün hər hansı dövlətlə bərabərhüquqlu yanaşma kimi bir məntiq yoxdur. Vaşinqton öz istəyini yerinə yetirmək üçün başqalarına ehtiyac duyur”.
“Yeni Müsavat” bildirir ki, Rusiya Müasir Dövlət İnkişafı İnstitutunun direktoru, politoloq Dmitri Solonnikov belə düşünür. Onun sözlərinə görə, Azərbaycan bu vəziyyətdə özünü çox ləyaqətli aparır, subyektivliyini qoruyub saxlayır, xarici siyasətini ABŞ-ın maraqlarına uyğun deyil, ilk növbədə öz maraqlarına uyğun qurur. “Bu gün Azərbaycan dünya siyasətinin son dərəcə mühüm mərkəzidir. Məsələn, hazırda Azərbaycan Qoşulmama Hərəkatının lideridir ki, bu da son dərəcə vacibdir. Çox ciddi xarici siyasət yeritmək üçün əlində olan rıçaqlardan istifadə edir. Buna görə də ABŞ Bakıya diqqət yetirir”, - o bildirib. Solonnikova görə, Azərbaycan öz maraqlarını müdafiə xəttini inkişaf etdirməyə davam edəcək və ABŞ-ın xarici siyasət konturuna inteqrasiya etməyəcək: “Çox güman ki, Bakı ilə Vaşinqton arasında münasibətlər ciddi şəkildə kəskinləşəcək. Bu gərginlik artacaq, lakin sonda hər şey daha böyük geosiyasi ssenarilərdən asılı olacaq. Vəziyyətə xüsusilə gələn il ABŞ-da keçiriləcək prezident seçkisi təsir edəcək. Biz çox yaxşı başa düşürük ki, ABŞ seçiciləri üçün Cənubi Qafqaz birinci prioritet nöqtəsindən uzaqdır. Seçki keçiriləcək və çox güman ki, geosiyasi vəziyyət dəyişəcək”.
Əlbəttə, Rusiya çox istəyərdi ki, “yaxın xaric” ölkələrindən heç birinin ABŞ-la dərin əlaqələri olmasın. Bununla belə, o da faktıdır ki, Birləşmiş Ştatlarda erməni lobbisi başda olmaqla Bakı-Vaşinqton münasibətlərini korlamaq istəyən xeyli destruktiv qüvvə var. Onlar çox vaxt heç Amerika maraqlarını da vecə almırlar. Yerli analitiklər rusiyalı ekspertin proqnozunu bölüşürmü? Həqiqətənmi Vaşinqtonla münasibətlər ciddi şəkildə kəskinləşə bilər? Azərbaycanın Amerikada gələn ilin noyabrında keçiriləcək prezident seçkilərindən əsas gözləntisi nədir - Baydenin getməsi, yoxsa Trampın gəlməsi bizə sərfdir? Amma qeyd etmək lazımdır ki, artıq amerikalı səfir Mark Libbi Bakıya gəlir, eləcə də Blinkenin müavini Azərbaycana səfər edəcək, yəni tərəflər münasibətləri gərginləşdirməkdə maraqlı görünmürlər.
Elman Nəsirov
Deputat Elman Nəsirov “Yeni Müsavat”a qeyd etdi ki, ABŞ-Azərbaycan münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır. Onun sözlərinə görə, bir sıra məsələlərdə tərəflərin mövqeləri üst-üstə düşür. E.Nəsirovun fikrincə, beynəlxalq terrorizmlə mübarizə, sülhə dəstək, enerji təhlükəsizliyi və digər məsələlərdə ABŞ-Azərbaycan tərəfdaşlığı var. Bununla belə deputat hesab edir ki, bəzi nüanslarda Vaşinqton-Bakı xəttində ziq-zaq yaranır. “Çünki bu ölkədə olan erməni lobbi və diasporu gecə-gündüz əleyhimizə çalışmaqdadır. Onlar adını lobbiçilik institutu qoyublar, söhbət korrupsiyadan gedir. Faktiki olaraq, bəzi konqresmenləri ələ alıblar. İndi onlardan tələb olunur ki, 30 il ərzində sizə bu qədər vəsait xərclənib, qarşılığı nə oldu, əvəzində Azərbaycan torpaqlarını azad etdi, bəs siz nə etdiniz? Bu cür ritorik suallar yağdırırlar. Ona görə indiki halda Konqresdə, Senatda olan qüvvələr, Dövlət Departamentində bəziləri ”sima"larını qoruyub saxlamağa, erməni lobbisi qarşısında götürdükləri öhdəlikləri yerinə yetirməyə çalışırlar ki, erməni diasporu sakitləşsin", - deyə E.Nəsirov vurğuladı. Deputat istisna etmir ki, 2024-cü ilin noyabrına qədər gərginlik yaşana bilər: “Buna hazır olmalıyıq, çünki həmin müddətdə daha gərgin münasibətlər meydana çıxa bilər. Noyabrda prezident və Konqresə seçkilər keçiriləcək. Bu müddətdə Bayden administrasiyasının Azərbaycana qarşı addımları güclənə bilər ki, erməni lobbisinin səsini ala bilsinlər. Amma siyasi münasibətlərdə gərginlik olsa da, iqtisadi əlaqələrə təsir etməyəcək. Amerikada yaxşı bilirlər ki, Azərbayan hansı regionda yerləşir və Avropanın enerji təhlükəsizliyində nə kimi əhəmiyyətə malikdir”.
Əziz Əlibəyli
Siyasi şərhçi Əziz Əlibəyliyə görə, proseslər bizi ABŞ və Aİ-də olacaq seçkilərə görə daha gərgin atmosferə doğru daşımaqdadır: “Azərbaycan daxili və xarici həmlələrlə qlobal məkanda yeni vizyon müəyyən etməyə davam edəcək. Qarşıda bizi çoxsaylı maraqların olduğu çətin sinaqlar gözləyir, amma bu proseslərə Bakı əvvəlki kimi yarımçıq ərazisi və münaqişəli problemləri ilə getmir: Bütöv və güclü, qalib və aydın formada gedir. Dost və düşmən, maraqlar və strateji əlaqələr üzərindən baxır. Biz yeni dünyanın yeni modelli dövlətiyik, təkcə Bloklara Qoşulmama Hərəkatına, ”Bakı Təşəbbüs"ünə baxmaq kifayət edər ki, hədəf hansı səviyyədədir".
“Düşünürəm ki, ABŞ Azərbaycanla münasibətləri normallaşdırmaq istəyir. Bunun isə bir neçə səbəbi var. Əsas səbəb odur ki, ABŞ həm Qafqazda, həm də Mərkəzi Asiyada güclənmək fikrindədir”. Bu fikirlər isə siyasi ekspert Turab Rzayevə məxsusdur. Onun zənnincə, Azərbaycansız regionda möhkəmlənmək qeyri-mümkündür: “Amerika Cənubi Qafqazda Rusiyaya qarşı təsir dairəsini artırmaq fikrindədir. Odur ki, son vaxtlar bu istiqamətdə aktiv fəaliyyətə keçib. Cənubi Qafqazın ən böyük ölkəsi isə Azərbaycandır. Azərbaycan olmadan Qafqazda möhkəmlənməyin çətin olacağını anlamağa məcburdurlar. Bu səbəbdən Vaşinqton Bakı ilə əlaqələri bərpa etməyə meyillidir. Vaşinqton Azərbaycan rəsmilərinin ABŞ-a səfərinə icazə vermirdi. Bu da istər- istəməz Bakının haqlı narazılığına səbəb olmuşdu. Görünür, Blinkenin Qafqazla bağlı planları o qədər ciddidir ki, şərtlərimizi qəbul edir. ABŞ-ın artıq Bakıya qarşı yanlış mövqedən çəkinmə istəyi açıq-aşkar ortadadır. İndi bu, iki ölkə arasındakı münasibətlərin normallaşmasına səbəb olacaq, ya yox, bunu Obrayenin səfəri və həmin səfərdən sonrakı nəticələr göstərəcək”.
Emil SALAMOĞLU,
“Yeni Müsavat”