“Reversiv işarələrdən bütün dünyada istifadə edilir, amma bizdə mütəxəssis olmadığına görə istifadə edən yoxdur”
İllərdir ki, Bakıda və Abşeron rayonunda yol hərəkətinin təşkilindəki çatışmazlıqların aradan qaldırılması üçün müxtəlif tədbirlər görülür, layihələr həyata keçirilir. Son bir ildə müvafiq qurumlar paytaxtda və Bakı-Sumqayıt yolunda tıxacları azaltmaq üçün müəyyən addımlar atır. Məsələn, bu məqsədlə avtobus zolaqları çəkildi, taksi fəaliyyətində yeniliklər edildi. Hətta daşınmanın səviyyəsinin yüksəldilməsi adı altında ictimai nəqliyyatda qiymətlər artırıldı.
Ancaq görünən odur ki, tıxac problemini heç bir tədbir kökündən həll edə bilmir. Sərnişin daşımada isə vəziyyət daha da pisləşib. Bəs bu qədər həyata keçirilən tədbirlər və layihələr niyə öz bəhrəsini vermir? Bu layihələr naşı hazırlanır, yoxsa başqa amillər də var?
Eldəniz Cəfərov
Suallarımıza aydınlıq gətirmək üçün ekspertlərə üz tutduq. Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov deyir ki, Bakıda yaşanan tıxac problemini avtomobilin çoxluğu ilə əlaqələndirmək doğru deyil. Onun sözlərinə görə, tıxacların çoxluğu avtomobillərin çoxluğu yox, yolların yoxluğu ilə əlaqəlidir:
“Tıxacların yaranma səbəblərindən biri də vaxtilə yol infrastrukturunun bərbad vəziyyətdə qurulmasıdır. Bunu tək mən yox, uzun illər nəqliyyat sektorunda çalışmış insanlar da deyiblər. Bakıda yollar çəkilərkən vətəndaşların rahatlığı yox, başqa məqsədlər düşünülüb.
Bəzən deyirlər ki, tıxacları avtomobil çoxluğu yaradır. Bu da doğru yanaşma deyil. Azərbaycanda 10 milyon əhaliyə cəmi 1 milyon 300 min avtomobil düşür.
Bölgələrdə istismar olunan maşınların yarısı Bakı qeydiyyatı olan avtomobillərdir. Hazırda paytaxtımızda 700 min avtomobil qeydiyyatdadır.
Dövlət Yol Polisinin təşəbbüsü ilə Bakıda qəzaların sayının azaldılması ilə bağlı tədbirlər görülür. Müəyyən yollarda sürət həddi azaldılıb. Düşünürəm ki, Bakıda tıxacların qarşısını almaq hələ mümkün olmayacaq. Çünki Bakı iri paytaxt şəhəridir. Azərbaycan iqtisadiyyatının yarısından çoxu demək olar ki, burada cəmləşib. Bakının zəngin mədəni həyatı var. Hər gün mərkəzdə müxtəlif tədbirlər keçirilir. Sıxlıq da olur, yollar da bağlanır. Bu da obyektiv bir məsələdir.
Məsələn, iqtisadiyyatı bizdən qat-qat zəif olan ölkələrin tələbə şəhərcikləri, elm və təhsil mərkəzləri var. Ölkənin səfalı bir guşəsində 50-100 min tələbə və müəllimin cəmləşdiyi kiçik şəhərciklər salınır və bütün universitetlər orada cəmlənir.
Azərbaycanda da bunu etmək mümkündür. Nəyə görə bütün universitetlər Bakı şəhərində cəmlənib? Niyə Qəbələdə, Lənkəranda və Gəncədə təhsil komplekslərimiz olmasın? Bunlar da özü-özlüyündə şəhərdə sıxlığın aradan qaldırılmasına kömək ola bilər.
Obyektiv və subyektiv səbəblər var. Tıxacları qismən aradan qaldırmaq olar. Bunun üçün mərhələli iş görmək lazımdır. Konkret bir plan olmalıdır. Cəmiyyətə həmin plan açıqlanmalıdır. Onlar da bilməlidir ki, necə davransınlar ki, tıxacların öhdəsindən gələ bilsinlər".
Digər nəqliyyat üzrə ekspert Eldar Bəşirov isə bildirir ki, Azərbaycanda özəl sektorla dövlət strukturu arasında uyğunsuzluq var. Onların maraqları uyğun gəlmir. Buna görə də həmişə belə problemlər olacaq: “Bakıda sıxlıq daha çoxdur. Bütün universitetlər, idarələr, özəl sektor Bakıda yerləşir. Sumqayıt isə boşdur. Özəl sektorun əksəriyyəti Sumqayıta köçürülməlidir. Və yaxud da digər şəhərlərimiz ola bilər.
Qanunda da göstərilir ki, reversiv yollardan istifadə etmək lazımdır. Əgər bir ərazidə tıxac böyükdürsə və digər ərazidə boşluqdursa, orada yaşıl işıq yansın, əks istiqamətdə maşınlar buraxılsın. Reversiv işarələrdən bütün dünyada istifadə edilir. Amma bizdə mütəxəssis olmadığına görə istifadə edən yoxdur. O sahəyə maraq göstərilmir.
Səhərlər Sumqayıtdan Bakıya yüzlərlə maşın gəlir. Əks istiqamətdə isə hərəkət yoxdur. Belə halda reversiv işıqfordan istifadə etmək lazımdır. Bir neçə zolaq yaradılmalı və Bakıya gedən istiqamətdə maşınlar buraxılmalıdır. Bu cür edilsə, tıxaclar aradan qaldırılacaq. Amma heç kimin marağında yoxdur. Texniki şöbə işləmir.
Dövlət yol polisi əməkdaşları bu tıxacları idarə etməlidirlər".
Şahanə RƏHİMLİ,
Musavat.com