Bakı-Tbilisi-Qars dəmiryolunda hərəkətin bərpa olunacağı vaxt AÇIQLANDI

Mayın 20-dən etibarən yeni təmir edilmiş Bakı-Tbilisi-Qars (BTQ) dəmiryolu xətti ilə yük qatarlarının hərəkətinə başlanılacaq.

“Report” xəbər verir ki, BTQ dəmiryolu xəttinin Gürcüstandan keçən 184 kilometrlik hissəsində aparılan təmir-bərpa, rekonstruksiya və genişləndirmə işləri artıq yekunlaşıb.

Qeyd edək ki, 2023-cü ilin mayın 16-dan Bakı-Tbilisi-Qars dəmiryolunun Gürcüstan hissəsi təmir-bərpa işləri ilə əlaqədar bağlanılıb. BTQ dəmiryolu xəttinin Gürcüstan hissəsinin mürəkkəb, dağlıq relyefə malik olması (bəzi yerlərdə işlər dəniz səviyyəsindən 2 400 metr hündürlükdə aparılırdı), bu bölgədə payız-qış aylarında hava şəraitinin qarlı-şaxtalı keçməsi (hətta temperaturun mənfi 30 dərəcəyədək düşməsi) təmir-bərpa işlərinin sürətlə aparılmasına mane olmayıb. Xatırladaq ki, sözügedən ərazidə payız-qış mövsümündə qarlı hava şəraiti səbəbindən avtomobil yolları bağlanır, dəmiryolu nəqliyyatı yeganə daşıma vasitəsi kimi regionun mərkəzlə əlaqəsində olduqca önəmli rol oynayır.

Dəmiryolunun Gürcüstan hissəsinin təmiri nəticəsində BTQ üzərindən yükdaşımaların həcmini ildə 5 milyon tona çatdırması, BTQ-ni Orta Dəhlizin ən cəlbedici hissəsindən birinə çevirməsi planlaşdırılır.

Ümumiyyətlə bu dəmir yolu xəttinin tikintisinə 2008-ci ildə başlanılıb və o, 2017-ci il oktyabrın 30-dan istismara verilib.

Dəmiryolu xətti Asiya və Avropanın dəmiryol şəbəkələrinin birləşdirilməsini təmin edir. Bu, təkcə üç ölkə arasında deyil, həm də Asiya ilə Avropa arasında ən qısa yoldur. BTQ yüklərin daşınmasına sərf edilən vaxtı iki dəfədən çox qısaltmağa imkan verir, Mərkəzi Asiya ölkələrinin – Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdırır.

Ümumi uzunluğu 846 kilometr olan xəttin 504 kilometrlik hissəsi Azərbaycan, 263 kilometrlik hissəsi Gürcüstan, 79 kilometrlik hissəsi isə Türkiyə ərazisindədir.

07.05.2024 19:55
1156