Ekspert: “Dəmir yolu ilə yanaşı metro xətlərinin də artırılmasına çox böyük ehtiyac var; əgər Xocasənə qədər çəkmişiksə...”
Bakı-Sumqayıt yolunda hər gün yaşanan dəhşətli tıxacı aradan qaldırmaq, sərnişinlərin Sumqayıt, Xırdalan, Masazır, Saray, Ceyranbatan qəsəbələrinə normal gedib-gəlməsini təmin etmək üçün dəmir yoluna ümidlər böyükdür.
Xeyli sayda insan tıxaclardan canını qurtarmaq üçün Sumqayıta qatarla getməyə üstünlük verir.
Ekspertlər təklif edir ki, hazırkı qatar marşrutunu daha səmərəli təşkil etməklə böyük işlər görülə bilər. Bundan həm ADY qazanar, həm dövlət, həm də vətəndaşlar.
Bu məqsədlə Biləcəri-Xırdalan-Sumqayıt marşrutu ilə yanaşı, Biləcəri-Masazır-Saray-Ceyranbatan dəmiryol marşrutunun çəkilməsi təklif edilir. Bu layihə işlənə bilərmi?
Yada salaq ki, sentyabr ayında “20 Yanvar” metrostansiyasının yaxınlığında fəaliyyət göstərən “bir manatlıq” taksilərin yığışdırıldığı zaman insanlar saatlarla yollarda qalmış, mənzil başına çatmadıqlarına görə şikayət edirdilər.
Ərşad Hüseynov
Nəqliyyat eksperti Ərşad Hüseynova görə, “20 Yanvar” metrostansiyası ətrafında problem nə avtobus zolağıdır, nə də “qanunsuz” sərnişindaşımada istifadə edilən taksilər və mikroavtobuslardır. Problem məsələnin həllinə yanaşmalardakı və baxışlardakı səhvlərdir: “Əvvəllər dəfələrlə qeyd etdiyim kimi, bu iki şəhər arasında təkcə vağzaldan-vağzala sərnişindaşıma yanlış yanaşmadır. Sumqayıtın şəhər kimi tikildiyi ilk illərdən bu iki şəhər vahid aqlomerasiyadır. Deməli, onlara həm də vahid mobillik zonası (məkanı) kimi baxılmalıdır. On minlərlə (bəlkə də yüz mindən çox) insan mütəmadi olaraq hər gün bu iki şəhər arasında gedib-gəlir. Bu, onların "rutin" həyatının axarıdır. Həmin adamlar bu şəhərlərdən birində yaşayıb, o birisində işləyirlər, təhsil alırlar və s. Müasir şəhərdə yaşayan insan gündəlik həyatında mobilliyini təmin etmək üçün iki çox ciddi amili nəzərə alır: səyahətə (gediş-gəlişə) sərf etdiyi vaxt və səyahətin qiyməti (gediş-gəlişə xərclədiyi pul). Bakı-Sumqayıt arasında vağzaldan-vağzala üsulu ilə təşkil edilən qanuni ictimai nəqliyyatdan istifadə zamanı bu amillərin hər ikisinin ən uğursuz variantı ortaya çıxır. Tərslikdən hər iki şəhərin avtovağzalı bir-birinə tərəf ən yaxın çıxışda yerləşir. Bu üsulla Bakı-Sumqayıt arasında gedib-gələn hər kəs məcburdur ki, hər iki şəhərin daxili nəqliyyatından da istifadə etsin, özü də bəzən bir neçə avtobus marşrutu və ya metro stansiyası dəyişməklə. Bu isə orta statistik sərnişinin bu iki şəhər arasındakı səfər müddətini bəzən iki saata, səfər qiymətini isə iki manata yaxınlaşdırır. Deməli, çox səmərəsiz və insanları qaçırdan bir üsuldur.
Ona görə də Sumqayıtın bir neçə yerindən Bakının bir neçə yerinə (o cümlədən elə həmin “20 Yanvar” stansiyasının yanına) və əksinə ictimai nəqliyyat təşkil edilməlidir. Sərnişin axını, infrastruktur araşdırılmaqla müxtəlif tutumlu avtobuslarla marşrutlar yaradılmalıdır.
Maraqlısı odur ki, sovet dövründə və təxminən 15 il bundan əvvələ qədər Sumqayıtın bir neçə yerindən Bakının bir neçə yerinə və əksinə ictimai nəqliyyat var idi. Bunu daha müasir və mədəni şəkildə bərpa etmək lazımdır.
Bu iki şəhər arasında qatarla daşımanın da imkanları ciddi yaxşılaşdırılmalıdır.
Bakının şimalındakı qəsəbələrə və Xırdalana gedənlərin isə ən böyük problemi avtobus çatışmazlığı, avtobusların qeyri-dəqiq qrafiklə işləməsi, mövcud avtobusların çoxunun ən aşağı komfortda olmasıdır. Bu problemlər həll edilsə, həmin qəsəbələrə və Xırdalana gedib-gələnlərin “qanunsuz” deyilən taksilərə və mikroavtobuslara ehtiyacı qalmayacaq".
Qeyd edək ki, Abşeron dairəvi dəmir yolu xətti ilə hərəkət edən qatarları yeni dərs ilinin başlaması ilə əlaqədar artacaq sərnişin tələbatını təmin etmək məqsədilə 16 sentyabr 2024-cü il tarixindən etibarən yenilənmiş hərəkət cədvəli ilə xidmət göstərir. Yeni hərəkət qrafikinə əsasən, Bakı-Xırdalan-Sumqayıt marşrutu üzrə gediş-gəliş reyslərinin sayı 20-dən 24-ə, Bakı-Pirşağı-Sumqayıt marşrutu üzrə isə 36-dan 42-yə çatdırılıb. Yenilənmiş qrafikə uyğun olaraq, gün ərzində Bakı-Xırdalan-Sumqayıt marşrutu üzrə Bakıdan 13, Sumqayıtdan 11 reys, Bakı-Pirşağı-Sumqayıt marşrutu üzrə isə Bakıdan 20, Sumqayıtdan 22 reys təşkil edilib.
Azər Fərəcov
“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov mediaya açıqlamasında deyib ki, yeni tədris ilindən Bakı-Sumqayıt qatarları ilə gündəlik rekord sayda - təqribən 37 min sərnişin daşınır: “2024-2025-ci tədris ilinin başlaması ilə əlaqədar sərnişindaşımada artan tələbatın təmin olunması, sərnişinlərin vaxtında və təhlükəsiz mənzilbaşına çatdırılması, eləcə də xidmət keyfiyyətinin təmin edilməsi məqsədilə ADY reyslər üzrə mütəmadi reydlər həyata keçirib, bütün vağzal və stansiyalarda təmir və abadlıq işləri aparılıb, bələdçilər, kassir və kassir-nəzarətçilərin təlimlərə qatılması təmin edilib, Abşeron dairəvi dəmir yolu xətti üzrə infrastrukturun sağlamlaşdırılması və hərəkətin təhlükəsizliyinin davamlı təmin edilməsi məqsədilə profilaktik işlər görülüb, qatarların yeni hərəkət qrafiki tərtib edilib. Fasiləsiz və keyfiyyətli fəaliyyəti təmin etmək məqsədilə qatarlara Bakı lokomotiv deposunda plandankənar baxış keçirilib, aidiyyəti texniki və estetik təmir işləri aparılıb, vağzal və stansiyalarda yanğın təhlükəsizliyi sistemi, elektrik qurğu və cihazlarının yoxlanılması həyata keçirilib, platformalarda yanğın nasosları yoxlanılıb”.
Eldəniz Cəfərov
Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov mövzu ilə bağlı fikirlərini bölüşüb: “Bakı və Sumqayıt arasında olan qəsəbələr əslində Bakı şəhərinin aqlomerasiyası sayıla bilər. Marşrut məsələlərində, yol infrastrukturunda bunu qəbul etmək mümkündür. Bu səbəbdən də həmin istiqamətə nəqliyyatın intensiv hərəkətini təşkil etmək mümkün ola bilər. Bu məsələyə yenidən baxılmalıdır. İstər avtomobil yolu olsun, istər dəmir yolu olsun, bunlar hamısı konseptual olaraq işlənməli və həyata keçirilməlidir. Çünki uzun illərdir ki, bu vətəndaşlar əziyyət çəkir. Hamıya məlumdur ki, Sumqayıtın qəsəbələrində olan insanların bir hissəsi Bakıda təhsil alırlar, çalışırlar. Ona görə nəqliyyat məsələsi düzəlmirsə, əhalinin rifahına mənfi təsir edir. Düzdür, nəqliyyatın avtobus seqmentində müəyyən işlər görülüb, qismən də olsa dəmir yolu ilə vətəndaşların hərəkəti, mənzil başına çatması təmin olunub. Amma bu təklifə baxmaq olar”.
Eldəniz Cəfərov əlavə edib ki, dəmir yolu ilə yanaşı metro xətlərinin, stansiyaların artırılmasına çox böyük ehtiyac var: “Təqribən 20 il bundan əvvəl metronun inkişaf konsepsiyasında yeni bir xətt təklif olunmuşdu. Bu, Bibiheybətdən Sumqayıta qədər olan yeni bir metro zolağı idi ki, həmin ərazidən Sumqayıta qədər metro hərəkət etməliydi. Əgər metronu Xocasənə qədər çəkə bilmişiksə, bundan sonrası da olmalıdır. Xırdalana da metro çəkilməlidir. Sumqayıta da metro çəkilməlidir. Təəssüf ki, bu işdə biz çox ləngimişik”.
Afaq MİRAYİQ,
“Yeni Müsavat”