Bakı sakinlərinə XƏBƏRDARLIQ: Vəziyyət GƏRGİN OLACAQ!

Paytaxtda əhalinin sayı artdıqca nəqliyyat, tıxac kimi problemlərin həlli müşkül məsələyə çevrilir. Bakıətrafı ərazilərdən mərkəz və digər yerlərə getmək saatlarla vaxt itkisinə səbəb olur. Tədris ilinin başlamasına sayılı günlər qaldığını nəzərə alsaq, az bir vaxtdan sonra yolların “iflic” olması istisna hal sayılmır.

Bəs problem ən qısa zamanda qurtulmaq üçün çıxış yolu nədir?

Nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, bir sıra səbəblərdən dolayı paytaxt yollarında vəziyyət bir qədər gərgin olacaq:

“Bu il yollarda sıxlığın daha intensiv şəkildə olması birbaşa “Formula1” yarışlarının dərs ilinin başlamasına təsadüf etməsi ilə bağlıdır. Üstəlik, “COP29”-a hazırlıq tədbirləri də öz təsirini göstərir. Bu il həqiqətən də, vəziyyət gərgin olacaq. Amma aidiyyatı qurumlar söz veriblər ki, prosesi tənzimləmək üçün çalışacaqlar”.

Ekspert qeyd edib ki, tıxac probleminin həlli müasir nəqliyyat şəbəkəsinin qurulmasından asılıdır:

“Mərkəzlə əlaqələndirilmiş kənar dairəvi yollar çəkilməlidir. Şəhər mərkəzinə daxil olmadan ətraf ərazilərdən Bakının müxtəlif istiqamətlərinə hərəkət təmin olunmalıdır. Bu, həm də ictimai nəqliyyatla mümkün olmalıdır. İctimai nəqliyyat deyəndə isə təkcə ağlımıza avtobus gəlməməlidir. Burada metro xətlərindən də danışmalıyıq. Metrostansiyaların da sayı artırılmalıdır. Digər tərəfdən, mikromobillik vasitələri olan skuter, moped və velosipedlərin hərəkəti üçün şərait yaradılmalıdır. Sadalananlar tətbiq olunsa, problem böyük müstəvidə öz həllini tapa bilər. Hazırda məsələ ilə bağlı ciddi addımlar atılmır. İctimai nəqliyyat hələ də arzuolunan səviyyədə deyil. Avtobusların sayının 400-ə qədər artması nəzərdə tutulur. Bununla paralel köhnə avtobuslar istismardan çıxarılmalıdır. Yeni və müasir avtobuslar xəttə buraxılmalıdır. Metrostansiyalar şaxələnməlidir. Bakının baş planında 20-dən çox yeni stansiyanın inşası nəzərdə tutulsa da, hələ ciddi dəyişiklik nəzərə çarpmır”./Yenisabah.az/

13.09.2024 15:47
7254