Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi Bakı Şəhər Nəsimi Rayon T.Həsənov adına 23 saylı orta məktəbdə aşağı sinif şagirdləri arasındakı insidentə münasibət bildirib.
Qurumdan qeyd olunub ki, hadisə ilə bağlı məlumatlıdırlar:
“Hazırda agentliyin, eyni zamanda Elm və Təhsil Nazirliyinin Uşaqların Müdafiəsi İdarəsinin əməkdaşları da həmin təhsil müəssisəsindədirlər.
Hüquq-mühafizə orqanlarına məlumat verilib, birgə araşdırma aparılır. Araşdırmanın nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək”.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, şagirdlər arasında yaranan mübahisə onlardan birinin digərinin boğaz nahiyəsinə xəsarət yetirməsi ilə nəticələnib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, tərəflər arasında yaranan mübahisə ilə bağlı polisə məlumat daxil olub:
“Faktla bağlı araşdırma aparılır”.