Bakı məktəbində DAVA: bloger şagirdi döydü

Bakı məktəbində daha bir şagird-valideyn qalmaqalı yaşanıb.

Bu barədə Lent.az-a zərərçəkmiş şəxsin valideyni Seymur Musayev məlumat verib.

Onun sözlərinə görə, hadisə paytaxtın Əhmədli qəsəbəsidə yerləşən 287 saylı məktəbdə qeydə alınıb. Belə ki, məktəbin 6-cı sinfində oxuyan T. M. 7-ci sinifdə oxuyan Z.Q. arasında mübahisə yaranıb.

S. Musayevin iddiasına görə, Z.Q.-nın anası məktəbə gələrək, hər kəsin gözü qarşısında onun oğluna şiddət göstərib:

"Övladlarımız arasında mübahisə yaranıb. Z.Q-nın anası məktəbə gəlib, uşaqların, müəllimlərin içərisində mənim oğlumun yaxasından tutub, divara çırpıb. Övladımı polisə salmaqla hədələyib. Deyib ki, mən bloqqerəm sizi tutduraram. Uşaq qorxusundan evə gəlib bizə deməyib. Bacısına deyəndən sonra məsələnin üstü açıldı. Məktəbə getməyə qorxurdu. Mən də getdim məktəbə. Qadına dedim ki, övladımın könlünü al. Valideyndi, uşaqların içində pis etmək istəmədim. Amma razılaşmadı. "Mən bloqerəm, nə istəyirsiniz edin. Sizi çəkib biabır edərəm" dedi".

Seymur Musayev bildirib ki, məsələ ilə bağlı polisə müraciət edib:

"Onun elə danışığından sonra 34-cü polis bölməsinə gedərək ərizə yazdım. Daha sonra, "102" xəttinə məlumat verdim. Mənim övladıma belə şiddət göstərməyə onun haqqı yoxdu. Bizi bloqqer olması ilə qorxudur".

DİN-in mətbuat xidmətinin əməkdaşı, polis kapitanı Nurlan Əliyev Lent.az-a bildirdi ki, məsələ ilə bağlı polisə müraciət olunub.

Hazırda ərazi üzrə polis şöbəsində təhqiqat araşdırmaları davam etdirilir.

Məsələyə məktəbdən münasibət öyrənmək mümkün olmayıb.

01.03.2024 16:14
1299