Bakı Kremlə “qırmızı cizgiləri” işarə edir: Rusiyanın həm Türkiyə, həm də NATO ilə toqquşma riski artır

Üçtərəfli anlaşmalar, 2025-ci ildə müddəti bitdikdən sonra rəsmən hüquqi qüvvəsini itirəcək, rus sülhməramlılar da Azərbaycan ərazisini tərk etməli olacaqlar, prezident Ərdoğanın bu reallığı ifadə etməsi üçün Türkiyənin sənədlərin tərəfi olmasına hər hansı ehtiyac yoxdur... Əgər, Kreml 2025-ci ildə rus sülhməramlıları Qarabağdan çıxartmaq istəməzsə, onda, dərhal Azərbaycan-Türkiyə müttəfiqliyi barədə Şuşa Bəyannaməsinin uyğun maddələri işə düşəcək, Rusiya Türk İttifaqının hərbi-siyasi potensialı ilə üzləşməli olacaq...

Cənubi Qafqazda gərginlik artan xətt üzrə inkişaf edir. Rusiya bu regionda sülhün və sabitliyin bərpa edilməsində qətiyyən maraqlı olmadığını hər imkanda biruzə verir. Kreml regional qarşıdurmanı stimullaşdırmaq üçün bütün imkanlardan yararlanmağa çalışır. Və hələlik Rusiyanın bu cəhdlərinin müəyyən nəticələr verdiyi də inkaredilməz reallıqdır.

Məsələ ondadır ki, Kremlin sifarişi ilə Azərbaycanın Qarabağ bölgəsindəki erməni separatçı-terrorçular əhalini küçə və meydanlara toplamağa çalışırlar. Düzdür, elə bir ciddi say çoxluğu yarada bilmirlər. Hər halda, bu bölgədə yaşayan erməni azlığının sayı Ermənistan siyasi dairələrinin iddia etdiyindən dəfələrlə azdır. Və erməni azlığının müəyyən qismi də Araik Arutyunyanın terrorçu dəstəsinin “girovu” durumunda qalmaqdan bezib.

Ancaq buna baxmayaraq, Rusiyanın dəstəyini arxasında hiss edən Araik Arutyunyan və onun terrorçuları hansısa radikal planların reallaşdırılmasına başlayacaqları barədə də danışmağa başlayıblar. Erməni separatçı-terrorçuların məhz Kremlin qurduğu ssenarilər əsasında rus sülhməramlıların himayəsinə güvənərək, hərəkət edtdikləri isə qətiyyən şübhə doğurmur. Və bu baxımdan, Rusiyanın Azərbaycanın Xankəndi və ətraf bölgəsində baş verənlərdə əsas katalizator rolunu oynadığına əmin olmaq çətin deyil.

0b1b433a-7caf-4ea1-ba9d-50db4d8a598c.jpg (251 KB)

Hər halda, bəzi regional hadisələrin birbirinə paralellik təşkil etməsi müəyyən nəticələr çıxartmağa münbit şərait yaradır. Belə ki, Kreml rəsmi Bakının Laçın yolunda nəzarət-buraxılış məntəqəsi yaratmasından olduqca narahat və narazıdır. Ona görə də, erməni separatçı-terrorçulara silah sursat daşıyan rus sülhməramlıların nəzarətsiz hərəkət şərtlərinin bərpasına çalışır. Və Qarabağ ermənilərini hərəkətə gətirməklə, situasiyanı gərginləşdirir, Azərbaycana təzyiq göstərməyə cəhd göstərir.

Rəsmi Bakının Qarabağ bölgəsindəki erməni azlığına humanitar yüklərin Bərdə-Ağdam Xankəndi yolu ilə daşınması variantını Brüssel görüşündə əsas gündəm mövzularından birinə çevirməyi bacarması isə Kremli ümumiyyətlə, hövsələdən çıxarıb. Rusiya siyasi dairələri artıq rus sülhməramlılar üçün “çənbər”in sürətlə daraldığını, tezliklə bölgədən çıxmalı olacağını anladığından panik qərarlar qəbul etməyə başlayıblar. Və Rusiya Xarici İşlər Nazirliyinin son absurd açıqlamasını da bu sıraya daxil etmək olar.

Məsələ ondadır ki, rəsmi Bakı “qırmızı cizgiləri” aşan açıqlamaları və tələbləri qətiyyən xoşlamır. Belə hallarda rəsmi Bakı adətən, daha prinsipial və qətiyyətli davranmağa üstünlük verir. Böyük ehtimalla Azərbaycanın siyasi dairələri Kremlin məlum təztiqlərinə daha radikal qarşılıq verməklə, Rusiyaya “qırmızı cizgilər”in keçdiyi trayektoriyaları növbəti dəfə xatırlatmalı olacaqlar.

İndi əsas problem ondan ibarətdir ki, Cənubi Qafqazda, o cümlədən də, Azərbaycanın Xankəndi və ətraf bölgəsində “qırmızı cizgiləri” Kreml məhz özü müəyyən etməyə iddialı olduğunu biruzə verir. Terrorçubaşı Araik Arutyunyanın dili ilə daha “radikal addımlar” mesajı da iddianın ifadə olunmasıdır. Halbuki, Kremldə də, elə Xankəndidə də hər hansı “radikal addım”ın atılmasına ediləcək cəhdin situsiyanı ciddi şəkildə dəyişəcəyini də anlamamış deyillər. Və bu dəyişikliyin məhz rəsmi Bakının siyasi iradəsi ilə Rusiyanın birbaşa əleyhinə olacağı da qətiyyən şübhə doğurmamalıdır.

553ca3cd-f6e8-4b12-8e68-cdd0639acd79.jpg (258 KB)

Hər halda, Kremlin “təxribat emissarı” Ruben Vardanyanı Azərbaycan ərazisinə göndərib, hansısa nəticələr əldə edə biləcəyi dövrlər çox-çox geridə qalıb. İndi Ruben Vardanyanın dəstəsinin vasitəsilə Ağdam-Xankəndi yolunun qapadılmasına göstərilən cəhdlər Rusiyaya elə bir manevr məkanı qazandırmaz. Üstəlik, erməni kriminal milyarderin dili ilə bölgənin gələcyi ilə bağlı yeni şərtlər diqtə etmək cəhdləri də heç bir nəticə verməz.

Kreml bölgəyə tamamilə yad kriminal ünsür olan Ruben Vardanyan vasitəsilə “humanitar hava karidoru” iddiasını gündəmə gətirsə də, buna heç kim əhəmiyyət verməz. Çünki Kremlin “təxribat emissarı”nın xitab etdiyi BMT-də hamıdan yaxşı bilirlər ki, beynəlxalq hüquq normalarına görə Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Və rəsmi Bakının razılığı, hətta birbaşa müraciəti olmadan bunun reallaşmasının qeyri-mümkünlüyünü sübuta ehtiyacı yoxdur.

Ruben Vardanyanın rus sülhməramlılara BMT mandatının verilməsini də gündəmə gətirməsi onun Kremldən göndərilən mətni dilə gətirdiyini göstərir. Hər halda, rus sülhməramlıların beynəlxalq mandat qazanmasında yalnız Rusiyanın maraqlı olduğu inkaredilməz reallıqdır. Və prezident Rəcəb Tayyib Ərdoğanın NATO sammitindən sonra “Rusiya sülhməramlıları 2025-ci ildə Azərbaycan ərazisindən çıxarılacaq. Çünki üçtərəfli anlaşmaya əsasən, onların müddəti həmin tarixdə sona çatacaq” açıqlaması Kremldə əsl “soyuq duş” effekti yaradıb.

Ona görə də, son günlər Rusiyanın siyasi və diplomatik dairələri Kremli beynəlxalq səviyyədə küncə sıxışdıran bu açıqlamaya alternativ variantlar düşünməyə çalışırlar. Ancaq Rusiya Xarici İşlər Nazirliyinin rəsmi təmsilçisi Mariya Zaxarova “Türkiyə üçtərəfli anlaşmanın iştirakçısı deyil” deməkdən uzağa gedəcək əks arqumentlər tapa bilməyib. Halbuki, bu, olduqca zəif arqumentdir.

3d40c9a6f3823070ba7d8e0045c74e9a.jpg (279 KB)

Məsələ ondadır ki, üçtərəfli anlaşmalar 2025-ci ildə müddəti bitdikdən sonra rəsmən hüquqi qüvvəsini itirmiş olacaq. Yəni, rus sülhməramlılar da Azərbaycan ərazisini tərk etmək məcburiyyətində qalacaqlar. İndi prezident Rəcəb Tayyib Ərdoğanın bu qədər aydın olan reallığı ifadə etməsi üçün Türkiyənin üçtərəfli anlaşmanın iştirakçısı olmasına hər hansı ehtiyac belə, yoxdur.

Digər tərəfdən, Türkiyə Azərbaycanın hərbi-strateji müttəfiqidir. Ona görə də, Azərbaycanın suveren hüquqlarına hər hansı problemin Türkiyənin reaksiyasına səbəb olacağı qətiyyən şübhə doğurmur. Yəni, Kreml anlamalıdır ki, Azərbaycanla əvvəlki dövrlərin vərdişləri ilə davrana bilməz. Əgər, Kreml 2025-ci ildə rus sülhməramlıları Qarabağdan çıxartmaq istəməzsə, onda dərhal Azərbaycan-Türkiyə müttəfiqliyi barədə Şuşa Bəyannaməsinin uyğun maddələri işə düşəcək.

Bu baxımdan, Kreml 2025-ci ildə rəsmi Bakının “çıx” tələbinə cavab verərkən, Azərbaycanın Türkiyə ilə hərbi müttəfiq olduğunu mütləq nəzərə almalıdır. Çünki Türkiyə həm də NATO-nun əsas ölkələrindən biridir. Kremlin Azərbaycanla qarşıdurması əvvəlcə Türkiyəni, ardıncasa, dolayısı ilə NATO-nu da Rusiyayla üz-üzə gətirə bilər.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu

20.07.2023 20:00
2829