Bakı İrəvanın son "silah"ını da əlindən aldı, "qırmızı cizgi"ni çəkdi: Erməni terrorçularla bağlı yekun qərar verildi

Ermənistan növbəti böyük uğursuzluq qarşısındadır, rəsmi İrəvan Laçın yoluna bağladığı ümidləri həmişəlik unutmaq məcburiyyətindədir... "Humanitar yük"ün sərhəd bölgəsində nə vaxta qədər saxlanılacağı artıq heç bir önəm daşımır, rəsmi İrəvan əvvəl-axır bu reallıqla barışıb, "təxribat karvanı"nı geri çevirməli olacaq...

Ermənistan növbəti ağır məğlubiyyətə yaxınlaşır. Paşinyan hakimiyyətinin "humanitar yük" avantürası iflasa uğramaq üzrədir. Rəsmi İrəvan "TIR şousu" ilə qarşıya qoyduğu hədəflərdən çox-çox uzaqdır. Və bu baxımdan, erməni təxribatının tezliklə məhz Ermənistanın öz əleyhinə çevriləcəyi artıq qətiyyən şübhə doğurmur.

Məsələ ondadır ki, rəsmi İrəvan bu təxribatla bir neçə məqsəd güdürdü. Əsas hədəf heç şübhəsiz ki, Azərbaycanı beynəlxalq siyasi dairələrin sərt təzyiqlərinə məruz qoymaqdan ibarət idi. Yəni, Paşinyan hakimiyyəti ümid edirdi ki, bu "humanitar avantüra" ilə rəsmi Bakının sərt beynəlxalq təzyiqlər qarşısında müəyyən güzəştlərə məcbur etmək mümkün olacaq. Və hətta sülh danışıqları prosesində Azərbaycanla mövqelərin tarazlaşdırılmasına şərait yaranacaq.

Düzdür, rəsmi İrəvanın bu təxribatı bəzi ermənipərəst dairələri hərəkətə gətirdi. Azərbaycana qarşı ənənəvi ittihamlar irəli sürüldü və çağırışlar edildi. Rəsmi Bakıya təzyiq cəhdləri göstərildi. Və Azərbaycan dövləti olduqca önəmli seçim qarşısında qoyuldu.

87b2cda9b163b56892f4e00a15c14b5d.jpg (491 KB)

Ancaq Paşinyan hakimiyyətinin öz hədəfinə çatdığını iddia etmək üçün bu, qətiyyən yetərli deyil. Çünki rəsmi Bakı öz təmkinli mövqeyini qorumağı bacardı. Üstəlik, Azərbaycan beynəlxalq təzyiqlərə qarşı müqavimət immunitetinin də kifayət qədər yüksək olduğunu sübuta yetirdi. Hər halda, rəsmi İrəvan və ermənipərəst dairələr Azərbaycanın bu qədər prinsipial davranacağını gözləmirdi.

Məsələ ondadır ki, rəsmi Bakı erməni təxribatının ilk anlarından başlayaraq, Ermənistanın "humanitar avantüra"sının əvvəlcədən düşünülmüş manipulyasiya olduğunu ön plana çıxardı. Belə ki, rəsmi Bakı Ermənistanın "humanitar yük"ün Qarabağa keçirilməsi üçün Azərbaycandan icazə almadığını bəyan etdi. Ardınca isə əgər, rəsmi İrəvanın əsas məqsədi Qarabağdakı erməni azlığına ərzaq çatdırmaqdırsa, "humanitar yük"ün müəyyən prosedurlardan sonra Ağdam-Xankəndi yolu ilə keçirilə biləcəyini vurğuladı.

Rəsmi Bakının bu təklifinə Ermənistanın etiraz etməsi baş verənlərin növbəti erməni təxribatı olduğunu qabarıq şəkildə ortaya çıxartdı. Çünki məqsəd Qarabağın erməni azlığına ərzaq çatdırmaq olsaydı, "humanitar yük"ün haradan keçirilməsi rəsmi İrəvan üçün heç bir önəm kəsb etməməliydi. Və bu baxımdan, Paşinyan hakimiyyətinin beynəlxalq siyasi manipulyasiya cəhdi ifşa edilmiş oldu.

Digər tərəfdən, rəsmi Bakı "humanitar yük"ün Laçın postundan keçidini bloklamaqla, həm Ermənistana, həm də beynəlxalq ermənipərəst dairələrə açıq mesaj verdi. Bu mesajla hər kəs anladı ki, Azərbaycan beynəlxalq səviyyədə təsbit olunmuş sərhədlərinə tam nəzarət edir. Azərbaycan ərazisinə hansısa "yük"lər və s. keçiriləcəksə, əvvəlcə icazə üçün rəsmi Bakıya müraciət etməlidir. İcazənin verilib-verilməyəcəyi isə Azərbaycanın suveren hüquqlarına bağlı qərardan asılıdır.

7f3826d1c31ef80bab3adb698e73b7c4.jpg (120 KB)

Nəhayət, Paşinyan hakimiyyəti də, beynəlxalq ermənipərəstlər də qəbul etmək məcburiyyətindədirlər ki, rəsmi Bakı təzyiq cəhdlərinə qarşı prinsipial davranır. Azərbaycanın milli maraqları hər şeydən üstün tutulur. Ermənistanı dəstəkləyən beynəlxalq ermənipərəstlərin manipulyasiyalarından qətiyyən çəkinmir. Erməni təxribatlarına hər an qətiyyətli və sərt reaksiya verməyə də hazırdır. Və keçmişə dönüş xəyalı quran hər kəs Laçın yolunda əvvəlki situasiyanın yaradılmasına yönəlik ümidlərini artıq həmişəlik unutmalıdır.

Ancaq rəsmi Bakı bununla da kifayətlənməyib, Ermənistana və beynəlxalq ermənipərəstlərə əlavə xəbərdarlıq mesajları da yönəltdi. Hər halda, rəsmi Bakının Azərbaycan ərazisində hərbi cinayətlər törətmiş erməni terrorçunun həbsinə qərar verməsi qətiyyən təsadüfi deyil. Birincisi, rəsmi İrəvanın "humanitar yük" avantürasına dəstək verən beynəlxalq siyasi dairələrə xəbərdarlıq edildi ki, Qarabağın erməni azlığı sırasında Azərbaycan ərazisində soyqırım törətmiş hərbi cinayətkarlar da var. Bəzi beynəlxalq qurumlar dolayısı ilə erməni terrorçuları, hərbi cinayətkarları da dəstəkləmiş olurlar. Yəni, onlar öz bəyanatlarında maksimum səviyyədə ehtimalı davranmalıdırlar.

Xüsusilə də, BQXK regiondakı fəaliyyəti ilə özünü artıq biabır etmiş durumdadır. Çünki bir müddət öncə rəsmi Bakı BQXK-nin Qarabağa qaçaqmalçılıq fəaliyyəti ilə məşğul olduğunu faktlarla sübuta yetirmişdi. Bu dəfəsə, BQXK-nin erməni hərbi cinayətkarların, terrorçuların sərhəddən keçirilməsində iştirak etməsi ifşa olundu. Və bununla da, BQXK-nin ikinci dünya müharibəsində hərbi cinayətlər törətmiş nasistlərin cəzadan qaçırılması ilə başlayan ənənəyə sadiq qaldığı ortaya çıxdı.

9ff29512c34991a04a3d20e20a452726.jpg (213 KB)

Digər tərəfdən, məlum oldu ki, rəsmi Bakı erməni terrorçuların, nə vaxt törədilməsindən asılı olmayaraq, heç bir hərbi cinayətini unutmayıb. İndi Ermənistanda və Azərbaycanın Qarabağ regionunda gizlənən erməni terrorçular mütləq həbs edilərək, cəzalandırılacaqlarına əmin olmalıdırlar. Azərbaycanın Xarici İşlər Nazirliyi də bəyan edib ki, bütün hərbi cinayətkarların müəyyən edilib, həbs olunması istiqamətində əməliyyat tədbirləri bundan sonra da davam etdiriləcək.

Anlaşılan odur ki, indi erməni terrorçular Qarabağ barədə deyil, onları gözləyən cəzadan xilas olmaq barədə düşünmək məcburiyyətində qalıblar. Bəzi məlumatlara görə, erməni terrorçuların bir çoxu hələ də qaçmağa imkan tapmayıblar. Yəni, hərbi cinayətkarların əsas ümid yerinə çevrilmiş BQXK erməni terrorçuların hamısına qaçmağa kömək edə bilməyib. Onların bundan sonra Laçın postundan keçib, canlılarını cəzadan qurtara biləcəkləri isə artıq qətiyyən inandırıcı görünmür.

Beləliklə, Ermənistan növbəti dəfə böyük uğursuzluq qarşısındadır. Rəsmi İrəvan Laçın yoluna bağladığı ümidləri artıq həmişəlik unutmaq məcburiyyətindədir. "Humanitar yük"ün sərhəd bölgəsində nə vaxta qədər saxlanılacağı isə heç bir əhəmiyyət daşımır. Həmin TIR-lar onsuz da Laçın postundan keçə bilməyəcək. Rəsmi İrəvan əvvəl-axır bu reallıqla barışıb, "təxribat karvanı"nı geri çevirmək məcburiyyətində qalacaq.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

30.07.2023 17:22
4337