Qondarma rejimin hazırda Bakıda həbsdə olan əsas fiqurları insanlıq əleyhinə cinayət törətmiş canilərdir. Xüsusən də Araik Arutyunyan Gəncə terrorunun məsuliyyətini öz üzərinə götürdüyü üçün onu hərbi cani adlandırmaq olar. Bu səbəbdən Araikin ömürlük azadlıqdan məhrum edilməsi istisna deyil. Eyni zamanda Xocalı qatili Bako Saakyan da insanlıq əleyhinə cinayət törətmiş xunta başçısı olub.
Həbs edilən digər qatillər onlardan böyük ölçüdə fərqlənmir. Ona görə Azərbaycan bu terrorçular üçün “Nürnberq mühakiməsi” təşkil edəcək. Çünki onların müharibə cinayətləri alman faşistlərindən çox da seçilmir. Odur ki, qarşıda səs-küylü və tarixi məhkəmə prosesləri gözlənilir. Araik, Ruben, Bako, Arkadi, David və digərlərinin ifadələri hərb cinayətləri tarixinə düşə bilər.
“Yeni Müsavat” bildirir ki, Vətən müharibəsi ilə başlayan erməni faşizminin belinin bükülməsi araiklərin qoluqandallı və bükülmüş vəziyyətdə gətirilməsi ilə sona yetdi. Buna 44 günlük zəfərə möhür vurulması da demək olar. Təbii ki, sülh və insanlıq əleyhinə törədilmiş cinayətlər təkcə separatçı rejimin əsas liderləri tərəfindən olmayıb, siyahı genişdir və təxminən 300 nəfərdən söhbət gedir. Onların bir-bir mühakiməsi ilə ilahi ədalət bərpa ola bilər. Azərbaycan isə onların bir qismini həbs etməklə erməni terrorizminin maliyyəçilərinə, ideoloqlarına dərs verdi ki, bizim torpaqlarda cinayətkarlığın, insanlıq əleyhinə əməllərin finalı belə yekunlaşır. Eyni zamanda “artsax” mifinin sabun köpüyü olduğu bir sutkalıq antiterror tədbiri ilə sübut edildi. Sadəcə, uzun müddət güc mərkəzlərinin hamilik etməsi separatizmin mövcudluğuna səbəb olmuşdu. Bakının isə səbrinin tükəndiyi bir vaxt var idi və bu da 19 sentyabr oldu.
İndi nə Araiki, nə digərlərini müdafiə edən var. Özünə hörmət edən heç bir dövlət terrorçunun müdafiəsinə qalxmaz. Ermənistan onların həbsi ilə bağlı Azərbaycanı beynəlxalq məhkəməyə verməyə hazırlaşır, lakin beynəlxalq hüquq bizim tərəfimizdədir. Çünki Araik müharibə zonasından aralıda yerləşən Gəncə şəhərini vurdurduğunu etiraf edib. BMT məhkəməsi bu halda onun azad edilməsini necə istəyə bilər?!
Əziz Əlibəyli
Siyasi şərhçi Əziz Əlibəyli hesab edir ki, Bakı sənədləri dünyanı silkələyəcək. Onun sözlərinə görə, bu gün Bakı Nürnberqə bənzəyir, özü də küçələri, insanları, quruluşu ilə deyil: "Bu gün Bakıda həm də 1945-ci ildir. Tarixlər öz hökmünü müharibə və insanlıq əleyhinə cinayət törədənlərin cəzalandırılmasına, işğalçıların məğlub olmasına verəndə dünyada yeni mərhələ başlamış olur. Bakıda müttəhim kürsülərində qəribə-qəribə məxluqlar əyləşib. Onların mühakimə prosesi əminəm ki, Nürnberqdən daha irimiqyaslı nəticələr doğuracaq. Niyə? Gəlin bir neçə mühüm qənaətlərə baxaq: Azərbaycan tarixində sirli qalan çoxlu sayda cinayət hadisələri və terror olayları mövcuddur. Qarakənd faciəsi - vertolyotun vurulması ilə öldürülən dövlət xadimlərimiz prosesin ilk mərhələsi idi. Bakıda müttəhim kimi əyləşən şəxslər bu sirri açacaq qəbildəndir. Birinci müharibə dövründə Xocalıda, Qaradağlıda, Başlıbeldə konkret olaraq kimlər terror törədib, mülki xalqı soyqırımına uğradıb, kim kimdən bu haqda göstəriş alıb, silahlarını kimlər verib, hamısı ortaya çıxacaq. Digər tərəfdən, terror fəaliyyətlərində kimlərdən, hansı ölkələrdən maliyyə, silah, texniki və digər dəstək alıblar, hansı yolla əraziyə, hansı ölkədə kimin vasitəsilə keçiriblər". Ekspertin fikrincə, lobbi və diasporada Azərbaycana qarşı müharibədə hansı ölkənin məmurları, diplomatları, deputatları, məşhur şəxsləri nə qədər korrupsiya ilə ələ alınıb, hansı vasitələrlə cinayətkar əlaqələrə girilib, hansı metodla şifrələşilib, hamısına daxil olunacaq: “Məşhur erməni diasporunun cinayətlərlə zəngin minlərlə səhifəlik fəaliyyətlərinə aid dosyalar endiriləcək. Çünki artıq "Qara qutular" və eləcə də “Qara adamlar” Bakı istintaqında ifşa prosesinə qədəm qoymaqdadır. Bu prosesin dövriyyəsi o qədər böyükdür ki, zərbəsindən ABŞ, Avropa, Hindistana qədər hakimiyyətlərin cinayət əlaqəsində olduğu yüksək eşelonlarına qədər silkələnəcək. Samanta Pauerin gəlişinin şifrələri başqa bir dünyanı açacaq üzümüzə. Transcinayətkar şəbəkələrin ifşası və informativ-psixoloji məğlubiyyətdir".
HAZIRLADI: Emil SALAMOĞLU