Sentyabrın 1-də Bakı Hərbi Məhkəməsində Müdafiə Nazirliyinin mənimsəməyə görə həbs edilən sabiq 3 vəzifəli şəxsinin cinayət işi üzrə məhkəməyə hazırlıq iclası keçiriləcək.
Musavat.com xəbər verir ki, polkovniklər Fikrət Mirzəyev, Mahir Şirvanov və Məlikməmməd Qurbanovun cinayət işləri ayrı-ayrılıqda icraata verilib.
Qeyd edək ki, 2 polkovnikə - Fikrət Mirzəyevə və Məlikməmməd Qurbanova qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb. Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi polkovnik Mahir Şirvanova isə 179.4, 341.2.1 və digər maddələr ilə ittiham irəli sürülüb. Polkovnik Fikrət Mirzəyev nazirliyin Mənzil İstismar İdarəsinin, polkovnik Mahir Şirvanov Satınalmalar və Təchizat İdarəsinin, polkovnik Məlikməmməd Qurbanov isə Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi olub. Hər üç polkovnik 2022-ci ilin əvvəlində həbs ediliblər. Polkovnik Fikrət Mirzəyev 2020-ci il iyun ayında MN-dəki vəzifəsindən çıxarılıb. Məlikməmməd Qurbanov 27.08.2019-cu il tarixində xidmət keçmənin son yaş həddi ilə əlaqədar olaraq ehtiyata buraxılıb. Mahir Şirvanov polkovnik Məlikməmməd Qurbanovdan əvvəl bu vəzifədə çalışıb.
Məlikməmməd Qurbanov dövlətə 3 milyon 500 min manat maddi ziyan vurmaqda ittiham edilir.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com