Bakı daha bir NATO ölkəsi ilə hərbi əməkdaşlığı gücləndirdi

Azərbaycan iqtisadi əlaqələri ən yüksək səviyyədə olan İtaliya ilə hərbi əməkdaşlığı da ən yüksək səviyyədə inkişaf etdirmək əzmindədir

İyunun 26-da İtaliyanın “Leonardo” şirkətinin istehsalı olan “C-27j Spartan” hərbi-nəqliyyat təyyarəsi Bakı Beynəlxalq hava limanında Azərbaycan prezidenti İlham Əliyevə təqdim edilib. Tədbirdə İtaliyanın müdafiə naziri Quido Krosetto, xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Çirielli, “Leonardo” şirkətinin prezidenti Stefano Pontekorvo iştirak ediblər.

Dövlət başçısına təyyarənin taktiki-texniki xüsusiyyətləri, istismarı və digər göstəriciləri barədə məlumat verilib. Bildirilib ki, təyyarə mürəkkəb coğrafi relyef və əməliyyat şəraitində həm müdafiə, həm də mülki müdafiə tapşırıqlarını yerinə yetirməyə qadirdir. “C-27J Spartan” tipli təyyarədən hərbi nəqliyyat, paraşütçülərin və yüklərin havadan atılması, eləcə də tibbi tapşırıqların yerinə yetirilməsi əməliyyatlarında istifadə olunacaq.

İlham Əliyev iyunun 26-da Quido Krosettonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Dövlət başçısı İtaliyanın çox inkişaf etmiş hərbi-texniki sənayeyə malik olduğunu vurğulayaraq, bu gün təqdim olunan “C-27J Spartan” tipli hərbi nəqliyyat təyyarəsinin Azərbaycana gətirilməsini əlaqələrimizin yüksək səviyyəsinin göstəricisi kimi dəyərləndirib.  

Qeyd edək ki, İtaliyanın “Leonardo” şirkəti Avropanın qabaqcıl silah istehsalçısı hesab olunur ki, onun məhsulları olan “M-346" təlim təyyarələri artıq Azərbaycan HHQ-nin sərəncamındadır. Bu ayın əvvəlində Azərbaycan müdafiə nazirinin müavini-Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi Aqil Qurbanov bu ayın əvvəlində İtaliyada səfərdə olub,  bu ölkənin müdafiə naziri cənab Quido Krosetto ilə görüşüb.

Hərbi Dəniz Qüvvələrinin komandanı, vitse-admiral Sübhan Bəkirovun da iştirak etdiyi görüşdə Azərbaycan ilə İtaliya arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahəsində əməkdaşlığın inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb. Ötən ilin oktyabrında  Baş Qərargah rəisi  Bakıda səfərdə olanda  İtaliyanın aparıcı nəşrlərindən olan “La Republicca” yazıb ki, Azərbaycan  İtaliyadan irimiqyaslı silahların alınması ilə bağlı danışıqlar aparır. Bakının alış-veriş siyahısına təlim təyyarələri, hücum tüfəngləri, özüyeriyən zenit silahları, zenit-raket batareyaları, nəqliyyat təyyarələri və sualtı qayıqların daxil olduğu qeyd edilib .

“Leonardo” holdinqi 1948-ci ildən fəaliyyət göstərir.  “Tornado” hərbi qırıcılarının və “Ghibl”i hücum təyyarələrinin, “Boeing 767" və ”ATR" sərnişin təyyarələrinin hazırlanması da daxil olmaqla, irimiqyaslı beynəlxalq layihələrdə iştirak  edib. “Leonardo” helikopter istehsalında dünya lideridir. Şirkətin  helikoptel istehsal edən zavodlarında 13 mindən çox işçi çalışır. İstehsal müəssisələri İtaliya, Polşa, Rusiya, Böyük Britaniya və ABŞ-da yerləşir.

Beləliklə, görünən budur ki, Azərbaycan iqtisadi əlaqələri ən yüksək səviyyədə olan NATO ölkəsi İtaliya ilə hərbi əməkdaşlığı ən yüksək səviyyədə inkişaf etdirmək əzmindədir.

Emin Həsənli: “Ordunun sağlamlaşdırılmasında informasiya resurslarının rolu  danılmazdır”

Emin Həsənli 

“Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli Azərbaycanın dünyanın qabaqcıl ölkələri ilə əməkdaşlığa daim önəm verdiyini vurğuladı: “İtaliya dünyanın ilk yeddiliyinə daxil olan ölkədir. İqtisadiyyatına və bir çox sahələrə görə inkişaf edib. Avropada da dörd əsas ölkədən biridir, NATO ölkəsidir. Hərbi qüdrətinə görə ən tanınmış dövlətlərdən biri sayılır. Tarixi ənənələri barədə də hər kəs bilir. Azərbaycanla siyasi, iqtisadi və mədəni əlaqələri yüksəkdir. Son dövrlərdə də hərbi-texniki əməkdaşlıq daha da genişlənidirilib. Bu əməkdaşlıq çərçivəsində Azərbaycan İtaliyadan hərbi texnikalar alır. Eyni zamanda ola bilər ki, müdafiə sənayesi sahəsində birgə silahların istehsalı məsələsinə baxıla bilər. Müasir texnologiyalardan istifadədə də Azərbaycan İtaliyadan yararlana bilər. Biz qardaş Türkiyə ilə bu sahədə daha sıx əməkdaşlıq edirik. İsrail və bir çox ölkələr də bura daxildir. İtaliya 44 günlük Vətən savaşında haqq işimizə dəstək verdi. Ümumiyyətlə, Qarabağ məsələsində haqq işimizə hər zaman dəstək verib. İqtisadi əməkdaşlığı Avropa ölkələri yaxından davam etdiririk və bu sırada da İtaliya öndə gəlir. Bu ölkə ilə əməkdaşlığımız bizim milli maraqlara tam uyğundur. Ölkələrlə əvvəl siyasi, sonra da iqtisadi əməkdaşlıq çox önəmlidir. Daha sonra da hərbi əməkdaşlıq gəlir. Bunların hamısı bir-birini tamamlamalıdır. Azərbaycan dövlətinin qarşısına qoyduğu məqsəd odur ki, dünyanın ən qabaqcıl ölkələri ilə milli və dövlət maraqlarımıza uyğun olaraq, sıx əməkdaşlıq etsin”.

Səxavət Məmməd – Yeni Çağ Media

Səxavət Məmməd

Hərbi analitik Səxavət Məmməd bildirdi ki, İtaliya ilə Azərbaycan münasibətləri hər sahədə inkişaf edir. Hərbi-texniki sahədə İtaliya ən yaxşı tərəfdaşlardan biri sayıla bilər. Çünki İtaliyanın istehsal etdiyi hərbi texnikalar, silahlar müasir standartlara cavab verir. Azərbaycan İtaliyadan zenit silahlar, zenit-raket batareyaları da ala bilər. Hesab edirəm ki, bu yöndə addımların atılacağını yaxın zamanda görəcəyik. Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi Aqil Qurbanovdan başqa Hərbi Dəniz Qüvvələrinin komandanı, vitse-admiral Sübhan Bəkirovun İtaliyanın müdafiə naziri Quido Krosetto görüşü diqqət çəkəndir. Çünki Azərbaycan Hərbi Dəniz Qüvvələrinin arsenalında olan döyüş gəmiləri 60-70-ci illərin texnologiyaları əsasında yığılıb. Azərbaycan donanmasının yenilənməyə ehtiyacı var. Bu yöndə Azərbaycana çoxlu təkliflər verilir. Məsələ ondadır ki, bu çox bahalı layihə olacaq. Bilirik ki, İtaliya şirkətləri ən müasir döyüş gəmiləri istehsal edə bilir. Bu yöndə hansısa addımların atılması da mümkün variantdır.

Azərbaycan Ermənistandan fərqli olaraq NATO ölkələri ilə əməkdaşlığı NATO-ya daxil olmaq kimi təqdim edir və siyasi qərarlar verir. Azərbaycan isə NATO üzvü olan ölkələrlə sadəcə olaraq müəyyən xətt üzrə əməkdaşlıq edir. Bu isə Rusiyanı qıcıq etmir. Azərbaycan özünə lazım olan, ehtiyac gördüyü silahları, hərbi texnikaları almaqda davam edəcək. İtaliyanın silah sənayesi Azərbaycan üçün uyğundur. İtaliyanın silah sənayesi sahəsindəki şirkətləri uzun zamandır ki, Azərbaycana gəlir, məhsullarını təqdim edir və danışıqlar aparır. Hesab edirəm ki, iki ölkə arasındakı bu əlaqə gələcəkdə daha da inkişaf edəcək".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

28.06.2024 10:41
1162