Azərbaycan BMT-nin 29-cu İqlim Dəyişikliyi Konfransından (COP-29) Ermənistana qarşı addımlar atmaq üçün fəal şəkildə yararlanmağa hazırlaşır.
Bunu “Sputnik Ermənistan”a müsahibəsində azərbaycanşünas alim Tatev Ayrapetyan beynəlxalq konfransa hazırlıqla bağlı Azərbaycan mənbələrindən alınan məlumatları təhlil edərkən deyib.
BMT-nin 29-cu İqlim Dəyişikliyi Konfransında ekspertin fikrincə, Ermənistana qarşı ekoloji təbliğat kampaniyası iki istiqamətdə aparılacaq. Birincisi, Ermənistanın Dağlıq Qarabağın təbii sərvətlərindən qanunsuz istifadə etməsi məsələsi qaldırılacaq. İkincisi, Ermənistanı regionda ətraf mühiti ən çox çirkləndirən ölkə kimi təqdim etməyə cəhd ediləcək.
“İlk növbədə, Zəngəzur Mis-Molibden Kombinatı, Alaverdi Mis Zavodu və bir sıra digər iri müəssisələrlə bağlı məsələ qaldırılacaq”, - Ayrapetyan bildirib.
Onun sözlərinə görə, Azərbaycan hakimiyyəti bir sıra ictimai təşkilatlara üç dildə - Azərbaycan, ingilis və rus dillərində Ermənistanın regionun ekologiyasını təhdid etməsi ilə bağlı xəritələr tərtib etməyi tapşırıb.
“Ən əsası odur ki, bu xəritələrdə yer adları Azərbaycan toponimləri ilə göstəriləcək”, - Ayrapetyan deyib. (Publika.az)