Bakı ABŞ və Avropa Birliyinə "odla oynamayın" mesajı verib: Kreml isə İrəvanın hesab gününü artıq təyin edib

Azərbaycanın xəbərdarlıq mesajları ABŞ və Avropa Birliyində çaşqınlıq yaradıb, Ermənistanı qorxuya salıb, Rusiyanı isə açıq-aşkar məmnun edib... Kreml növbəti savaş ehtimalının reallaşacağı təqdirdə, Rusiyanın Ermənistanı xilas etməyə həvəs göstərməyəcəyinu qətiyyən gizlətmir...

Cənubi Qafqaz ətrafında qurulan məkrli oyunların əhatə dairəsi və geopolitik hədəfləri genişləndirilir. Belə ki, ABŞ, Avropa Birliyi və Fransa Ermənistan üzərindən regional manevrlərini intensivləşdirməyə çalışır. Hazırda ABŞ və Qərbin Cənubi Qafqazda gedən geopolitik proseslərə müdaxiləsi olduqca kobud və dağıdıcı xarakter daşıyır. Və bu, yeni regional savaş təhlükəsini daha da ön plana çıxarır.

Onu da qeyd etmək lazımdır ki, ABŞ və Qərb Azərbaycan və Ermənistan arasındakı sülh danışıqlarını bloklamağa nail olub. İndi rəsmi İrəvanın daha aqressiv mövqe tutmağa sövq edilməsi ilə bağlı prosesin başlandığı müşahidə olunur. ABŞ və Qərb Ermənistanın revanşizmə dönüşünü artıq təmin etmək üzrədir. Və bunun üçün rəsmi İrəvanın Qərbin dəstəyini hiss etməsi tamamilə yetərlidir.

Ona görə də, Ermənistan son vaxtlar Azərbaycanla sərhəd bölgəsində atəşkəsi daha tez-tez pozmağa cəhd göstərir. Halbuki, son vaxtlara qədər Paşinyan hakimiyyətinin buna hərbi-siyasi cəsarəti çatmırdı. Ancaq ABŞ-ın Ermənistanla hərbi təlimlər keçirməsi, Fransadan yeni silahların alınması rəsmi İrəvanı ciddi şəkildə cəsarətləndirib. Bu sıraya ABŞ və Avropa Birliyinin Ermənistana hərbi məqsədlərə yönəlik maliyyə yardımı ayırmasını da əlavə etmək mümkündür.  Pentaqonun Ermənistan Müdafiə Nazirliyinə yüksək rütbəli hərbi təmsilçi təyin etməsindən sonra isə rəsmi İrəvanın siyasi ritorikası da sərtləşməyə başlayıb.

e2e65d887dc9002ace9fce24d89dc82a.jpg (227 KB)

Təbii ki, Azərbaycan Ermənistan üzərindən qurulan belə məkrli oyunlara müşahidəçi qala bilməzdi. Ona görə də, Azərbaycanın Müdafiə Nazirliyi tərəfindən Ermənistana sərt xəbərdarlığın olunması qətiyyən gözlənilməz xarakter daşımır. Üstəlik, rəsmi Bakı yalnız Ermənistana deyil, onun beynəlxalq himayədarlarına da xəbərdarlıq mesajı göndərildi. Belə ki, rəsmi İrəvanın son davranışlarına son qoyulmazsa, Azərbaycanın buna adekvat olaraq, sərt reaksiya verəcəyi qabardıldı, Cənubi Qafqazda yaranacaq yeni savaş vəziyyətinə görə isə Ermənistan və onun beynəlxalq himayədarlarının məsuliyyət daşıyacağı vurğulandı.

Göründüyü kimi, rəsmi Bakı Ermənistanla yanaşı, ABŞ, Avropa Birliyi və Fransaya da həddini göstərməyi vacib hesab etdi. Rəsmi Bakı ABŞ və Qərbə dolayısı ilə anlatmağa çalışdı ki, məhz Azərbaycan Cənubi Qafqazın şəriksiz geopolitik iradə sahibidir. ABŞ və Qərb Azərbaycanın regional maraqlarını nəzərə almadan, Ermənistan üzərindən Cənubi Qafqazda hər hansı geopolitik hədəfinə nail ola bilməz. Və buna göstərilən cəhdlər isə regionda yeni savaş vəziyyəti yarada bilər.

Maraqlıdır ki, rəsmi Bakının xəbərdarlıq mesajları tam dəqiqliyi ilə nəzərdə tutulmuş ünvanlara artıq çatıb. ABŞ və Avropa Birliyi Azərbaycanın xəbərdarlığına uyğun cavab reaksiyaları verməyə məcbur qalıblar. ABŞ rəsmi İrəvana verilən dəstəyin məhz Ermənistanın Rusiya asılılığından çıxarılmasına yardım etmək məqsədinə yönəlmiş olduğunu bəyanlayıb. Avropa Birliyi isə Azərbaycan və Ermənistan arasında sülh müzakirələrini dəstəklədiyini vurğulamaqla, Brüssel prosesini yenidən bərpa etmək niyyətini gündəmə gətirib.

87b2cda9b163b56892f4e00a15c14b5d.jpg (491 KB)

Rəsmi İrəvan isə ümumiyyətlə, qorxuya düşüb. Rəsmi İrəvan Azərbaycanın yaxın aylarda Ermənistana qarşı hərbi əməliyyatlara başlaya biləcəyindən narahat olduğunu qabartmağa çalışır. İndi Paşinyan hakimiyyəti Ermənistana vədlər verən Qərb siyasi dairələrindən təhlükəsizlik təminatı umur. Halbuki, Qərbdə Ermənistana toxunulmazlıq təminatı verə biləcək elə bir beynəlxalq iradə mərkəzi mövcud deyil. Və Qərbin Cənubi Qafqaza birbaşa müdaxilə imkanları Ermənistan üçün ümidverici xarakter daşımır.

Ermənistanın hərbi müttəfiqi Rusiya da hazırda rəsmi İrəvanı məmnun edə biləcək mövqedən çox-çox uzaqdır. Çünki rəsmi İrəvan Kremlə xəyanət edib və Rusiya artıq Ermənistana qətiyyən güvənmir. Kremldə hesab edirlər ki, Ermənistanın Rusiyanın nəzarətindən qoymaq şansları yoxdur. Ona görə də, Rusiya bir tərəfdən Ukrayna savaşının nəticələrini öz xeyrinə dəyişməyə çalışır. Digər tərəfdən isə Ermənistanda hakimiyyət dəyişikliyini gözləyir. Və 2026-ci ildə keçiriləcək növbəti parlament seçkilərində Paşinyan hakimiyyətinin məğlub ola biləcəyinə ümid bəsləyir.

Böyük ehtimalla Rusiya Ermənistanla hesablaşma niyyətini bir müddət təxirə salmağa üstünlük verib. Ukrayna savaşından və Paşinyan hakimiyyətinin dəyişməsindən sonra Kremlin Ermənistanla ciddi şəkildə məşğul olacağı, onu yenidən Rusiyanın orbitinə qaytarmağa çalışacağı tamamilə inandırıcı görünür. Və bu baxımdan, rəsmi İrəvanın son dövrlərdə Rusiyaya qarşı xəyanət siyasətinin hesabını əvvəl-axır verməli olacağı qətiyyən şübhə doğurmur.

Kremlin indiki Cənubi Qafqaz siyasəti isə Azərbaycan-Rusiya münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə qaldırılmasına yönəlib. Çünki Kremldə artıq tam dəqiqliyi ilə anlayırlar ki, Ermənistan Rusiyanın orbitinə qaytarıldıqdan sonra belə, etibar ediləcək tərəfdaş olmayacaq. Yəni, Rusiyanın Ermənistan üzərindən Cənubi Qafqaz strategiyası qurması bundan sonra olduqca yanlış və absurd variant olardı. Və Kreml üçün Azərbaycan indi daha etibarlı bir regional siyasi iradə mərkəzi sayılır.

28a03d166f75592649dc9d7ec722a7e2.jpg (430 KB)

Maraqlıdır ki, Kreml artıq açıq mətnlə Ermənistanı Cənubi Qafqazda ABŞ və Qərbin geopolitik alətinə çevrilməkdə suçlayır. Rusiyanın hakim dairələri birmənalı şəkildə vurğulayırlar ki, Azərbaycan və Ermənistan arasında sülh prosesinin dalana dirənməsinin və hərbi-siyasi gərginliyin artmasının əsas səbəbləri Paşinyan hakimiyyətinin avantürist davranışları ilə birbaşa bağlıdır. Və Qərbin təlimatlarından qaynaqlanan bu davranışlar regionda yeni müharibəyə də yol aça bilər.

Məsələ ondadır ki, Rusiya Xarici İşlər Nazirliyi ABŞ və Avropa Birliyinin Cənubi Qafqazı Rusiya sərhədləri ətrafında ikinci cəbhəyə çevirməyə çalışdığını vurğulayıb. Kremlin əsas narrativlərindən biri ondan ibarətdir ki, ABŞ və Avropa Birliyi Cənubi Qafqazda onilliklər boyu mövcud olmuş münasibətlər sistemini dağıtmaq istiqamətində fəal cəhdlər göstərir. Kremldə hesab edirlər ki, ABŞ və Avropa Birliyi regionda stabilliyi pozmağa, yeni gərginlik məkanı yaratmağa can atır. Və bununla da, Cənubi Qafqazda daha faydalı təhlükəsizlik sistemini sıradan çıxarmaq niyyətində olduğunu biruzə verir.

Göründüyü kimi, Azərbaycanın xəbərdarlıq mesajları okeanın hər iki tərəfinə çatıb. Eyni zamanda, Ermənistanı qorxuya salıb. Rusiyanı isə açıq-aşkar məmnun edib. Hər halda, Kreml növbəti savaş ehtimalı reallaşacağı təqdirdə, Ermənistanı xilas etməyə həvəs göstərməyəcəyinu qətiyyən gizlətmir. ABŞ və Qərbin Cənubi Qafqazda proseslərə birbaşa müdaxilə imkanlarının məhdud olduğunu nəzərə aldıqda, bu, Ermənistan üçün real fəlakət variantının daha ön planda olduğunu biruzə verir.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

31.07.2024 20:05
2307