Kamran Əsədov: “Bu imtahanlar bəzi bağça müəllimləri üçün təzyiq və stress yarada bilər, ona görə də...”
Azərbaycanda 19-20 oktyabr tarixində ilk dəfə məktəbəqədər təhsil müəssisələrinin işçiləri üçün diaqnostika imtahanı keçirilib. Bildirilib ki, prosesin test imtahanı mərhələsi respublikanın müxtəlif şəhər və rayonları üzrə 28 imtahan mərkəzində təşkil olunub. Test imtahanı mərhələsində iştirakçılar 4 istiqamət üzrə hazırlanmış 60 suala cavab veriblər. 120 dəqiqə ərzində məzmun və metodika, təhlükəsizlik, pedaqoji etika və əməkdaşlıq, özünüinkişaf mövzularını əhatə edən sualları cavablandırılıb. Hər düzgün sual 1 (bir) balla qiymətləndirilib. Səhv cavablar və ya sualın cavabsız qoyulması 0 (sıfır) bala bərabər tutulur və düzgün cavablara təsir göstərməyib. Ümumilikdə diaqnostik qiymətləndirilmədə 90% davamiyyət qeydə alınıb. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib ki, məktəbəqədər təhsil müəssisələrində çalışan pedaqoji heyət üçün 19-20 oktyabr tarixlərində həyata keçirilən diaqnostik qiymətləndirmənin əsas məqsədi sertifikatlaşdırmaya hazırlıq və tərbiyəçi-müəllimlərin təlim ehtiyaclarını, eləcə də peşəkarlıq səviyyəsini və peşə yararlılığını müəyyən etməkdir. Diaqnostik qiymətləndirilməyə hazırlıq məqsədilə simulyasiya təşkil edilib. Könüllülük prinsipi əsasında həyata keçirilən diaqnostik qiymətləndirilmənin nəticəsindən və prosesdə iştirakdan asılı olmayaraq heç bir inzibati tədbir həyata keçirilməyəcək. 2026-cı ilin sonunadək 17 min nəfər heyətin sertifikasiyaya cəlb edilməsi nəzərdə tutulub.
Qeyd edək ki, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Rasif Dünyamalıyev imtahan ərəfəsi ilginc açıqlamalar vermişdi. O bildirmişdi ki, ötən il uşaq bağçalarında bütün işçi heyətin sənədləri yoxlanılan zaman məlum oldu ki, 6 min nəfərə yaxın müəllim bağçada işləməyinə baxmayaraq, məktəbəqədər təhsil üzrə oxumayıb. 800 nəfərə yaxın tərbiyəçinin isə bağçada işləmək icazəsinin olmadığı ortaya çıxıb. “Onlar elə bilir ki, uşağı yedizdirdin, yatızdırdın, nəzarət etdin - bunlar məktəbəqədər təhsil oldu. Ona görə də diaqnostika vacibdir, hətta gecikmiş addımdır. Bağçalar 3 ildir Elm və Təhsil Nazirliyinin tabeliyinə verilib, bu addım daha əvvəldən atılmalı idi”. Amma indi belə görünür ki, bu vəziyyət hələ 2026-cı ilədək davam edəcək.
Kamran Əsədov
Mövzu ilə bağlı təhsil eksperti Kamran Əsədov “Yeni Müsavat”a danışıb. Ekspert qeyd edib ki, məktəbəqədər təhsil müəssisələrinin işçiləri üçün ilk dəfə keçirilən diaqnostik imtahan Azərbaycanın təhsil sistemində mühüm addımlardan biridir: “Proses məktəbəqədər təhsilin keyfiyyətini artırmaq məqsədi daşıyan bir islahatın əsas elementi kimi qiymətləndirilir. Məzmunca imtahan metodika, təhlükəsizlik, pedaqoji etika, əməkdaşlıq və özünüinkişaf kimi vacib sahələri əhatə edir. Məktəbəqədər təhsil müəssisələrinin əməkdaşlarının son günlər öz üzərində çalışması, peşəkar bacarıqlarının artırılması üçün təlimlərə başlaması bu prosesin nə qədər gecikmiş olduğunu və bağça işçilərinin peşəkarlıq səviyyəsində ciddi çatışmazlıqların olduğunu göstərir.
Bu cür diaqnostik qiymətləndirmənin tətbiqi ilk növbədə mövcud problemləri üzə çıxarır. Dünyamalıyevin açıqlamaları göstərir ki, bu günə qədər məktəbəqədər təhsildə çalışan minlərlə şəxs ya bu sahədə təhsil almayıb, ya da lazımi lisenziyaya malik olmayıb. Bu, Azərbaycanın təhsil sistemində böyük bir boşluğun olduğunu və uzun illər ərzində keyfiyyətli məktəbəqədər təhsilin təmin edilməməsini üzə çıxarır. İmtahanın keçirilməsi bu məsələlərin aradan qaldırılması üçün mühüm addımdır, lakin vəziyyətin tam həllinə nail olmaq üçün əlavə addımların atılması zəruridir. Qeyd etmək lazımdır ki, belə bir qiymətləndirmə tədbirinin gecikməsi təhsil keyfiyyətinin aşağı səviyyədə olmasına, uşaqların düzgün şəkildə təlim-tərbiyə almamasına gətirib çıxara bilər".
Ekspertin fikrincə, diaqnostik qiymətləndirmələrin tətbiqi zamanı bəzi mənfi tərəflər də ortaya çıxa bilər: “Məsələn, bəzi işçilər üçün bu imtahanlar təzyiq və stress yarada bilər ki, bu da onların işə yanaşmasına mənfi təsir edə bilər. Bununla yanaşı, məntiqsiz olaraq işini itirməkdən qorxan peşəkar işçilər arasında narazılıq və etirazlar baş qaldıra bilər. Dünya təcrübəsi göstərir ki, diaqnostik qiymətləndirmələr yalnız hazırlıqlı və peşəkar işçilərə faydalıdır. Bu kimi tədbirlər kifayət qədər təlim və dəstək olmadan tətbiq edildikdə, aşağı nəticələr verə bilər. Diaqnostik qiymətləndirmənin müsbət tərəfi isə uzunmüddətli perspektivdə məktəbəqədər təhsilin keyfiyyətini artırmaqdır. İlk növbədə, işçilərin peşəkarlığını ölçməklə, təlim və tədris proseslərində hansı çatışmazlıqların olduğunu müəyyən etmək mümkündür. Bu, gələcəkdə işçilər üçün xüsusi təlim proqramlarının təşkilinə və peşəkarlıq səviyyəsinin yüksəldilməsinə imkan yaradır. Əlavə olaraq, belə bir imtahanın keçirilməsi təhsil işçilərinin cavabdehlik hissini artırır. Onlar öz bilik və bacarıqlarının mütəmadi olaraq yoxlanılacağını bildikləri üçün özlərini daim inkişaf etdirmək zərurətində olurlar. Dünya təcrübəsində də belə diaqnostik qiymətləndirmələrin müsbət nəticələr verdiyi hallara rast gəlinir. Məsələn, Finlandiya və İsveç kimi ölkələrdə məktəbəqədər təhsil işçiləri üçün müntəzəm peşəkar inkişaf proqramları və qiymətləndirmələr mövcuddur. Bu ölkələrdə müəllimlərin peşəkar səviyyəsi daim nəzarət altındadır və nəticədə yüksək səviyyəli məktəbəqədər təhsil təmin edilir. Bənzər yanaşmalar ABŞ və Avstraliyada da həyata keçirilir, burada da təhsil işçilərinin lisenziyalaşdırılması və qiymətləndirilməsi sistemi mövcuddur. Bununla belə, bu ölkələrdə qiymətləndirmələrin müsbət nəticə verməsi üçün hər zaman peşəkar inkişaf dəstək proqramları ilə tamamlanır.
Azərbaycanda keçirilən ilk diaqnostik qiymətləndirmə tədbiri təhsil sisteminin inkişafı üçün vacib bir addımdır, lakin bu prosesin davamlı və effektiv olması üçün əlavə tədbirlərin görülməsi lazımdır. İlk növbədə, məktəbəqədər təhsil işçiləri üçün daimi peşəkar inkişaf proqramları təşkil olunmalıdır. Bundan əlavə, təhsil işçiləri üçün təlim və tədris resurslarına daha geniş çıxış təmin edilməlidir ki, onlar öz bilik və bacarıqlarını artırmaq üçün imkanlara malik olsunlar.
Bu qiymətləndirmə həmçinin məktəbəqədər təhsilin ümumi səviyyəsini artırmaq üçün cəmiyyətə və valideynlərə də məsuliyyət verir. Valideynlər də təhsil işçilərindən yüksək keyfiyyət tələb etməlidir. Bu baxımdan, diaqnostik qiymətləndirmə təhsildə keyfiyyətin yüksəldilməsi üçün vacib bir alət ola bilər".
Kamran Əsədov deyir ki, diaqnostik qiymətləndirmənin müsbət və mənfi tərəfləri var, lakin uzunmüddətli perspektivdə təhsilin keyfiyyətini yüksəltmək üçün bu cür tədbirlər mühüm rol oynayacaq və dünya təcrübəsindən öyrənərək, Azərbaycanda da məktəbəqədər təhsilin daha yüksək səviyyəyə çatdırılması mümkündür.
Xalidə GƏRAY,
“Yeni Müsavat”